Arzuman Abdulkərimov: “Qazandığımız zəfərlər Qazaxın o 7 kəndinə də çatacaq...”

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlardan başqa, Qarabağdan yüz kilometrlərlə uzaqda yerləşən Qazax rayonunun 7 kəndini də 30 ildir işğal edib, bu kəndlər hələ də işğalda saxlanır. Əslən Qazax rayonundan olan politoloq Arzuman Abdulkərimov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu Qarabağın ardınca bu kəndləri də yəqin ki, azad edəcək. A.Abdulkərimov Qazağın kəndlərinin 1990-cı ilin əvvəllərindən işğal olunmağa başladığını xatırlatdı: “Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.

 

Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutur, evləri yandırır, mal-qaranı tələf edir və ya oğurlayırdılar. Ermənilərin ilk işğal etdiyi kənd sərhəddəki Bağanis Ayrım oldu.

 

Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Sadəcə, onu qeyd edək ki, faciə zamanı ermənilər bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıblar. Bu kəndin əhalisinin çox az qismi sağ qalmışdı.

 

1992-ci il martın 8-də isə Qazağın Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. İşğal olunan 7 kəndin 7 mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. Onlar hələ də məcburi köçkün həyatı yaşayırlar".

 

A.Abdulkərimov qeyd etdi ki, Qazağın Bağanis Ayrım və digər 6 kəndinin işğalı, bu kəndlərin əhalisinin Ermənistan tərəfindən soyqırıma məruz qaldığı barədə dəfələrlə beynəlxalq konfranslarda məsələ qaldırıb, yazılar yazıb: “Qazax nə Qarabağ bölgəsidir, nə də orada ermənilər yaşamırdı və yaşamır. Buna baxmayaraq, Ermənistan Qazağın da kəndlərini işğal etdi. Bu da açıq-aşkar Azərbaycanın sərhədinin pozularaq ərazisinin işğalıdır. Ona görə də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun tam hüququ var ki, sərhədimizin Qazax ərazisində Ermənistan tərəfindən pozulan hissəsini də kəndlərimizi azad edərək bərpa eləsin. Mən inanıram ki, ard-arda qazandığımız zəfərlər Qazağın o 7 kəndinə də çatacaq və kəndlərimiz azad olunacaq. Ordumuzun gücünü bilirəm. Qazağın işğaldakı 7 kəndini çox rahat şəkildə, uzağı bir neçə günə azad etmək mümkündür. Ermənilər 30 ilə yaxındır işğal etdikləri həmin kəndlərimizdən digər kəndlərimizi vaxtaşırı atəşə tuturlar”.

Tarix: 21 Oktyabr 2020, 18:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin