Generaldan Laçın dəhlizi ilə bağlı açıqlama: “Artilleriya və reaktiv yaylım sistemləri vasitəsilə həmin ərazilər çoxdan nəzarətə götürülüb”

"Biz hamımız Zəngilan istiqamətində hücumların davam etdirilməsini gözləyirdik. Hərbi cəhətdən götürsək, əsas zərbə yenə ora endirildi. Bir çox yaşayış məntəqələri işğaldan azad olundu. Yayındırıcı zərbələr Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin azad edilməsi istiqamətinə yönəldi. Çünki ermənilər bunu da gözləmirdilər. Orada da bir neçə yaşayış məntəqələri azad olundu".

 

Pravda.az xəbər verir ki, bu sözləri hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

 

General-leytenant əlavə edib ki, Zəngilan istiqamətində hücumun davam etdirilməsi, sözsüz, Azərbaycanın cənub istiqamətində olan dövlət sərhədinin tam Azərbaycan ordusunun nəzarətinə keçməsidir: "Hərbçilər bilir ki, nəyin bahasına olursa-olsun Mincivana çıxılmalı idi. Mincivandan o tərəfə bir qədər məsafə qalıb. Ermənistanla İran sərhədinin birləşən yeri var - Naxçıvana gedən yol. Sonra orada 46 kilometr dəhliz qalır.

 

Sözsüz ki, Zəngilanın digər yaşayış məntəqələri də işğaldan azad olunacaq. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində də fəaliyyətlər davam edəcək. Bu istiqamətlərdə heç də önəmi az olmayan strateji məqsədlər var.

 

Bizə lazımdır ki, ermənilərin Laçın dəhlizini kəsək. Piyadalarla kəsək. Təbii ki, artilleriya və reaktiv yaylım sistemləri vasitəsilə həmin ərazilər çoxdan nəzarətə götürülüb. İndi piyadalar ora gəlib çıxmalıdır. Bir neçə istiqamətdə harada zərbələr endiriləcək, hara hücumlar təşkil ediləcək, buna ali və siyasi rəhbərlik qərar verəcək".Baku.ws

Tarix: 22 Oktyabr 2020, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin