Vaqif Əsədov: “Xankəndidə, Şuşada, Xocalıda inspektor vəzifəsində belə xidmət etmək üçün müraciət edəcəyəm”

İşğalçı Ermənistan ordusu ilə qanlı müharibənin 26-cı günüdür. Cəbhədə şiddətli döyüşlər gedir. “Bizim əsgər” rubrikasına davam edirik. Rubrikamız könüllü olaraq orduya yazılan vətən övladları, hazırda döyüş bölgəsində vuruşan əsgərlərimiz, şəhidlərimiz və onların yaxınları barəsindədir. Budəfəki qonağımız Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovdur. O, hazırda cəbhədə olan yeganə oğlu Pərvin Əsədov haqqında suallarımızı cavablandıracaq.

 

- Vaqif müəllim, öncə oğlunuzun cəbhəyə yollanmasından danışaq...

 

- 29 sentyabrda böyük qızım Nərminin həyat yoldaşı Musa mənə zəng edib dedi ki, Pərvin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsindədir,  könüllü olaraq cəbhəyə yollanır. Bu barədə təkcə Musa bilirdi və Pərvin ailədən heç kimə bir kəlmə deməmişdi. Mən də dərhal ora gedim. Böyük izdiham vardı. Xeyli sayda insan öz övladını cəbhəyə yola salmaq üçün şöbənin qarşısına yığışmışdı. Şöbə rəisinə yaxınlaşdım və məni qəbul etdi. Bildirdi ki, oğlum Pərvin könüllü olaraq qeydiyyatdan keçib, özü bunu istəyir və hal-hazırda cəbhəyə yollanmaq üçün lazım olan bütün standartlara cavab verir. Getməyinə yarım saat qalmış oğlumla görüşdüm və ətrafdakı insanlar da məni tanıdılar.

 

Təbii ki, valideyn olaraq belə vəziyyətdə şax durmalısan. Oğlumun üzündə sevinc və məğrurluq vardı. Onu qucaqlayanda söylədim ki, madam ki, bunu özün istəmisən, “Ya Qarabağ ya ölüm!” deyirsən, onda ya şəhid olarsan ya da bayrağımızı Qarabağa sancıb qayıdarsan. Ətrafdakı insanlar da təbii ki, bunu eşitdilər. Düzü, həmin vaxt istəmədim ki, mətbuatda oğlumun müharibəyə getməsi barədə yazı dərc olunsun.

 

İndi mən bu gün ölkəmizin ən xoşbəxt vətəndaşıyam. Çünki əsgər atasıyam!

 

Böyük qızım qardaşının cəbhəyə yollandığını eşidəndə göz yaşlarını heç cür saxlaya bilmədi. Onun göz yaşlarını dayandırmaq üçün qızıma möhkəm və pozitiv olmağın vacibliyini izah edib sakitləşdirdim. İkimiz də razılaşdıq ki, hər şey vətən üçün, hər şey cəbhə üçün...

 

- Neçə övladınız var?

 

- Üç qız və bir oğul atasıyam. Pərvin mənim yeganə oğul övladımdır.

 

 

- İctimaiyyət oğlunuzun könüllü olaraq cəbhəyə yollanmasıyla bağlı nə vaxt xəbər tutdu?

 

- Elə həmin gün xəbər tutdu, çünki mən oğlumla vidalaşanda ətrafdakı insanlar onu cəbhəyə yola saldığımı anladılar. Mənə yaxınlaşanlar da oldu, hətta şəkil də çəkdirmək də istədilər. Avtobuslar yola düşəndən sonra mən də öz maşınıma oturub düz Lökbatana kimi oğlumun arxasınca sürdüm. Sonra isə kövrək hisslərimə nöqtə qoyub geri qayıtdım. İş otağıma gələn kimi artıq zənglər başladı və hamı oğlumun cəbhəyə getməsiylə maraqlanırdı.

 

Bəzi dırnaqarası jurnalistlər də yazmışdılar ki, məmur övladları döyüşən deyil. Gedibsə də, yarı yoldan geri qayıdacaq. Ar olsun onlara ki, belə çətin vəziyyətdə, bu milli məsələdə də qara piara üz tuturlar. Mən oğlumu kişi kimi böyütmüşəm. O ürək, o vicdan ki onda var, mən onunla fəxr edirəm. Çünki Vətən məsələsində düşünmədən və məsləhət etmədən döyüşlərə yollandı.

 

Bir daha vurğulayım ki, bu xəbərin yayılmasını heç istəməzdim. Çünkü Qarabağ savaşı milli məsələdir. Vətən müharibəsidir  və bu məsələ ilə gündəmə gəlmək mənə görə yaxşı hal deyil. Sizin rubrikanız isə sırf vətənpərvərliklə bağlı olduğu üçün təklifinizi qəbul etdim. Düşündüm ki, belə milli mövzudan imtina etmək xəta olar. Bu faktdır ki, mənim övladım indi cəbhədədir.

 

- “Bizim əsgər” Pərvin Əsədov haqqında daha geniş məlumat vermənizi istərdik...

 

- Mən oğlumla çox yaxın dost olmuşam və sizə onun atası kimi yox, dostu kimi  danışacağam.

Əsədov Pərvin Vaqif oğlu. 29 yaşı var. Subaydır. İstəklisi var. Evlənməyə hazırlaşırdı, lakin... 2020-ci ilin əvvəlindən məlum hadisələr – pandemiya başladı... Ali təhsillidir.

Sizə bildirim ki, Pərvin heç zaman ailəyə yük olan övlad olmayıb. O ərköyün böyüməyib. Həmişə öz ayaqları üzərində durmağa çalışıb. Kifayət qədər mərhəmətli bir insandır. İşləyirdi və aldığı maaş da mənim maaşımdan  çox idi. Mən ona kiçik yaşlarından zəhmətin nə olduğunu öyrətmişdim ki, gələcəkdə heç kimdən asılı olmasın. Maaşını da, işini də torpaqlarımızın azadlığına dəyişdi. Məncə, bu onun Vətən qarşısında borcudur. İşlədiyi idarə də, rəhbərlik də sağ olsun ki, onunla tez-tez maraqlanırlar. Sənəd üzrə mənim oğlum olsa da, o bu dövlətin vətəndaşı və bu millətin övladıdır. Belə də olmalı idi.

 

Pərvin ingilis, rus və alman dillərini orta səviyyədə bilir. Yadımdadır,  bir dəfə mənə demişdi ki, xaricə getmək, orada təhsil almaq və karyera qurmaq istəyir. Mən isə ona bildirdim ki, əgər sən xarici ölkəyə gedib orada yaşasan -  ailəni, evini və Vətənini kimə etibar edəcəksən? Bu söhbətdən sonra o, fikirini dəyişib Vətəndə qaldı. Mən çox sevinirəm ki, Pərvinin sərbəst qərar qəbul etmək bacarığı var. O, heç kimin diktəsi altında qərar qəbul etmir. Hər şeyə öz yanaşması var.

 

- Vaqif müəllim, siz əslən haralısınız?

 

- Mən Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Orada təhsil almışam və orada böyümüşəm. Bir sözlə, harada olsam Azərbaycan vətəndaşıyam. Bu gün isə Qarabağlıyam. Bununla da fəxr edirəm.  Vaxtilə - 1982-ci illərdən Qarabağ regionunda çox olmuşam. Demək olar ki, Qarabağımızın bütün bölgələrinin incəliyinə bələdəm. İnşallah, Qarabağımız işğaldan geri alınsın, Xankəndində, Şuşada, Xocalıda hətta inspektor vəzifəsində belə xidmət etmək üçün Daxili İşlər Nazirliyimizə raportla müraciət edəcəyəm.

 

Hələlik isə müharibə şəraitindəyik. Hesab edirəm ki, ölkəmizdə hərə bir əsgərdir. Ön cəbhə, orta cəbhə və arxa cəbhə var. Hər şey Vətən üçün, hər şey cəhbə üçün. Ön cəbhədəkilər təbii ki, canları və qanları ilə Vətəni qoruyurlar. Orta cəbhədə isə xüsusi birlik və ruh yüksəkliyi var.  Hərə öz tikəsini belə kəsib cəbhəyə göndərir. Arxa cəbhədə isə bizlərik. Siz jurnalist olaraq öz vətənpərvər hisslərinizi ortaya qoyub əsgərlərimizlə bağlı yazılar yazırsınız və biz də funksional vəzifəmizi yerinə yetiririk. Həmçinin, Azərbaycan polisi daxili sabitliyi qoruyur və müharibə şəraitində, hərbi vəziyyətdə gecə-gündüz bilmədən çalışır.

 

- Oğlunuz Pərvinin uşaqlıqdan hərbiyə, oyuncaq silahlara həvəsi olubmu?

 

- Əlbəttə ki olub. Pərvin çox enerjili bir uşaq idi. Bir az dəcəl və dostluğa sədaqətli oğlan olub. Bilirəm ki, o, bu gün cəbhə dostlarını, döyüş yoldaşlarını darda qoymayacaq. Bu gün mənim nəvələrim, yəni qızımın övladları var. Onlar da bu günlərdə hərbi forma geyinirlər. Hərbi oyuncaqlarla oynayırlar.

 

Nəvəm Mürsəlov Əli Musa oğlu söyləyir ki, “Qarabağ Azərbaycandır!” və sonra isə bayrağı öpür. O videonu da sizə təqdim edəcəyəm. Həmçinin, Vətənlə bağlı çoxlu şeirlər öyrənir. Hərbi marşları əzbər oxuyur. Mən indi nəvəmə baxanda oğlum Pərvinin uşaqlığı yadıma düşür.

 

Vətənpərvərlik bir günün işi deyil, təbii ki, bu, uşaqlıqdan yaranmalıdır. Arzum budur ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra nəvəm balaca Əli hərbi xidmətini gələcəkdə məhz Qarabağ torpağında keçsin. Uşaqlarımızın, gənclərimizin belə vətənpərvər böyüməsi üçün valideynlərə, Vətəninə sədaqətlə xidmət edən müəllimlərimizə və uzun illərdir ölkəmizə ləyaqətlə, uğurla rəhbərlik edən Ali Baş Komandanımız İlham Əliyev cənablarına təşəkkür edirəm.

 

- Bəs oğlunuz ilk hərbi xidmətini hansı bölgəmizdə keçib?

 

- İlkin hərbi xidmətini də məhz Ağdamda, ön cəbhədə keçib. Artilleriyada xidmət edib. Doğrusu, mən istəmədim ki, hər hansı bir imkanlarımdan istifadə edib onun cəbhə bölgəsində hərbi xidmətinə mane olum. İstədim ki, ölümün qaşla göz arasında, bir anın içində baş verdiyini anlasın. İnanın ki, çox xoşbəxtəm. Əgər mən onu əzizləyib isti ocaq ətrafında olmasını təmin etsəydim, o, səngərin soyuğunu, şaxtasını, düşmənin kim olduğunu duymasaydı, bu gün könüllü ön cəbhəyə yollandığı barədə danışa  bilməzdik. Pərvin hətta ali təhsilini donduraraq, hərbi xidmətə getmişdi.

 

- Bəs səbəb nə idi ki, oğlunuz ali təhsilini dondurub hərbi-xidmətə yollanmışdı?

 

- Pərvin o qərarını da müstəqil olaraq verdi və mən də anlayışla yanaşdım. O mənə söylədi ki, özündən yaşca kiçik olanlarla xidmətdə olmasını qəbul etmir, ona görə də öz yaşıdları ilə birgə xidmət etmək, xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vurmaq istəyir. Belə də oldu. Hərbi xidmətini bitirdikdən sonra geri döndü və ali təhsilini tamamladı.

 

- Cəbhədə olan bir əsgərin atası kimi indi hansı hissləri keçirirsiniz?

 

- Düzünü deyim ki, bəzən kövrəlirəm. Baxmayaraq ki, mən hərbi rütbəli şəxsəm, amma bununla yanaşı, həm də insanam. Ürəyim daşdan deyil. Azərbaycan Respublikasının vətəndaşıyam. Oğluma da Vətəninə və ailəsinə sahib çıxmaq üçün dəstək oldum və istiqamət verdim. Mən özüm də əgər ehtiyac olarsa, cəbhəyə yollanmağa hazıram. Cəbhədə olan təkcə mənim oğlum deyil. Ətrafımdakı qohum və dostların da övladları hazırda cəbhədədirlər. Ad çəkmirəm, yaxın ətrafımdan artıq iki şəhidimiz də var, yaralılarımız da... Əsas odur ki, Vətən sağ olsun. Torpaqlarımız işğaldan azad olunsun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

- Rubrikamızın ənənəsindən biri də odur ki, sonda qonağımız hərbçilərimizə "Əsgər salamı” ünvanlayır. Buyurun, oğlunuza və digər əsgərlərimizə öz “Əsgər salamı”nızı göndərin.

 

- Öncə Ali Baş Komandanımıza öz salamımı göndərirəm ki, şərəflə, qələbə ilə yeni bir tarix yazır. Ləyaqətlə bu gün tabeliyində olan əsgərlərimizə rəhbərlik edir. Allah onu və onun siyasəti və rəbhbərliyi altında addım-addım qələbəyə doğru gedən bütün əsgərlərimizi qorusun.

 

Bütün əsgərlərimizi salamlayıram və övladımı da, onların içində. Təbii ki, hər birinə sağ-salamat evlərinə, ailələrinin yanına qayıtmağı arzu edirəm. Mən ümid edirəm ki, qısa bir zamanda torpaqlarımız işğaldan azad olunacaq. Üçrəngli bayrağımız müqəddəs Qarabağ torpağında qürurla dalğalanacaq.

 

Həmçinin, belə bir vətənpərvər rubrika üçün sizə və saytınıza təşəkkür edirəm. Bu çox gözəl bir missiyadır ki, canları və qanları ilə torpaqlarımızı azad edən igid oğullarımız və onların qəhrəmanlıqları haqqında müsahibələr edirsiniz.Modern.az

Tarix: 22 Oktyabr 2020, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin