“Ruslar Ermənistanı qulpsuz çemodana bənzədirlər” – Tofiq Zülfüqarov

“Rusiya rəhbərliyi fikirləşir ki,  dostluğa tez-tez xəyanət Ermənistanla əməkdaşlıq daha mənfi nəticələrə gətirib çıxara bilər. Xülasə, hesab edirəm ki, ABŞ kimi Rusiyanın da Qarabağın azad olunması üçün Azərbaycan ordusunun apardığı hərbi əməliuyyatlara münasibəti dəyişməyəcək...”

 

Bu fikri “Azərbaycanın Qarabağın azadlığı üçün keçirdiyi uğurlu əməliyyatlara, sadəcə,  müşahidəçi qismində baxan Rusiya lideri  Vladimir Putin artıq iki ildən çoxdur Kremlin maraqlarına zidd siyasət aparmağa çalışan Ermənistan baş naziri Nikol Paşinyanın məğlub, miskin durumundan belə desək, ləzzət alır, yəqin ki?” sualına cavab verərkən söyləyib.

 

“Sadə baxışla baxsaq, bəli, demək olar ki, Paşinyan Putinə, loru dildə desək,  sataşmışdı, indi də Rusiya lideri  onun məğlub duruma düşməsinə şərait yaradır və buna sevinir.  Tarixən Rusiya Ermənistanı dəstəkləsə də, artıq getdikcə bu ölkə Kreml üçün strateji əhəmiyyətini itirir və bəlkə də artıq heç bir əhəmiyyət kəsb etmir.  Bu gün “Ermənistanda Rusiyanın hərbi bazası-filanı var” kimi düşüncələr  XIX əsrə, uzağı XX əsrin əvvəllərinə xarakterik olan fikirlərdir. Çünki müasir silahlar o dərəcə də inkişaf edib ki, Moskva üçün Ermənistanda hərbi bazanın olub-olmaması o qədər də vacib deyil.  Məsələn, Rusiya ordusu Suriyada “İŞİD” bazalarını raket atəşinə tutanda Xəzər dənizindəki gəmilərdən istifadə edirdi.  Bir sözlə, Ermənistan Krem üçün artıq yükdür. Yəni dəfələrlə  biz eşitmişik ki, ruslar Ermənistanı qulpsuz çemodana bənzədirlər. Odur ki, Azərbaycanın  müzəffər savaşı da  Moskvaya özünü bu lazımsız yükdən azad etmək üçün bəhanə olub. Digər tərəfdən, Rusiya rəhbərliyi fikirləşir ki,  dostluğa tez-tez xəyanət Ermənistanla əməkdaşlıq daha mənfi nəticələrə gətirib çıxara bilər. Xülasə, hesab edirəm ki, ABŞ kimi Rusiyanın da Qarabağın azad olunması üçün Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlara münasibəti dəyişməyəcək...

 

 “Təhlillərinizdən belə nəticəyə gəlmək olarmı ki, artıq Azərbaycan ordusunun  Şuşanın, Laçının, Kəlbəcərin azadlığına getdiyi bu zəfər yolunda qarşımızda ciddi siyasi bir təhdid yoxdur?” sualını isə politoloq nikbin cavablandırıb.

 

“Bəli... Hesab edirəm ki, bu yolda bizə elə bir ciddi siyasi təhdid yoxdur. Və inşallah, üçrəngli bayrağımızın Şuşada da, Xankəndində də, Laçında da, Kəlbəcərdə də dalğalandığı günləri görəcəyik...”Moderator

Tarix: 22 Oktyabr 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin