"Paşinyan belə səxavətlidirsə, Ermənistanın daxilində oyuncaq rejim üçün ərazi ayıra bilər"

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” və “La Repubblica” qəzetlərinə, erməni katolikosu II Qareginin isə “La Repubblica” qəzetinə müsahibələrindəki sayıqlamalarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə həmin qəzetlərin redaksiyalarına məktublar göndərib.

 

Səfirin məktubu hissəli şəkildə “Corriere della Sera” qəzetində, eləcə də, Azərbaycan diplomatının aidiyyəti qəzetlərin redaksiyalarına məktubları Səfirliyin sosial şəbəkə profillərində yerləşdirildikdən sonra İtaliyanın “Politicamente Corretto” və “Agenzia Nova” kimi mətbuat orqanlarının da marağına səbəb olub və onlar tərəfindən tam şəklidə dərc olunub.

 

Azərbaycan səfiri məktublarında bildirir ki, erməni baş nazir Nikol Paşinyanın müsahibələrini oxumaq nağıllar aləminə səyahət etmək deməkdir: “Əcəba, o, doğrudan da özünü nə qədər gülünc vəziyyətə qoyduğunu anlamır? Anlamır ki, biz orta əsrlərdə yaşamırıq? Anlamır ki, dünyanın əsas mətbuat orqanları vasitəsilə müraciət etdiyi oxucular və tamaşaçılar 2018-ci ildə İrəvanın meydanına son ümid yeri kimi toplaşmış ölkədəki ağır vəziyyətdən bezən və Paşinyanın nağıllarına və sehrli çubuğuna inanaraq Sarkisyan-Köçəryan kriminal-hərbi xuntasını devirən çarəsiz və sadəlövh kütlə deyil? Anlamır ki, Azərbaycan indi 90-cı illərdəki informasiya blokadasında olan və dünyaya həqiqəti söyləyə bilməyən ölkə deyil? Əsas sual isə ondan ibarətdir ki, görəsən erməni xalqı özünün absurd fikirləri və gülünc danışıq tərzi ilə öz xalqını bütün dünyaya biabır edən bir liderə görə xəcalət çəkmir? Yəni erməni xalqı hələ də anlaya bilməyib ki, Paşinyan dünya ilə danışmaq və dünyanı erməni yalanlarına inandırmaq bacarığına malik şəxs deyil?”

 

Səfir oxucuları Paşinyanın nağıllar dünyasından həqiqətlər dünyasına dəvət edərək vurğulayır: “Ermənistanın tarixi səhvi 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları qaldırması ilə başladı ki, bu da sonradan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlılara qarşı onların tarixi torpaqlarında etnik təmizləməyə, mülki azərbaycanlılara qarşı müharibə cinayətlərinə, Xocalı soyqırımına gətirib çıxardı. Əgər Ermənistan Azərbaycana qarşı bu addımları atmasa idi biz bu gün nəinki Ermənistanda, bütün Cənubi Qafqazda sabitlik, inkişaf və əməkdaşlıq nöqteyi-nəzərdən tamamilə başqa bir mənzərənin şahidi olardıq. Ermənistanın bu siyasəti bu ölkənin bütün regional layihələrdən kənarda qalmasına, onu dünyanın ən kasıb, geridə qalmış və borclanmış ölkələrindən birinə çevrilməsinə, eləcə də istər erməni, istərsə də Azərbaycan xalqına böyük faciələr yaşatmasına gətirib çıxardı. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər və 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın reallığı qəbul etməsinə və Azərbaycana qarşı siyasətindən əl çəkməsinə təsir edə bilmədi”.

 

Diplomat qeyd edir ki, Ermənistanın bu səhvlər zəncirinin sonuncu həlqəsi isə dövlət idarəetmə sahəsində heç bir təcrübəsi olmayan Nikol Paşinyan kimi bir politikantı hakimiyyətə gətirmək oldu: “Hakimiyyətə gəlmək və hakimiyyəti qoruyub saxlamaq üçün öz xalqına yalan danışan Paşinyan indi də beynəlxalq səviyyədə yalan danışır. İndi isə bunu öz uğursuzluqları və bacarıqsızlığı səbəbindən edir. Bu günlər biz erməni tərəfindən Azərbaycana qarşı saxta iddialarla dolu kəskin hücumların şahidi oluruq: Azərbaycan tərəfində guya sirli türk əsgərlərinin, xəyali islamçı cihadçı muzdluların olması, islam terrorizminin Ermənistanı məhv etmək və onu soyqırımına məruz qoymaq niyyətləri, bu səbəbdən də Qərb ölkələrinin özünü “xristianlığı ilk qəbul etmiş dövlət” elan edən Ermənistanı müdafiə etməli olduqları kimi şizofrenik iddialar. Erməni yalanlarının həddi-hüdudu yoxdur, amma onların fantaziya qabiliyyətinə həsəd aparmaq olar! Ermənilər onları tutub Marsa aparmaq üçün döyüş meydanında marslıların da olması kimi növbəti iddialar irəli sürsələr heç təəccüblənmərəm”.

 

Diplomat qeyd edir ki, erməni tərəfinin iddialarının heç birinə sübut yoxdur, hamısı sözdən başqa bir şey deyil: “27 sentyabrdan bir neçə gün sonra üçüncü bir ölkənin dövlət başçısı erməni tərəfinin bu yalan iddialarını bəyan etdi, lakin bu iddiaların saxta olduğunu anladıqdan sonra həmin şəxs artıq bu mövzuya qayıtmır. Buna baxmayaraq, erməni tərəfi hələ də həmin şəxsə istinad etməkdə davam etməklə, əslində özünü biabır edir. Mən son günlər çoxsaylı müsahibələrimdə erməni tərəfinin iddialarını ifşa etmiş, eləcə də erməni tərəfinin xaricdən muzdlular cəlb etməsi və Ermənistan ordusunun istifadə etdiyi silahların maliyyə mənbələrinin qeyri-müəyyən olması faktları barədə danışmışam”.

 

Səfir bildirib ki, Ermənistan rəhbərliyi münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində yaşayan azərbaycanlı mülki əhalini hədəf alaraq törətdiyi müharibə cinayətlərinə görə xəcalət çəkməlidir: “Bütün bunlar onu göstərir ki, Ermənistan sülh istəmir və nəyin bahasına olursa olsun Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz suveren ərazisində vuruşan və torpaqlarımızı 30 ildir davam edən hərbi işğaldan azad etmək iqtidarında olan güclü orduya malikdir”.

 

Fikirlərinə davam edən diplomat qeyd edir ki, oyuncaq qanunsuz rejim olan “Dağlıq Qarabağ respublikası” və ya “Artsax respublikası”nın tanınması üçün dünyaya çarəsiz şəkildə yalvaran Paşinyana sual vermək lazımdır ki, nəyə görə Ermənistanın bu rejimi tanımağa cəsarəti çatmır: “Bu qeyri-qanuni rejim Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləməni malalamaq üçün yaratdığı kreaturadan başqa bir şey deyil. Bölgədə sülh yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması və azərbaycanlıların öz torpaqlarına qayıtması halında təmin oluna bilər. Əgər Paşinyan son həftələrdə baş verənlərin fonunda bunu anlamırsa erməni xalqına belə bir şəxsi özünə lider seçdiyinə görə təəssüf edilməlidir. Öz vətəndaşlarını başqa bir ölkənin ərazisinə bilərəkdən ölümə göndərən lider həmin xalqa rəhbərlik etməyə layiq deyil”.

 

Diplomat qeyd edir ki, Dağlıq Qarabağda yaşamaq nəinki ermənilərin, eləcə də oradan qovulmuş və 30 ildir ki oraya qayıda bilməyən azərbaycanlıların da haqqıdır: “Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduğunu, bizim onlarla həmişə olduğu kimi yenə də birgə yaşamağa hazır olduğumuzu, hazırda Azərbaycanda Dağlıq Qarabağdan kənarda 30 min erməninin yaşadığını, eləcə də ölkəmizdə çoxsaylı sinaqoqlar, katolik, pravoslav, protestant kilsələrlə yanaşı, Bakının tam mərkəzində erməni kilsəsinin də olduğunu bildirib. Paşinyan razı deyilsə və belə səxavətlidirsə, ağır iqtisadi və sosial vəziyyətə görə əhalisinin yarısı ölkəni tərk etmiş və boş qalmış Ermənistanın öz daxilində oyuncaq rejim üçün ərazi ayıra bilər. Paşinyan əgər bu utancverici məğlubiyyətdən sonra hakimiyyətdə qala biləcəksə, Ermənistanın daxilində ikinci erməni dövlətini yaratmaq üçün kifayət qədər ərazi tapa biləcək”.

 

Azərbaycanın Ermənistanı sülhə məcbur etmək və öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarını Ermənistanın dünyaya soyqırımı kimi satmaq istədiyini deyən diplomat vurğulayıb: “Ermənistanın Azərbaycanın suveren ərazilərini 30 il ərzində hərbi cəhətdən işğal etməsini və orada yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsini və buna dünya ictimaiyyətinin susqunluğunu necə adlandırmaq olar? Əgər erməni tərəfinin bu yalan ismarıclarına inanacaqlarsa, bu, ikili standartların növbəti təzahürü olacaq”.

 

“Paşinyanın sözlərinə II Qareginin də qoşulması təəssüfedicidir. Tanrının adından danışan dini lider həqiqəti deməli, Azərbaycana qarşı dezinformasiya yayaraq münaqişəni qızışdırmamalıdır”-, deyə diplomat fikirlərini yekunlaşdırıb.

Tarix: 22 Oktyabr 2020, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin