BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tamaşaçını aldatmaq çox çətindir” – Esmira Çərkəzqızı

Bir zamanlar AzTV-nin efirində məlahətli səsi, aydın nitqi, qüsursuz tələffüzü və peşəkarlığı ilə çoxlarını özünə sevdirə bilmişdi. AzTV-nin "Səhər" proqramına məhz ona görə baxılır, "Xəbərlər"i məhz onun dilindən eşitmək istənilirdi.  Söhbət Azərbaycan efirində özünəməxsus iz buraxmış teleaparıcı Esmira Çərkəzqızından gedir. Esmira Çərkəzqızı müsahibəsində  televiziya sahəsindəki boşluqlardan, bu sahədə ölkələr arasındakı rəqabətdən və aparıcıların nöqsanlardan danışıb.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Siz uzun müddət ölkənin əsas kanalının – AzTV-nin simalarından biri olmusunuz. İllərlə çəkdiyiniz zəhmət, qazandığınız tamaşaçı sevgisi sizi bu sahədə  professional edib. Esmira xanım tamaşaçının rəğbətini qazanmaq üçün televiziya aparıcısı necə olmalı, hansı xüsusiyyətlərə sahib olmalıdır?

 

- Etibarlı, səmimi, nəzakətli, təmkinli  və ustalıqla bir obraza sahib olmalıdır. İddiasız ve həç bir şəkildə qütbləşməyən, balanslı biri müasir televiziyanın siması olmağa namized olmalıdır. Həqiqətin yanında olmaq da öz yerində. Bilirsiniz, indiki  tamaşaçını aldatmaq çox çətindir. Efir ünsiyyətini hamı yarada bilər, amma heç də hər kəs  tamaşaçının rəğbətini  ve sevgisini qazana bilməz. Bunun üçün hər şey mütənasib olmalıdır. Efirdə tənəzzül o zaman başlayır ki, aparıcılar tamaşaçını görmür, düşünmür, yalnız özünü görürlər. Oysa önəmli olan mikrafondan o üzdəkini görməkdir.

 

 

- Xüsusi ilə də indiki zamanda  haqq davamızı, Vətən müharibəmizi hansı nöqsanlara yol vermədən xalqa çatdırmalıdırlar?

 

- İndi həqiqətən də çox həssas dönəmdəyik. Ölkə ərazisində müharibə gedir və bu gün ekran qarşısında dünənkindən daha çox tamaşaçı var və  hər biri də çox həssas, həssas olduğu qədər də çox gərgin. Onlara auditoriyayla oynayan aparıcı lazım deyil.  Əslində xəbər aparıcısı çox təmkinli, hisslərini cilovlamağı bacaran bir tipə sahib olmalıdır, amma bugünkü Azərbaycan gerçəkliyində xəbəri, xüsusilə də cəbhə xəbərlərini həyəcanla ve gözüyaşlı təqdim etmek qebul edilir. Hatta təbiilik effekti yaradır. Biz aparıcılar illərdir zəfər xəbərlərini çatdırmağa o qədər teşnəydik ki...İndi bu xəbərləri heyəcanla, göz yaşları içində söyləyənlərə tam səmimi deyirəm qibtə etməmək olmur.

Dediyim kimi əslində aparıcılar, xüsusilə də xəbər aparıcıları emosiyalardan uzaq və tam tərəfsiz olmalıdır. Danılmaz gerçəkdir ki, çağdaş dövrdə ana xəbər hər bir media qurumunun onurğa sütunu və gəlir mənbeyidir. Bu, kanal siyasətinin arxa pərdəsidir, bunu tamaşaçı bilməz. Amma dinləyici üçün önəmli aldığı  xəbərlərin sağlam, onu təqdim edənin isə tamaşaçı etibarını, sevgisini və səmimiyyətini qazanan biri olmasıdır ki, sonrakı primetime da daha çox tamaşaçı toplasın və bu, o kanal və ya medya qurumu üçün çox önəmlidir. Söhbət həm də rəqabətdən gedir.

 

- Bu sahədə Türkiyə və Azərbaycan arasındakı fərqi siz necə dəyərləndirirsiz?

 

- Bu gün televiziya leksikonuna daxil olan yeni bir termin var: anchorman, əsas xəbər aparıcısına  deyirlər. Ona tamaşaçı tələbatı olduğu kimi, kanal rəhbərliyinin də tələbləri çoxdur. Anchorman ən azı bir və ya bir nəçə  xarici dildə mükəmməl danışmağı bilməli, auditoriyaya xitab etməyi bacarmalı, hiss ve emosiyalarını cilovlamalı və bir az öncə də söylədiyim kimi səmimi, etibarlı ve həqiqətin yanında olmağı bacarmalıdır. Onlar ekrana çox uzun bir təcrübədən keçərək gəlirlər. Sadə dildə desək, bu sektor dost-tanış anlayışını qəbul etmir. Norma budur. Məsələn, Türkiyənin "Showxəbər" aparıcısı Ece Ünerin atası Dinc Üner bir zamanlar "CNN Türk"-də genəl müdir olduğu zaman bu kanalda staj keçən, üstün nitq qabiliyyəti,düzgün diksiyaya sahib olmasına, Fransada təhsil almasına baxmayaraq Ece Üner uzun iller efirə çıxa bilməyib. Çünki Türkiyədə kanallar üçün aparıcı o kanalın siması, üzü olduğu üçün bu məsələdə seçimə çox, həm də çox önəm verirlər. Bunun da özünə görə əsaslı səbəbləri var.

Qəbul edilməyən bir norma daha var. İçtimai-analitik proqramların və ya xəbərlərin aparıcıları kəsinliklə reklama çəkilməməlidir. Bu yaxınlarda "CNN Türk"ün aparıcısı Gözdə Atasoy uşaq bezi reklamında çəkildiyi üçün media ombudsmanı Faruk Notici, "Gözde Atasoy  jurnalistikadan istifadə edir, bu etik deyil" deyərək aparıcını ağır şəkildə tənqid etmişdi ve aparıcı xanım bu tənqidden sonra kanaldan istefa etmişdi. Bizdə durum necədir? Analitik proqramı təqdim eden biri musiqili-əyləncəli proqramlarına da aparıcılıq edir ve ya sosial mediada reklam tipli paylaşımlarıyla tanınmasının ona verdiyi imkanlardan öz maddi mənafeyinə görə yararlanır ve ya reklamlara çəkilir. Bu durumda tamaşaçı nə onun pafoslu xəbərinə, nə də saxta göz yaşlarına inanmaz. Bir məşhur deyim var : Teatr asılqandan başlayır. O demek deyil ki, asılqanda neçə palto var. Səhnəni başa düşən olmayanda teatr olmur. Ekranda da elədir. Tamaşaçı səviyyəsi gərək elə olsun ki, sənin sözünlə psevdo jurnalistin sözünü ayırd edə bilsin.

 

- Hazırda  televiziyada çalışan aparıcıların efir mədəniyyəti, danışıq tərzi sizi qane edirmi? Gah ləhcə ilə danışırlar, gah da jarqon ifadələr səsləndirirlər. Bir teleaparıcı olaraq bunları necə qiymətləndirirsiz?

 

- Müasir tamaşaçı ve dinləyici bu gün yetərincə ayıq, ağıllı ve məntiqlidir. Hayatımızın güzgüsü olan televiziyaya baxmağa üz qoymaq üçün üzdəkiler bir az özünü toparlamalı, tamaşaçı isteyini nəzərə almalıdırlar.  Bir məqama da toxunmaq istəyirəm. Dünyanın xəbər aparıcılarının yaşlarına diqqət yetirin : 35-50 yaş aralığı olan, yetərincə peşəkar, uzun bir həyat və əmək təcrübəsindən keçən jurnalistlər bu sırada yer alır. Azerbaycan telemekanında vəziyyət qismən fərqlidir. Doğrudur, gənclərin arasında da bacarıqlı, savadlı aparıcı jurnalistlər var, amma yeterli deyil. İllerdir müharibə şəraitində yaşayan bir ölkənin cəbhə jurnalistləri yetişmişmi? Əlinə mikrafon alıb, kamera önünə keçmək hər şey deyil. Mən xüsusilə də son aylarda-müharibı başlandığı gündən ilkin və operativ xəbərləri, hadisə yerindən qaynar reportajları məhz Türkiyə kanallarından aldım. Elbəttə, yerli kanallarımızın az qisminin əməyini də heçə saymaq olmaz. Amma Gəncədəki son olaylar ferqli görüntü sərgilədi. CNN Türkün müxbiri Fulya Öztürk hadisə yerindən ilk reportajı verən media mensubu oldu. Türkiyə kanalları savaş bölgesinə bir neçə müxbir ezam etməklə hadisələri birbaşa ve operativ  işıqlandırmaqla  reytinqlərdə önə çıxdı. Esil xəbərçilik budur məncə. Son hadisələr bir daha göstərdi ki, bu gün biz Türk medyasına ayaq uydura bilmirik. Bu, təəssüf doğurur. Mən də uzun illər Azərbaycan Televiziyasında 2 fərqli janrda proqramın aparıcısı olmuşam. İdeal aparıcımıydım, əlbəttə yox. Amma biz o dövrün tələblərinə, informasiya-kommunikasiya texnologiyalarının o dövrkü imkanlarına görə hərəkət etmək məcburiyyətində idik. Amma bu gün dünyaya ve dünya medyasına nəinki pəncərələr, qapılar elə açıqdır ki, bu imkanlardan qeyri-peşəkarların yararlanmağına  haqqı yoxdur. Tamaşaçını itirmək o qədər asandır ki, nəinki xəbər, eləcə də digər proqramların aparıcılarının pafos qarışıq qışqırtıları, bir-birinə bənzəyən estetik biçimli üzlər, səviyyəsiz müsahibələr, mövzuya qeyri-peşəkar yanaşma daha nələr-nələr. Çox danışmaq istəmirəm danışırsan yanlış anlaşılır. Kanallara baxıram, prodakşnların hazırladıqları tanıtım çarxları o qədər gözəl təqdim edilir ki, proqramı izləyirsən içi bomboş. Sadəcə görüntü, bəzənib-düzənmiş manken müqəvvadan  başqa bir şey yox ortada. Yenə də təkrar edirəm. Bu, bütün kanallara və bütün aparıcılara şamil olunmaz. Bu gün onların arasında peşəkar, yetənəkli, düzgün nitqə və əhatəli dünyagörüşə sahib aparıcılarımız da var, barmaqla sayılacaq qədər az olsa da var. Amma bu, yetərli deyil məncə. Vətəndaş jurnalistikası peşəkar jurnalistikadan öndədir sanki. Medianın  yeni qiyafətdə auditoriya qarşısına çıxması günün tələbidir. Yəni, yeni media mənsubu olmaq düşüncə tərzini dəyişmək, həyata və baş verənlərə, bütünlükdə dünyaya baxış bucağını genişləndirmək deməkdir.Moderator

Tarix: 29 Oktyabr 2020, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin