BURADA REKLAMINIZ OLA
BİLƏR

Başda Xankəndi olmaqla bütün işğal əraziləri dinc əhali yeri yox, müharibə meydanıdır

Bir həftə əvvəl Bərdədə, bacım qızıgilin yaşadığı həyətdə onunla ayaqüstü görüşüb hal-əhval tutmuşdum. Tərtərin təhlükəli olduğunu deyib, Bərdədə qalmağımı məsləhət bilən bacım qızı da, onu sakitləşdirib Tərtərə-evimizə qayıdan mən də hardan bilərdik ki, bir neçə gün keçəcək, məhz dayandığımız yerə raket düşəcək. Bunu ona görə yazıram ki, hələ bir həftə əvvəl dayandığım yerə düşən raket barədə fikirləşib üşənirəm, bəs o zaman düşən raketlər nəticəsində ölən 21 nəfərin doğmaları, 70 yaralının özləri və əzizləri gör nələr çəkir, hansı dəhşəti yaşayır. Bu dəhşətli və tükürpədici səhnələrə hələ ekranda baxmaq bu qədər ağırdır, bəs onun şahidləri gör indi və gələcəkdə ömürboyu hansı yaddaşlarla yaşayacaq.

 

Yox, sentimentallıq etmirəm, bu hisslərim keçicidir, indi ancaq bu fəlakətli səhnələr gözümün önündən çəkinmədikcə QİSAS ruhuma hakim kəsilir, düşməndən necə qisas almaq barədə düşünürəm. Bu millət üzü Xocalıdan bəri məkrli, qəddar düşmənin törətdiyi nə faciələr yaşamayıb.

 

Qisas - Azərbaycanın həyat stimuluna çevrilməlidir. Biz qisasımızı qapısından içəri girməyimizin şübhə doğurduğu nə Haaqa məhkəməsinə, nə hərbi tribunala saxlaya bilmərik. Düşməndən son qarışınıdak bütün torpaqlarımızı azad etməyimiz bizim ən böyük qisasımız olacaq. Düşməni öldürərsən də, yaralayarsan da, amma torpağı sonadək azad edə bilməməyimiz qisası yarımçıq saxlar. Biz qisasımızı Allaha da tapşırmırıq ki, bizim əvəzimzə onları cəzalandırsın. Yox, sadəcə Allahdan qisasımızın qiyamətə qalmamasını istəməliyik. Bu qisas, onların yüz illərlə yaratdığı bütün saxta tarixlərini məhv edəcək. Bu qisas elə olmalıdır ki, ermənilərin faşist ruhu əzilməli, bir də bizim torpaqlara tərəf heç boylanmağa belə cəsarətləri olmamalıdır.

 

Sosial şəbəkədə dediyim kimi, Qarabağın bütün işğal yerləri müharibə meydanıdır. İşğal yerlərini dinc əhalinin yaşadığı yer hesab olunmur. Başda Xankəndi olmaqla bütün işğal şəhərləri, qəsəbələri, kəndləri dinc əhali yeri yox, müharibə meydanıdır. Ona görə də, dünyaya bir daha bildirilməlidir ki, işğal yerlərində kimin hansı statusda yaşamasından, həmin yerdə kilsə və ya məscidin olmasından asılı olmayaraq müharibə gedir, torpaqlarımız işğaldan azad olur, müharibədə dağıntı və ölüm qaçılmazdır. Əks söz deyənə Gəncəni göstərmək lazımdır. Hansısa beynəlxalq konvensiyanın qərararından danışanın qabağına Bərdə qətliamını qoymaq lazımdır. Qaradan artıq rəng yoxdur.

 

Sabah Cenevrədə Xarici işlər nazirlərinin görüşü keçiriləcək. 30 ildir davam edən ədalətsiz beynəlxalq təzyiqlərin son 30 gündə daha da artmasının şahidiyik. Biri də sabah Cenevrədə ola bilər. Bizi istər uzunmüddətli atəşkəs öhdəliyinə, istər maraqlarımıza uyğun olmayan hansısa sürpriz öhdəliklərə imza atdırmağa məcbur edə bilərlər. Qəti şəkildə imtina etməliyik. Mövcud tarixi şansı əldən çıxara bilmərik. Düşmənə sülh bağışlamaq, özümüzü oda atmaq deməkdir, həm də uzun müddətə. Sülh bizim dövlət maraqlarımız çərçivəsində ola bilər. İndiyədək müzakirə olunmuş bütün sənədlər öz mahiyyətini itirib. Ordunun hücumu kimi diplomatiyanın hücumu da davam etməlidir. Sabahkı görüş elə 27 illik mənasız görüşlərdən biri olmalıdır. Minsk Qrupu niyə indi əl-ayağa düşüb? Torpaqlarımızı azad edirik, ona görə. Bizə Minsk Qrupunun sülhü lazım deyil. Onlar siyasi alver edəcəklər.

 

Jan –Jak Russonun sanki Qarabağ savaşı üçün deyilmiş müdrik bir kəlamı var. “Düşməndən sülhü satın almaq, onu yeni müharibə üçün hərtərəfli təchiz etmək deməkdir”. Biz öz əlimizlə düşmənə yeni şans verə bilmərik. Sabahdan ümumi səfərbərlik elan edilsin, hamımız müharibəyə gedək. Gedək və qisasımızı alaq!

 

İlham İsmayıl

Tarix: 29 Oktyabr 2020, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin