BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA Nəsiminin səs yazısını əldə edib

“Gər dərd və gər dəva sənindir!

Hakim sənsən, riza sənindir."

(Füzuli, “Leyli və Məcnun”)

Müstəqil vəkillərin burnu əzilib sıradan çıxarılandan sonra dövlət qərara alıb ki, bizdə bu insan hüququ müdafiəçilərinin bayram günü olmalıdır. “Vəkil günü” adlanacaq o bayram hansı günə düşür və ya düşəcək, bunu bilmirəm. Deyəsən 28 dekabr olacaq. Ancaq adı yaxşı səslənir. Hətta istəsən sorğu-sual zamanı işlədərsən: “- Necəsən? - Vəkil günündə!” Bu temada bir yaxşı karikatura da var, bizdə, Türkiyədə və Rusiyada yüksək tezliklə işlənən şəkillərdən biridir. Həmin rəsmdə adamı həbs edirlər, qışqırır ki, vəkil istəyirəm. Bu zaman böyürdə (yəni yan tərəfdə - sözün o biri mənası ölkəmizdəki hüquq islahatlarına yaraşmır) iki polisin müşayiəti ilə qolu burulub aparılan vəkil səslənir: “Burdayam”.

Təbii, bayram günlərinin olması yaxşıdır. Biz şən dövrdə yaşayırıq. Odur, Mirzə Cəlilin ev muzeyini də təmir elədilər. Adam soba yandırmağa əlyazmalarını atırdı, indi isə həmin mənzil super təmirlidir, multimedia, elektron avadanlıqlar, canım sənə desin, virtual poçt qutusu öz yerində... Açılışa Danabaş kəndinin yeni seçilən bələdiyyə sədri Xudayar müəllimdən tutmuş Dini İşlər Komitəsindən Nəsrullah Şeyxov yoldaşa, “Ayıq-sürücü” şirkətinin müdiri Kefli İsgəndərdən rabitə naziri Novruzəli müəllimə qədər hər kəs dəvət olunmuşdu. Sənətkarın ruhu buna baxıb sevinmişdir, yəqin onu təbrik edənlər sırasında ateist Axundovun Anar müəllim tərəfindən kəşf olunan  ruhu da olmuşdur. Yaxın günlərdə Nəsimiyə Semaşko xəstəxanasında yeni dəri transplantasiya ediləcəkdir.

Hərçənd vəkilliyə baxan hörmətli yoldaşlar vəkillərimizin peşə bayramını 3 gün sürüşdürüb 31 dekabra salsalar, lap əla olardı. 31 dekabr elə gündür ki, nəyi istəsən böyrünə qoşub qutlayarsan. Məsələn, həmrəyliyi biz bu cür yola veririk, yoxsa dünya azərbaycanlıları kimin nəyinə lazımdır. Onlar bizi atıb gediblər, dünəndən getsinlər. Biz də burda didişirik, həmrəyliyimizin şəkli isə ölkənin xəritəsində 30 ilə yaxındır durur - qərb tərəfdə. İndi 31 dekabrda bir sağlığı da vəkillərin xətri üçün guppuldatsaq pis olardımı? Olmazdı. Gəlin bu badələri qaldıraq dünya azərbaycanlılarının, vəkillərin, Yeni ilin, Xudayar bəyin və Novruzəli ilə Vəliqulunun sağlığına. Sonuncular hələlik ideyalardır. 31 dekabrın qəlbi genişdir, məncə, biz ora hələ başqa əziz bayramlarımızı da pərçimləyə bilərdik.

Söz açılmışkən, deyir bu ilki həmrəylik günü münasibətilə metroda qatarların qrafikini tanınmış şəxsiyyətlər səsləndirəcəkmiş. Doğrusu, bilmirəm söhbət kimdən gedir. Bəlkə də AMEA artıq Nəsiminin səs yazısını əldə edibdir. Bizim dövlətçilik elə güclüdür ki, sabah Opera Teatrında “Leyli-Məcnun”da İbn Səlamın ariyasını Məhəmməd Füzulinin özünə oxutdurarıq. Söhbət bundan getmir və gedə də bilməz. Sadəcə, həmrəylik aksiyasının metroda keçirilməsi kimin ağlına gəlibsə ona afərin deyirəm. Bu saat bizim ən çox həmrəy, hətta həmxasiyyət olduğumuz ərazilərdən biri metrodur. Xüsusən pik saatlarında millət vaqonlarda qucaqlaşır, qoxlaşır, isinişir, şablona dönsə də bunu yazmalıyam: qohum olur. Nəinki pik saatları, elə başqa vaxtlar da metromuz dramatik əraziyə çevrilmişdir. Qatarlar hər stansiyada 4-5 dəqiqə dayanır, bilmirsən maşinist kimi gözləyir. Bir dəfə maşinist qatardan düşüb stansiyadan çıxdı, siqaret alıb qayıtdı. Bəzən tərsinə hərəkət edirik. Şaquli işləyən qatarlar da var. Hətta Yerin mərkəzinə, maqma qatına gedən sərnişin olmuşdur. Metro rəhbərliyi bu hərəkət qrafikini tənzimləmək, problemləri aradan qaldırmaq yerinə bizə bayram tədbirləri hazırlayır.

Bəlkə doğrusu elə budur. Problemləri unutmaq lazımdır, şənlənməliyik. Bunu da içək metrodakı basabasın sağlığına.musavat.com

Zamin Hacı

Tarix: 27 Dekabr 2019, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin