BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da oxuyan şagirdin adının Bakı məktəbinin jurnalında qeyd olunmasına aydınlıq gətirildi – RƏSMİ

Təhsil Nazirliyi ABŞ-da təhsil alan Nigar Bayramlının adının Bakının 53 nömrəli tam orta məktəbinin jurnalında qeyd olunmasına aydınlıq gətirib.

 

Nazirlikdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 53 nömrəli tam orta məktəbdən verilmiş məlumatda ötən tədris ilində 9-cu sinfi bitirən Nigar Bayramlının valideyninin ərizə ilə müraciət edərək övladının 10-cu sinifdə təhsilini davam etdirməsini xahiş etdiyi qeyd olunur. Şagirdin adının 3 dekabr 2019-cu il tarixədək jurnalda qeyd olunmasının səbəbi budur. Nigar Bayramlı Amerikanın Aydaho ştatının məktəblərinin birində X sinifdə təhsil aldığından 3 dekabr 2019-cu il tarixdə müvəqqəti olaraq şagird kontingentindən çıxarılıb.

 

2019-2020-ci tədris ilinin əvvəlində təlimi rus dilində aparılan 10g sinfində 36 nəfər şagird komplektləşdirilib. Təlimata əsasən, sinifdə şagird sayı 20-dən çox olarsa, həmin sinif yarımqruplara bölünür. Sinfin kağız üzərində bölünməsi, ikiqat artıq saatların yazılması, bununla da ikiqat artıq maaş hesablanmasına zəmin yaradılması məlumatı yanlışdır.

 

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 53 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib.

 

“Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının dərs ilinin əvvəlindən məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib. Fakt üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək” – məlumatda qeyd olunub.

Tarix: 27 Dekabr 2019, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin