Tanınmış həkim: “Əhalinin 70 faizi yoluxursa bu, virusun məhv olmasına gətirir”

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı yüksək templə artmaqda davam edir. Artıq ölkəmizdə günlük 2 mindən çox yoluxma görürük və bu, tibb mütəxəssisləri tərəfindən ikinci dalğa kimi xarakterizə edilir.

 

Bildirilir ki, yoluxma sayının bu cür yüksək olması səbəbindən Azərbaycan səhiyyəsi artıq dərəcədə yüklənib. Buna görə də vətəndaşlar adi qaydalara əməl edib, sosial məsafəni gözləyib, gigiyena qaydalarına diqqət edib özlərini və ətraflarını qorumalıdırlar. Çünki hələ ki, dünyada Covid-19-a qarşı vaksin yoxdur. Vaksini tapdığını elan edən ölkə və şirkətlər olsa da, hazırda rəsmi qaydada heç bir peyvənd təsdiq edilməyib. Bu barədə aşağıdakı geniş məlumat verəcəyik. Ona qədər statistika ilə tanış olaq.

 

Belə ki, biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 57 min 330 min 575 nəfərdir. Son 2 gün ərzində dünyada koronavirusa yoluxanların sayı 1 milyondan da çox artıb. Hazırda günlük yoluxma sayı 600 mindən çoxdur ki, bu da Covid-19-un ortaya çıxdığı zamandan bəri qeydə alınan ən yüksək günlük yoluxmadır. Dünyada koronavirusdan ölənlər isə 10 min nəfərdən çox olur. Ümumilikdə isə indiyə qədər 1 milyon 367 min 502 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

 

Bu dəhşətli virusa yoluxub vəziyyəti ağır olanların sayı isə 101 min 839 nəfərdir ki, onlar hazırda  yalnız süni nəfəs aparatları vasitəsilə həyatda qala bilirlər. Bununla belə indiyə qədər 39 milyon 809 min 671 nəfər müalicə alaraq sağalıblar. Sağalanların təkrar yoluxması halı ilə bağlı statistika yoxdur. Lakin bu cür riskin olduğu bildirilir.

 

Bu günlərdə ABŞ alimləri araşdırma apararaq bildiriblər ki, koronavirusa yoluxan şəxsin orqanizmində 6-8 ay ərzində bu virusa qarşı müqavimət müşahidə edilir. Ona görə də bir çox ekspertlər bildirirlər ki, koronavirusun axırına çıxmaq üçün kütləvi immunitet lazımdır. Yəni əhalinin ən azı 70 faizi bu virusa yoluxmalıdır. Təbii ki, bu, risklidir və ona görə də şirkətlər vaksin üzərində işləmələrini davam etdirirlər.

 

Qardaş Türkiyədə də koronavirusa qarşı vaksin hazırlanır və yayılan məlumata görə, noyabrın 20-dən etibarən Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Qeyd edilib ki, sentyabrın 15-də Türkiyədə üçüncü faza işlərinə başlanılan Çin istehsalı bu peyvənd ilk olaraq könüllü səhiyyə işçilərinə tətbiq edilib. Hazırda 18-59 yaş arası və daha əvvəl COVID-19-a yoluxan vətəndaşların müraciətləri qəbul edilir.

 

COVID-19 peyvəndinin tətbiqi Türkiyənin 12 vilayətinin 25 mərkəzində aparılır. Peyvənd bu günə qədər 726 könüllü səhiyyə işçisinə vurulub və müsbət nəticə əldə olunub. Bundan sonra peyvəndin ümumilikdə 12 min 450 könüllüyə vurulması planlaşdırılır.

 

İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur isə bildirib ki, İranda iki vaksin hazırlanıb və hazırda insanlar üzərində sınaqdan keçirilir. Bununla yanaşı İranda insan orqanizmində koronavirusun mövcudluğunu 15-20 dəqiqəyə müəyyən edən test-sistemi hazırlanıb istifadəyə verilib.

 

İsrailli həkim Yozef Bosk koronavirusu limon suyu ilə məhv etməyi məsləhət görür. Metod çox sadədir: iki limonu sıxıb, suyunu çıxardırsan, onun yarısından çoxunu qurtum- qurtum içirsən. Yerdə qalan az bir hissə ilə burun deşiklərini dezinfeksiya edirsən. Doktor deyir ki, limon suyu koronavirusu dərhal öldürür və bir prosedur insanı 4 gün qoruyur.

 

Amerikanın nəhəng dərman şirkətlərindən olan Pfizer və Almaniyanın BioNTech biotexnologiya şirkəti COVID-19-ə qarşı bu peyvəndinin 95% təsirli olduğunu bildiriblər. Lakin bu peyvəndlər də hələ ki, lisenziya alaraq istifadəyə verilməyib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, müvafiq vaksinlər tam şəkildə yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər həyata keçirilməkdədir.

 

TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, insanlar daha çox yas yerlərində, dəfn mərasimlərində yoluxurlar. Çünki sosial məsafəni gözləmirlər. “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsi pozitiv nəticələrə səbəb olacaq: “Verilən qərarlara səthi yanaşmaq olmaz. Bunların hamısı düşünülən və Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri ilə məsləhətləşmələri əsasında verilən qərarlardır. Buna əməl etmək lazımdır. Əks-halda getdikcə yoluxma sayında artım olacaq. Əslində isə görünən budur ki, Azərbaycan və dünya kollektiv immunitetə doğru gedilir. Əgər belə olarsa, virus yox olacaq. Necə ki, qrip Sars, Mers də bu proseslərdən keçdi. Siz açıqlanan rəqəmlərlə müqayisə aparmayın. Xeyli insan var ki, heç həkimə müraciət etmir. Adamlar var ki, virusu keçirdiklərini özləri də bilmir və ya evdə kimsəyə bildirmədən müalicə olunurlar. Bütün bunları nəzərə aldıqda yoluxanların sayı çoxdur. Ona görə də kollektiv immunitetdən danışmaq olar. Əgər əhalinin 70 faizi yoluxursa bu, kollektiv immunitetin yaranması deməkdir və virusun məhv olmasına gətirir”.

Tarix: 21 Noyabr 2020, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin