BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Müdafiə naziri: “Separatçı erməni hərbçilərinin orada qaldığı halda soydaşlarımızın geri qayıtması mümkün deyil”

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra hələ də Azərbaycanın tam nəzarətinə keçməyən keçmiş Dağlıq Qarabağ adlanan ərazinin bir hissəsi ilə bağlı bəzi məsələlər açıq qalır. Həmin ərazilərdə, o cümlədən  Xankəndində, Xocavənddə, Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərində və 10 kəndində hələ də  separatçı-terrorçu erməni rejiminə aid olduğu deyilən hərbi qüvvələrin  qalması haqda mediada məlumatlar səsləndirilir, fotolar paylaşılır. Görəsən, 1-ci Qarabağ savaşının iştirakçısı kimi Ermənistan və Qarabağdakı işğalçı, separatçı erməni hərbçilərinə yaxşı bələd olan  o dövrün yüksək rütbəli və  vəzifəli Azərbaycan hərbçiləri bu mövzuda nə düşünür? Müstəqil dövlətçliyimizin və Milli Ordumuzun ilk “körpəlik” aylarında  Azərbaycan Respublikasının müdafiə naziri, sonrakı dönəmdə də nazir müavini olmuş general-mayor Tacəddin Mehdiyev  Moderator.az-a açıqlamasında  Qarabağdakı hərbi-siyasi proseslərin gələcəyi ilə bağlı nikbin danışıb. “10 noyabr tarixli bəyanatın maddələrində hansı tərəfin nə iş görəcəyi açıq göstərilib. Əgər Rusiya vasitəçi kimi sülhməramlı funksiyasını və Azərbaycanın  işğal altındakı ərazilərindən, o cümlədən Ağdam, Kəlbəcər və Laçın rayonu ərazilərindən çıxarılmasını öz üzərinə götürübsə,  bu işlərlə bağlı bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiya sülhməramlı funksiyasını normal həyata keçirmək üçün  Qarabağda qalan digər, o cümlədən separatçı erməni rejiminə aid hərbi qüvvələri ya çıxarmalı, ya da məhv etməlidir. Bu, Rusiyanın öhdəliyidir və onu yerinə yetirməlidir. Əgər o desə ki, mən bacarmıram,  alınmır, o halda ərazini tərk etsin, biz özümüz, yəni Milli Ordumuz o məsələni həll etməyə qadirdir” -deyə sabiq nazir vurğulayıb.

 

“Axı məlum bəyanatda  keçmiş “Dağlıq Qarabağ” adlanan ərazidən erməni hərbi qüvvələrinin çıxarılmasından söhbət getmir?” sualını isə general-mayor belə cavablandırıb:

 

“Bilirsiz, axı Rusiya Prezidenti V.Putin son çıxışında aydın şəkildə dedi ki, keçmiş Dağlıq Qarabağ  beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir. Bunu dünya, BMT, digər beynəlxalq təşkilatlar da qəbul edir. Odur ki, keçmiş Dağlıq Qarabağ da Azərbaycan Respublikasının tərkibində, onun ayrılmaz hissəsi olduğundan erməni hərbi qüvvələri həmin əraziləri də tərk etməlidir. Digər tərəfdən, üçtərəfli bəyanat-razılaşmanın 7-ci bəndinə əsasən ermənilərlə yanaşı, 1988-1994-cü illər ərzində məhz hərbiləşmiş  separatçı erməni dəstələrinin fəaliyyəti nəticəsində keçmiş Dağlıq Qarabağdan didərgin düşmüş  azərbaycanlı məcburi köçkünlər də öz doğma yurdlarına qayıtmalıdır. Və işğalçı və ya separatçı erməni hərbçilərinin orada qaldığı halda soydaşlarımızın geri qayıtması mümkün deyil...”

Tarix: 24 Noyabr 2020, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin