Aktrisa: “İnstagram”da şəkillərimi paylaşıb məni təhqir edirdilər”

Uzun müddətdir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində irili xırdalı bir çox obrazların müəllifidir. Filmlərdə, seriallarda canlandırığı baş qəhrəmanlar isə hər dəfə onu fərqli ampulalarda görməyə yardımçı olur.

 

Gənc aktrisa Günel Məmmədova II Qarabağ müharibəsində ingilis dilində çarx çəkərək xarici mediada yayımlanmasına vasitəçi olub. Bu isə ona heç də asan başa gəlməyib. 

 

- II Qarabağ müharibəsindən qalib çıxdıq. Nəhayət ki, 28 ildən sonra  torpaqlarımıza qovuşduq. Təəssüratlarınızı eşitmək istərdik. 

 

- Bu yaşıma qədər yurdumun insanlarının bu qədər xoşbəxt, sevincli olduğunun şahidi olmamışdım. Noyabrın 10-da qələbəmizi qeyd etdiyimiz gün paytaxda insanların sevinc hisslərini gördüm və o anları sözlə ifadə etmək mümkün deyil. Uzun müddətdən sonra xalq bir yumruq kimi birləşmişdi, hər kəsin istəyi, amalı bir idi.  O gün hamımız Qarabağlı idik. Həmin gün şəhərdə qəribə güc, enerji vardı, insanların üzü gülür, qəlblərində sevinc vardı. Mən bu yaşıma qədər belə bir şey görməmişdim. Xalqımın  o xoşbəxtliyini gördüm. Qəribə enerji insanı özü ilə aparırdı. Hər şeyi unutdururdu. Hər şeyi unudub anlaşılmayan bir qüvvət gəlirdi insana. Gözəl hiss idi. Azərbaycan vətəndaşı olaraq bu hissi yaşadığm üçün özümü şanslı hesab edirəm.  Mənim ana tərəfim Füzulidəndir. I Qarabağ müharibəsində torpaqlarından didərgin düşənlərimiz çox oldu. Ailə üzvlərimizdən şəhid olan vardı.  İndi isə torpaqlarımız düşməndən azad olundu. Səbirsizliklə yurd yubamıza gedəcəyimiz günləri gözləyirik Mən Şuşada, Kəlbəcərdə, Hadrutda, Xankəndində olmamışam. Bu torpaqları görəcəyim günün həsrəti ilə yaşayırdım. İndi  isə səbirsizlikə gözləyirəm ki, o torpaqlara ayaq basım, havasını udum, cənnətməkan olan meşələrini gəzim.   Ən böyük arzum isə Qarabağda tamaşalarımızdan birini nümayiş etdriməkdir.

Bu gün çox sevincliyik. Sevincimizin səbəbi anlaşılandır. O qədər xoşbəxtəm ki... Biz o torpaqları Ali Baş Komandanımızın uzaqgörən siyasəti və ən əsası torpaq uğrunda canından keçən oğullarımızın hesabına əldə etdik. Biz torpaq uğrunda itkilər verdik. Bizim sevincimizin səbəbi məhz onlar oldu. Onlar canlarından keçdilər ki, biz əzəli torpaqlarımıza qovuşaq. Buradan Azəbaycan ordusuna təşəkkür edirəm. Şəhid analarının əllərindən öpürəm ki, belə igid övladlar dünyaya gətiriblər. Onlar vətən üçün gözüyumlu, könllü şəkildə döyüşdülər. Biz rahat evdə yatarkən onlar  soyuq səngərlərdə vətəni müdafiə edirdilər. Heç vaxt onları unutmayacağıq. Allah şəhidlərimizə rəhmət etsin. Əsgərlərimiz hələ də torpalqaırmızı qoruyur və xidmətədir. Əsir, itkin düşən əsglərimizin də tezlikə ailələrinə qovuşmasını diləyirəm.

 

- Müharibə ərəfəsində sosial çarxlar çəkib, onun xarici mediada təbliği ilə məşğul idiniz. Sizə qarşı duran, çətinlik yaradan oldumu?

 

- Bu, mənim aktrisa kimi deyil, bir vətəndaş kimi borcum idi. Qızğın döyüşlər getdiyi ərəfələrdə ingilis dilində 3 video hazırladım. Müxtəlif vəzifədə çalışan insanlar ingilis dilində dünyaya çağırış etdilər, onlar erməni terroruna son qoyulmasını tələb edirdilər. Digər videoda isə uşaqlarla dünyaya müraciət etdik. Bundan başqa, özüm video çəkdim. Mən bu çarxları bizim yerli şəbəkələr, mətbuat üçün deyil xarici media  və internet istifadəçiləri üçün etmişdim. Hətta ilk dəfə açıqlayım ki,  bir çox saytlara bunun üçün ödəniş də etdim. Qarşı tərəfdən əllərindən gələni edirdilər ki, həmin videolar bağlansın. Onlar “Facebook”, “İnstagram” səhifəmi, “Youtube” kanalımı bağlamaq istədilər. “İnstagram”da bir xanım mənə yazmışdı ki, sizin şəkillərinizi erməni saytlarında paylaşıb, təhqir edirlər.  Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdığım üçün xarici media nümayəndələri və sosial şəbəkə istifadəçiləri ilə toqquşmamız yaşandı. Bir Allah bilir ki, o videoları xarici mediaya necə yerləşdirdim. Bu mübarizədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İlk çarxda  özümə yaxın bildiyim bir çox insana müraciət etdim. Ancaq çoxu dəstək  olmadı, nədənsə çəkindilər, qorxdular. Mən o insanları hələ də başa düşmürəm. Başqa bir layihəm də vardı ki, o daha keyfiyyətli ola bilərdi. Gözləmədiyim insan məni məyus etdi. Həqiqətən də vətənini, xalqını sevən insanlar dəstək oldular. İndinin özündə də xarici saytlarda ermənilərlə mübarizələrimiz davam edir. Amerikanın bir çox sosial şəbəkə səhifələrində, hətta Fransa mətbuatında bu çarx nümayiş olundu. Əslində, bu məsələdə mənə bir çox məqamlar qaranlıq qaldı. Xarici sosial şəbəkə səhifələrində çarx müzakirə olunurdu və orada müxtəlif millətin nümayəndələri müzakirələrə qoşulurdu. Onlar daha çox ermənilərin haqsızlığa uğradığını qeyd edirdilər. Mən əsaslarla onlara həqiqəti söyləməyə cəhd edirdim. Sosial şəbəkə  izləyicilərim daha çox əcnəbilərdir. Onlar paylaşdığım çarxlara görə məni izləmədən çıxarırdılar. Əslində, mən o xarici dostlarımdan daha çox dəstək gözləyirdim. Yəni dünya bu qədərmi ədalətsizdir? Mən insanları başa düşmürdüm. Bütün bunlara baxmayaraq, qələbə bizimlə oldu. Bu qələbə isə onları daha da qıcıqlandırdı. Müharibə bitsə də onlar sakitləşmir. Mənim onlarla müharibəm davam edir. Haqsızlığa dözümüm yoxdur. 

 

- Sizcə, bu tarixi qələbən sonra yeni filmlərə ehtiyac varmı?

 

- Əlbəttə, tək Qarabağ uğrunda gedən döyüşlərdən deyil, eyni zamanda xalqın bu 30 il ərzində yaşadıqları hamısı film ssenarisidir. Bundan başqa, bu müddət ərzində cəbhəyanı bölgələrdə xalqın dözüm və iradəsi, öz torpaqlarına sahib çıxması - hamısı ayrılıqda bir qəhrəmanlıq dastanıdır. Bunların hər birindən tarixi qəhrəmanlıq mövzusunda filmlər çəkmək olar. Təbii ki, Gəncə, Bərdə, Tovuz, Tərtər terror hadisələrini unutmamaq şərti ilə.  

 

- Adətən, aktyor müəyyən müddət çalışmayanda paslanır. 9 ay heç də az müddət deyil...

 

- Mən çalışıram ki, bu hal baş verməsin. Səhnə üçün darıxmışam. Nəinki səhnə tamaşalarım, tamaşaçılarım üçün daha çox darıxıram. Bilirsiniz ki, daha çox uşaqları sevirəm, azyaşlı tamaşaçılara sevgimiz qarşılıqlıdır. O ki qaldı paslanmağa, mən hələ də yaradıcılığımdan qalmıram. Ancaq  hazırda heç bir iş yoxdur. Kiçik sketçlər  çəkirəm, çalışıram ki, paslanmayım. Əlimdən gələni edəcəm ki, bu hal baş verməsin. Əgər istedadlısansa, paslanmaqdan  söhbət belə gedə bilməz.

 

- Koronavirusun birinci dalğasında aktyorlar alternativi iş yerlərinin olmamasını və tək teatrın maaşı ilə dolanmağın mümkünsüz olduğunu dedilər. 9 aydır işsiz qalan aktyorların maddi durumu hazırda necədir?

 

- Bu mövzuda vəziyyət çox acınacaqlıdır. Koronavirusun birinci dalğasında etirazlar edildi, müsahibələr verildi.  Birinci dalğada   bu qədər problemlər yaşandısa, ikinci dağlağda nələr yaşanacağını təsəvvür belə edə bilmirəm. Ümumilikdə götürsək, əvvəl 10 serial çəkilirdisə, indi bu siyahı 2 və ya 1  seriala düşüb. Təsəvvür edin ki, bu nə qədər ziyandır. Sözün düzü, bir neçə aktyorun da müsahibəsini oxumuşam ki, onlar da artıq başqa işlə məğul olmağa çalışırlar. Ancaq mən başqa bir iş bacarmıram. Uşaqlıqdan ancaq öz sahəmdə çalışmışam və qazanmışam. Bildiklərim piano, rəqs öz sahəmə aiddir. İkinci iş mümkün deyil. Elə insan var bacarıqlıdır, başqa bir işdə işləyə bilir, mən o tərəfdən zəifəm. Vəziyyət ürək açan deyil. Bundan sonra da çox pis olacaq. Əksəriyyətimizin kreditləri, problemləri var. Allah bizi qorusun!Moderator

Tarix: 26 Noyabr 2020, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin