BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Azərbaycana qarşı olan qətnamənin lehinə səs verənlərin əksəriyyəti erməni diasporunun oyuncağına çevrilənlərdir”

“Noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi Azərbaycana qarşı növbəti qərəzdir. Bu qətnamə heç bir beynəlxalq qanuna, norma və prinsiplərə sığmır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, qətnamə tövsiyə xarakterli olsa da, siyasi tərəfləri var: “Bilirik ki, erməni lobbisi Fransada çox güclüdür. Qətnamənin lehinə səs verənlərin əksəriyyəti erməni diasporunun oyuncağına çevrilən şəxslərdir. Amma 306 senatordan 305-nin qətnamənin lehinə səsverməsi həm də göstərir ki, burada başqa məqsədlər var. Fransa həmişə açıq şəkildə Ermənistanı dəstəkləyib. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq neytrallığını qorumaq əvəzinə, Vətən müharibəsi ərəfəsində Azərbaycana təzyiq göstərirdi. Müharibə başa çatdıqdan sonra Fransa işğaldan azad edilmiş ərazilərdə xristian məbədlərinin vəziyyətindən narahatlıqlarını ifadə edirdilər. Çox maraqlıdır ki, 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi, amma Fransa narahatlığını ifadə etmirdi. Əlbəttə ki, bu, qərəzdir və məqsəd Ermənistana dəstək olmaqdır. Fransa Senatı işğalçı Ermənistanı dəstəkləyirsə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyırsa, deməli, qlobal terrorizmə dəstək verir. Bu, sülhə təhdiddir. Digər tərəfdən, Fransa tüpürdüyünü yalayır. Fransa BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurası 1992-ci ildə Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı mövqeyini açıqlayıb, 4 qətnamə imzalanıb. Bu qətnamələrlə Azərbaycanın ərazi bütövlüyü tanınır. Fransanın ikili addımları göstərir ki, bu ölkə qeyri-ciddi ölkəyə çevrilib. Yaxşı olardı ki, Fransa tarix boyu tökdüyü qanları, Əlcəzairdə milyonyarım insanın qırılmasını, öldürülən insanların başı ilə futbol oynamalarını, müstəmləkədə saxladığı ölkələri yaddan çıxarmasın. Onlar əməllərinə görə üzr istəmək əvəzinə, qlobal terrorizmə dəstək verirlər. Bu, qəbuledilməzdir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də doğru qeyd edib: “Qətnamə kağız parçasından başqa bir şey deyil”. Fransa hökuməti Senatın qətnaməsini təsdiqləyərsə, bu ölkənin ATƏT-in Minsk Qrupunda təmsil olunması qeyri-mümkün olacaq. Bu addım Fransanın BMT-nin Təhlükəsizlik Şurasında daim üzvlüyünü də sual altına qoymalıdır...”.

 

C.Osmanov qeyd edib ki, Azərbaycan xarici ölkələrlə ikitərəfli və çox tərəfli əlaqələr qurmaqda maraqlıdır: “Amma hansısa ölkə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirsə, əməkdaşlıq məsələlərinə yenidən baxılmalıdır. Çünki Azərbaycan haqlı olaraq müharibə aparırdı, torpaqlarını işğaldan azad edirdi. Ölkəmiz həmin müddətdə bir çox dövlətlərin siyasi dəstəyini aldı. Təbii ki, ölkələrarası münasibətlərə dərhal baxmaq düzgün olmaz, məsələ dərindən araşdırılmalı və qərar verilməlidir. Fransanın qərəzli mövqeyi davamlı olarsa, əməkdaşlıq məsələlərinə yenidən baxılması zərurəti yaranacaq. Bilirsiniz ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bəyanat qəbul edilib. Millət vəkili Azərbaycan hökumətinə çağırış edir ki, “Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün. Artıq Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası Səfirə təqdim edilib. Hökumət zəruri olan bütün addımları atır”.

 

Kənan

Tarix: 26 Noyabr 2020, 19:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin