BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-dan qovulan tələbə ilə bağlı AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub. Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.

 

Bu barədə Pravda.az-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

 

Qeyd olunub ki, bu barədə Pərviz Məhəmmədov və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib.

 

“Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib” – məlumatda vurğulanıb.

Tarix: 26 Noyabr 2020, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin