BDU-nun informasiya şöbəsinin əməkdaşı: “Bayrağa hörmət ərköyün tələbəni qovmaq deyil”

Dik bir şey görən kimi dırmaşıb başına ziyalı mövqeyi bildirən adamlardan deyiləm, amma Pərviz adlı tələbənin bayrağımıza göstərdiyi münasibətə görə cəzası məncə, universiterdən qovulmaq olmamalı idi. Məsələn, ən uzağı töhmət verilməli, xəbərdarlıq edilməli, bayrağın mahiyyəti ona izah edilməli, başa salınmalı idi. Cəza kimi də üç gün müddətində bir otağa salınmalı və dayanmadan Manaf Ağayevin mahnılarına qulaq asdırılmalı, ardınca aşıq Namiq onun üçün saz çalmalı, Mehman Əhəmdli meyxana deməli, efirlərimizin Xoşqədəm, Zaur, Mikayıl kimi ulduz teleaparıcıları onunla görüşməli, məsləhətlər verməli və yalnız bundan sonra dərslərinə davam edə bilərdi. Mən o tələbənin hərəkətlərinə haqq qazandırmıram, amma bu ölkədə o bayraq uğrunda canından keçən qazilərimizin əllərində hesab nömrəsi sosial şəbəkələrdə camaatdan pul istədiyi bir vaxtda bayrağı yaylıq kimi başına bağlayıb oynayan gənci universitetdən qovmaq absurddur. Bayraq qədri bilən gedib o bayraq uğrunda döyüşən, canından keçən oğlanların problemlərin həll edər, düşmən qarşısında sınmayan oğulların ehtiyac qarşısında sınmasına göz yummazdı. Bayrağa hörmət onu öpüb gözünün üstünə qoymaq yox, rüşvət almamaqdır, bayrağa hörmət yaxşı təhsil verməkdir, bayrağa hörmət seçkini saxtalaşdırmamaqdır. Bayrağa hörmət ərköyün bir tələbəni universitetdən qovmaq deyil. Prezident iti qovan kimi qovmaq deyəndə ermənini torpaqlarımızdan qovmağı nəzərdə tuturdu, tələbəni universitetdən qovmağı yox. Mən hazırda Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində işləyirəm və məhz universitetin əməkdaşı kimi bu mövzuya münasibət bildirməyi özümə borc bildim. Arzu edirəm həmin tələbə universitetə bərpa edilsin. Yəqin, səhvini özü də başa düşər və etdiyi hərəkətə görə bayraqdan, eləcə də müəllimindən üzr istəyər, yəni mən belə güman edirəm.

 

Kəramət Böyükçöl

Tarix: 27 Noyabr 2020, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin