Sabiq deputat: "Ekspertiza olunmayıbsa, tələbənin universitetdən kənarlaşdırılması qanunsuzdur..."

Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli tələbə Pərviz Məhəmmədovun Bakı Dövlət Universitetindən (BDU) xaric edilməsinə münasibət bildirib.


Pravda.az-ın xəbərinə görə, N.Bəydəmirli baş verənlərin ekspertiza olunmasının vacibliyini vurğulayıb: "Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Bayrağın təhqir olunub-olunmaması haqqında məsələ tam ekspertiza olunmayıbsa, tələbənin universitetdən kənarlaşdırılması qanunsuzdur...".

Qeyd: BDU-nun yaydığı açıqlamada bildirilir ki, Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub. Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib. Bu barədə Pərviz Məhəmmədov və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib. Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib.

Tarix: 27 Noyabr 2020, 21:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin