BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: "Topçu Vüsalın fotosu içki şüşəsinə vurulub, qadın kosmetikası və ya camaşırına vurulmayıb ki..."

"Topçu" içkisinin şüşəsinə məlum fotonun vurulmasında qəbahət, qeyri-adi  heç nə yoxdu. Tarix boyu “Napaleon”, "Sezar" "Çe Qevara", "Suvorov", " Jukov, "Stalin" adında içkilər də olub. Amerika prezidentlərinin adını daşıyan araqlar indi də satışdadır. "Putin" adlı içkilər də öz yerində. Topçu Vüsal şəhid və ya əlil deyil. Qəhrəman bir  əsgərdir. Adına içki də ola bilər, siqaret də, köynək də.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynov deyib.

 

“Qadın kosmetikası və ya camaşırına vurulmayıb ki.. Digər tərəfdən bu ailənin razılığı ilə olub və buna görə də çox güman ki, patent də alınacaq. Kənar, aidiyyatı olmayan şəxslərin dəxilsiz ajiotajın anlamaq olmur...” – E.Hüseynov bildirib.

 

Qeyd: “AZGRANATA" MMC tərəfindən “Topçu” adlı yeni vodka məhsulunun istehsalı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Bəzi istifadəçilər müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasının yolverilməz olduğunu vurğulayıblar. Şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli bütün prosedurların qanunauyğun şəkildə həyata keçirildiyini deyib: “Şirkətimizin rəhbərliyi topçu əsgər Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə alıb. Belə olduğu halda, bu məhsulun müəssisəmizdə istehsal edilməsinə, satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur. “AZGRANATA” MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik”.

 

Topçu Vüsalın atası İslam Şahkərimov şirkət tərəfindən onun razılığının alındığını təsdiqləyib. Əsgərin atası deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb: “Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.

Tarix: 30 Noyabr 2020, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin