BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç görmüsünüz, müharibədə bir azərbaycanlı desin ki, "Unum, çörəyim, nöyütüm, yeməyim yoxdur?”

"Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!”

 

Noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin iftixar və qürurla bütün Azərbaycan xalqına, o cümlədən də biz şuşalılara duyurduğu bu müjdəni eşidəndə gözlərim doldu, ağladım.

 

Bir anlığa sustaldım, sanki hər şey yuxu idi. Axı, neçə illər idi ki, bu xəbəri eşidəcəyimiz günün həsrətini çəkirdik. Şuşasız qaldığımız hər an, hər saniyə ora qayıtmaq ümidi ilə yaşayırdıq.

 

Sözün düzü, bəzən, ümidimizin tükəndiyi zamanlar da olurdu, Şuşanı bir daha görə bilmədən bu dünyadan köçəcəyimizi düşünürdük, amma tezcə də bu dəhşətli fikirləri beynimizdən uzaqlaşdırır, qəlbimizdəki ana yurda dönmə ümidini ölməyə qoymurduq.

 

Və 28 ildən sonra, sanki İlahi möcüzə baş verdi. Ali Baş Komandanımızın qətiyyəti sayəsində şuşalıların əlçatmaz görünən bütün ümidləri, arzuları bir andaca həyata keçdi. Elə həmin o müqəddəs andaca, illərdir məcburi köçkün həyatı yaşamağa məhkum edilən doğma elim şuşalı bəxtəvərlərə çevrildi...”

 

Yerdə də, göydə də Şuşadan bir iz, bir nişanə axtarmışdı, amma heyhat...

 

O, 41 yaşında Şuşaya son dəfə əlvida demişdi və taleyinə ömrünün sonrakı illərini vətən qəribçiliyində keçirmək kimi ağrılı-acılı bir yazı düşmüşdü. İndən sonra Şuşaya yalnız xatirələri, röyaları, bir də fotoların o üzündən qəmli-qəmli boylanan donmuş xoşbəxt anlar sayəsində qayıda biləcəkdi.

 

Hə, bu, Qala divarlarıdır, bu, Xurşidbanu Natəvanın evi, bu, Gövhərağa məscididir, bu isə mərkəzi parkdır, ona güllü park da deyirdilər, bura isə Cıdır düzüdür, Çuxur məhəllə, Vaqifin məqbərəsi...

 

İllərdi ki, xəyallarında hər daşına, qayasına, dağına, dərəsinə bələd olduğu yurdunu qarış-qarış ələk-vələk edirdi. Bir qərinəyə yaxın idi ki, Şuşa doğma cığırlarıyla, dərin yarğanlarıyla, sıldırımlarıyla köçərək alnında qırışa, qəlbində həsrət dağına çevrilmişdi. Yerdə də, göydə də Şuşadan bir iz, bir nişanə axtarmışdı, amma heyhat...

 

Yer üzündə varmıydı elə bir yer ki, Şuşaya tay tutasan, Cıdır düzüylə yarışdırasan, adı çəkiləndə vətəni andıran çiçək mövcuddurmu ki, xarıbülbülə yaraşdırasan?!

 

Yaman uzun keçmişdi, doğma yurdsuz keçirdiyi bu həsrət yüklü illər Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov üçün də... Elə "Qarabağ söhbətləri”ndə də Şuşalı, Şuşasız günlərinə bir daha qayıtmış, bəzən xoş xəyallara dalmış, bəzən isə yaşadığı nisgildən kövrəlmişdi. Və tezcə də artıq Şuşa həsrətinin sona yetmə iftixarına qapılıb xoşbəxtcəsinə gülümsəmişdi və demişdi ki: "Ömrümün qalan hissəsini Şuşasız qalmaq, yaşamaq istəmirəm”.

 

Bu möhtəşəm bayram münasibətilə də körpəyə Bayram adı verilir

 

1951-ci il mart ayının 21-də, "Novruz” bayramında Şuşada Əsəd kişinin ailəsində ikiqat bayram yaşanırdı. Ailənin ilk oğul övladı dünyaya gəlmişdi və elə bu möhtəşəm bayram münasibətilə də körpəyə Bayram adı verilmişdi. Görünür, buna görə idi ki, sonralar Şuşalı günlərini fikrində çözələyəndə də ən çox yadına düşən elə baharlı xatirələri olurdu.

 

- Yadımdadır, həmişə mart ayında Cıdır düzünə çıxardım. Hər tərəf qardan bəyaz örtüyə bürünərdi, amma ala-tala qaralan sal daşların qırağında bir az əriyərdi. Həmin yerdə qarı eşələyib bənövşə axtarardım. Çox xoşlayıram bənövşəni. Elə olub ki, bir neçə saat ərzində Cıdır düzünü gəzmişəm, 2-3 dənə bənövşə ancaq tapmışam. Amma həmin o iki-üç bənövşənin gözəlliyini görmək, ətrini duymaq bütün əziyyətlərimi unutdurub.

 

Xarıbülbül dövründə isə Cıdır düzündə bu gülü axtarıb tapmaq bir başqa zövq idi. Otun, çiçəyin içərisindən xarıbülbülü naşı adam ayırıb tapa bilməzdi. Çünki Şuşamızın rəmzi xarıbülbül ilk baxışdan seçilmirdi, bir yandan baxırdın güldür, digər tərəfdən bülbül, çevirirdin xar. Nə deyim vallah, bu adi gül deyil, təbiətin möcüzəsidir...

 

Uşaqlıq xatirələrinə naxış salmış başqa bir mənzərə isə günəşli gündə yağan qısa yağmurdan sonra Şuşa dağlarının üzərində "Fatma nənənin qurduğu həna” olurdu...

 

- Şuşada hündür qayaların üzərinə çıxıb gözüm işlədikcə uzağa baxırdım. Cıdır düzündə, Qızıl qaya deyilən yerlərdə gəzəndə aşağıdakı yarğanların üzərində uçan qartalları seyr edirdim. Sanki bütün dünya ayağımın altında idi. Yəni Şuşa zirvədəydi, buna görə də, hər zaman dağlara da, qayalara da, meşələrə də, elə qartallara da yuxarıdan aşağı baxırdıq...

 

İlin çox vaxtında göy qurşağı çıxırdı, biz uşaqlar da baxıb deyirdik ki, "Fatma nənə həna qurub”. Sonralar o cür göy qurşağını başqa heç yerdə görmədim. Xatirimdədir, bir neçə il əvvəl Şamaxıya gedəndə səmada Şuşadakına bənzəyən bir topa ağ bulud gördüm. Həmin buluda baxanda doluxsunmuşdum, bilmirəm, bəlkə də elə o bulud buraya Şuşadan gəlmişdi...

 

Tank, BTR, vertolyotla bütün kəndlərə lazımi malları çatdırırdıq

 

- Zəhmətkeş ailədə dünyaya göz açmışam. Biz 10 uşaq olmuşuq. Anam evdar qadın idi, amma bizim təlim-tərbiyəmizdə böyük rol oynayıb, hamımıza ali təhsil verib. Atamın da zəhməti, əziyyəti çox olub üzərimizdə. O, bizi elə saxlayıb ki, bir dəfə də olsun korluq deyilən şey hiss etməmişik, ehtiyac nə olduğunu bilməmişik. Baxmayaraq ki, elə də çox varlı olmayıb, amma bizi mənəvi cəhətdən zəngin böyüdüb, xeyirxahlıq etməyi, insanları sevməyi, zəhmətkeşliyi aşılayıb. Həm də atam məni uşaqlıqdan ailənin böyüyü kimi tərbiyələndirmişdi. Məsələn, bacı-qardaşlarıma da deyirdi ki, hər hansı məsələ ilə bağlı mütləq mənim də icazəmi alsınlar. Elə indinin özündə də bütün bacı-qardaşlarım ailənin böyüyü, ağsaqqalı kimi sözümə qulaq asırlar.

 

Yeniyetməlik dövrümdən atama, anama, ailəmizə kömək etməyə, dəstək durmağa çalışmışam. 17 yaşımdan Şuşa Kurort Ticarət İdarəsində işləmişəm, sonra isə qiyabi təhsil almışam. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakıdakı filialında Ticarətin təşkili və iqtisadiyyat fakültəsində oxumuşam. Sonra isə Şuşa Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri olmuşam.

 

Elə Şuşanın çətin, dar günlərində də Şuşada vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt "raypo” deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda "Azərittifaq”ın idarə heyətinin üzvü idim. Heç görmüsünüz, müharibədə bir nəfər azərbaycanlı desin ki, "Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur?” Hamı deyirdi ki, silahım yoxdur! Mən sinəmə döymürəm, amma o xidməti biz göstərmişik. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə lazımi mallarını çatdırmışıq.

 

Alnıaçıq, zəhmətlə, əziyyətlə böyümüşəm. Qoçaq deyim, cəsarətli deyim, ya cürətli deyim, bilmirəm, bacardığım qədər tapşırılan vəzifələrin öhdəsindən gəlməyə çalışmışam. Heç vaxt mənə verilən tapşırığı icra edib qurtarmayana qədər sakitləşməmişəm.

 

Bir müddət isə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Cəmi üç ay müddətində Şuşanın tarixində izi qalan böyük insanlarla - Mikayıl Gözəlovla, Mənsur Məmmədovla və Nizami Bəhmənovla bir yerdə işləmək nəsibim olub. Lakin ovaxtkı hakimiyyətin Şuşaya heç bir kömək etməməsi səbəbindən 5 mart 1992-ci ildə vəzifəmdən istefa vermişəm.

 

Ağlıma da gətirməzdim ki, bir daha Şuşaya qayıda bilməyəcəm

 

Amma Bayram Səfərov qarşıda onu daha ağır sınaqların, çətinliklərin gözlədiyindən xəbərsizdi. Bilmirdi ki, doğma Şuşasındakı xoşbəxt günlərinə cəmi 2 aylıq qısa bir zaman dilimi qalıb. O məşum işğal ərəfəsində Şuşa və şuşalılar toplu, tüfəngli azğın düşmənlə təkbaşına qəhrəmanlıqla döyüşür, Qarabağın alınmaz qalasını rəşadətlə qoruyurdular. Əfsus ki, onlara heç bir yerdən kömək gəlmirdi, vəziyyət hər ötən an daha da kəskinləşirdi. Amma yaşadıqları bu çətinliklərə baxmayaraq, onlar heç zaman ağıllarına belə gətirmək istəmirdilər ki, Şuşa işğal olunar və Şuşadan ayrı qalarlar...

 

- 1992-ci il may ayının 6-da Şuşadan çıxmışam. Çünki ayın 7-də dostumun qardaşının il mərasimində iştirak etmək üçün Bərdəyə getmişdim. O dövrdə Şuşada yas vermək mümkün deyildi. Ağlıma da gətirməzdim ki, bir daha Şuşaya qayıda bilməyəcəm. Amma mayın 6-na qədər bütün ailə üzvlərimiz Şuşada idi, iki qardaşım isə mayın 8-də Şuşadan çıxıb. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən? Ailə üzvlərimizin hamısı sağ-salamat gələ bilmişdi. Amma bir dayımın oğlu sonradan Kəlbəcərə getmişdi, qar uçqununda qalmışdı. Mən özüm onu axtarmaq üçün Daşkəsənə qədər getmişdim. Orada şəhid balalarımızın qarın altında qalaraq necə donub öldüklərinin şahidi oldum. Amma bu faciəli mənzərəni görüb yaşamaq çox ağırdır. Hələ də o gün gördüklərim gözlərim önündən getmir və illər sonra belə xatırladıqca eyni ağrı-acılı hissləri keçirirəm...

 

Şuşasız Şuşa şəhərinin icra başçısı olmağın əzablarını yaşamışam

 

Şuşadakı məhəllələri, evləri, malikanələri, orada yaşayan sakinləri kiçiyindən böyüyünə adbaad tanıyırdı Bayram müəllim. Bilirdi ki, şuşalılar necə bir zəngin mühitdə yaşayıblar, yaradıblar. Və məcburi köçkünlük illərində el-obasının bu cür çətin vəziyyətdə yaşaması ona çox ağır gəlirdi...

 

- Bu illər ərzində, həm də Şuşasız Şuşa şəhərinin icra başçısı olmağın əzablarını yaşamışam. Elə olub ki, hansısa məsələ ilə bağlı şuşalılar mənə müraciət edib, amma imkanım olmayıb ki, onlara kömək göstərim. Yanıma elə adamlar gəlib ki, onların Şuşadakı ata-baba mülkləri çox böyük olub, amma məcburi köçkünlükdə çətin şəraitdə yaşamağa məcbur olublar. Onların qaldıqları yerləri, hansı şəraitdə yaşadıqlarını görəndə ürəyim ağrıyırdı.

 

Düzdür, Azərbaycan dövləti, hakimiyyəti hər zaman məcburi köçkünlərə kömək göstərib, xüsusilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu diqqət və qayğı daha da yüksək olub. Onlar üçün qəsəbələr salınıb, işlə təmin olunublar, maddi yardımlar göstərilib. Eyni zamanda məcburi köçkünlərə göstərilən bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa diqqəti sayəsində ən yüksək zirvəsinə çatıb. Tam əminliklə demək olar ki, dünyanın heç bir ölkəsində qaçqın və məcburi köçkünlərə bu səviyyədə qayğı və diqqət göstərilməyib.

 

Bütün Azərbaycan xalqı bizə əl tutub, kömək edib. Təbii ki, həm dövlətimizin, həm də ümumilikdə xalqımızın maddi və mənəvi dəstək durması, bizlərə də əlavə ruh verib. Həmçinin Şuşaya qayıdacağımızla bağlı ümidlərimizin ölməsinə imkan verməyib.

 

İllər əvvəl Ulu Öndər Heydər Əliyev əziz qonağımız olmuşdu

 

- Şükürlər olsun Allaha ki, biz artıq qaçqın həyatından qurtulur, Şuşaya, doğma Qarabağın digər şəhər və rayonlarına qayıtmağa hazırlaşırıq, bir sözlə, köç ərəfəsindəyik. İndi ən böyük arzumuz, bizə bu xoşbəxtliyi yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, eyni zamanda bizə doğma qucağını açmış xalqımızı o səfalı yurdlarda qonaq etmək, qulluqlarında durmaqdır.

 

Necə ki, elə illər əvvəl Ulu Öndər Heydər Əliyev Şuşaya bir ildə iki dəfə səfər edərək əziz qonağımız olmuş, bizə fəxarət gətirmişdi.

 

1982-ci ilin yanvar ayıydı. Həmin gün Şuşaya lopa-lopa qar yağırdı. Yadımdadır, yollar sürüşkən idi və əhalimiz Heydər Əliyevin maşınını Şuşaya əllərinin üstündə çıxarmışdılar.

 

Ulu Öndər Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etdi, təntənəli nitq söylədi. O zaman möhtərəm Prezidentimiz İlham Əliyev də, Zərifə xanım da onunlaydı. Natəvan xanımın büstünün açılışında da rəhmətlik Heydər Əliyev Şuşaya gəlmişdi. Bütün bu ziyarətlər isə hər bir şuşalıda böyük əhvali-ruhiyyəyə səbəb olmuş, illər sonra belə unutmayacaqları əziz günlərə çevrilmişdi.

 

Onu da qeyd edim ki, hələ 1976-cı ildə Heydər Əliyev Mərkəzi Komitənin qərarı ilə Şuşanı Ümumittifaq Kurort Əhəmiyyətli Şəhər elan etmişdi. Və təsadüfi deyildi ki, Ulu Öndər Moskvaya göndərildikdən sonra Şuşanın inkişafında süstlük yaranmışdı.

 

Şuşanın havasının saflığı hətta Davos şəhərinin havasından da yaxşıdır

 

- Bəli, Şuşa qonaqlı-qaralı şəhər idi. Demək olar ki, bütün Azərbaycan bura dincəlməyə gəlirdi. SSRİ-dən, dünyanın çox yerlərindən Şuşaya üz tuturdular və onun havasına, suyuna, torpağına heyran qalırdılar.

 

Xatirimdədir, təxminən 1991-ci il idi, akademik Saxarov Şuşaya gəlmişdi. Şuşa Rayon Polis Şöbəsinin rəisi Ələmdar Tağıyevlə birlikdə Saxarovu Cıdır düzündə gəzdirirdik (o zaman Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri idim). Ona ermənilərin Topxana meşəsində ekoloji terror törədərək ağacları necə qırmağını göstərirdik. Bir az gəzəndən sonra qəfildən akademik dayandı və dərindən nəfəs almağa başladı. Mən əvvəlcə qorxdum ki, yəqin ona nəsə oldu. Bir az dərindən nəfəs alandan sonra o özünə gəldi və bizə rus dilində dedi ki, "bilirsiniz, buranın havasının saflığı hətta Davos şəhərinin havasından da yaxşıdır”.

 

Akademiklə bağlı bir az əvvəl keçirdiyim qorxunun isə bəlli səbəbi vardı...

 

Xankəndinin aşağısından, "Ağa körpüsü” deyirdik, oradan sonra Şuşaya doğru hündürlük başlayırdı. Təzyiqi olan adamlarsa, Şuşaya birbaşa qalxanda təzyiqləri yüksəlirdi, vəziyyətləri çox pis olurdu. Belə olanda onu dərhal maşına qoyub aşağı endirirdilər. Təzyiqi normallaşandan sonra isə mərhələ-mərhələ Şuşaya gətirirdilər.

 

Azərbaycandan Avropaya təhsil almaq üçün göndərilən 100 gəncdən 25-i şuşalı idi

 

- Həqiqətən, Şuşada olan, oranın havası ilə nəfəs alan, suyundan içən hər kəs etiraf edirdi ki, Şuşanı dünyanın hansısa yeri ilə müqayisə etmək olmaz, o, təkrarsızdır, bənzərsizdir. Bu xanzadə şəhərin adına yaraşan yaşam tərzi vardı. Şuşa təkcə təbii gözəlliyi ilə deyil, kübar cəmiyyəti, mədəni mühiti, yüksək təhsili ilə də fərqlənirdi. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Şuşa Azərbaycanı dünyada ən çox təmsil edən insanları yetişdirən bir diyar olub. Şuşanın yetirdiyi dahiləri saymaqla bitməz, ziyalıların, şairlərin, yazıçıların, musiqiçilərin, bəstəkarların hansının adını çəkim, hansı qalsın?!.

 

Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Mir Mövsüm Nəvvab, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlu, Xan əmi, Bülbül, Əhməd Ağoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Lətif Kərimov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov və daha saymadığım və adları ilə fəxr etdiyimiz minlərlə məşhur şuşalılar...

 

Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycandan Avropaya təhsil almaq üçün göndərilən 100 gəncdən 25-i şuşalı idi.

 

Çox təəssüf ki, sonradan bu qiymətli ziyalılarımızın bir çoxu Sovetin dəmir repressiyasının qurbanına çevrilmişdi...

 

Mənəvi, ruhi və fiziki saflığın harmoniyası da Şuşadadır...

 

Şuşa haqqında bütün bu qürurlu faktları dinlədikcə, təbii ki, hər kəsin beynindən bu suallar keçir: Şuşanın bu cür qüdrətli insanlar yetişdirməsinin İlahi sirri nədir görəsən? Havası, suyu, təbiətimidir? Bəlkə də hamısı və bir də çox vacib bir nüans: mənəvi, ruhi və fiziki saflığın harmoniyası...

 

- Vaxtilə müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasının səbəbidir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qədd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.

 

Şuşada 17 məhəllə olub: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli...

 

Bu məhəllələrin isə hər birinin öz məscidi, öz hamamı, öz bulağı olub...

 

Anamın, atamın, qardaşımın qəbri Şuşadadır

 

- Əvvəllər Şuşanın 90-100 min nəfərə qədər əhalisi olub, ancaq şəhər erməni rəhbərliyi altında vilayətə tabe olduqdan sonra əhalisi azalıb. Ermənilər hətta azərbaycanlıların həyətlərində belə özlərinə ayrı bir ev tikməsinə imkan vermirdilər. İnsanların şəraitdən bezərək buranı tərk etməsini istəyirdilər. Eyni zamanda kənardan təsərrüfatla məşğul olmaq üçün buraya gələn Kəlbəcər və Laçın əhalisini də qeydiyyata almırdılar. Bütün bunları isə ona görə edirdilər ki, Şuşada azərbaycanlı əhalinin sayı azalsın. Erməni faşistləri xalqımıza qarşı çox mənfur işlər həyata keçiriblər, saymaqla bitməz...

 

Anamın, atamın, qardaşımın qəbri Şuşadadır. Hətta ermənilər Şuşada olduğum zaman elə bir şərait yaratdılar ki, atamın qəbrinin üzərinə Ağdamda düzəltdirdiyim başdaşı, sinədaşını aparıb qoydura bilmədim. Çünki qəbiristanlıqla ermənilərin iki kəndinin məsafəsi yaxın idi və məzarlıqda işləyənləri güllə ilə vura bilərdilər, onlar belə namərd idilər...

 

Hər zaman demişəm ki, bu dünyada hər şeyim var, amma sanki heç bir şeyim yoxdur. Bu illər ərzində belə yaşamışam. Heç zaman özümə bağışlaya bilməmişəm ki, necə olur ki, atamın, anamın, qardaşımın qəbrini ziyarət edə bilmirəm?! Məni həyata gətirən, tərbiyə, təhsil verən anamın məzarına 1 dəstə gül qoya bilmirəm...

 

Görün, erməni bizə necə dağ çəkib, nə zülmlər edib...

 

Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi

 

- Əslində, bu faşist xislətlilər 200 il idi ki, xalqımıza qarşı çirkin planlar qurur, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər. Amma haqq-ədalət günü yetişdi və müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəşadəti sayəsində cəmi 44 günə bu mənfur siyasətləri bir daha dirçəlməyəcək şəkildə darmadağın edildi.

 

Möhtərəm Prezidentimiz bizi yurd qəribçiliyindən qurtardı, qürurumuzu qaytardı özümüzə... Dövlət başçımızın Azərbaycan xalqının həyatına yazdığı şanlı qəhrəmanlıq salnaməsi, tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu və min illərin o üzündə belə daim fəxarətlə anılacaq.

 

Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı...

 

Şuşalılar doğma yurdumuzun azadlıq xəbərini eşidəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik.

 

Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki...

 

Mən torpaqlarımızın azadlığı uğrunda canını qurban edən bütün şəhid övladlarımızın ruhu qarşısında da baş əyir, onlara uca Allahdan rəhmət diləyirəm.

 

Şuşada ilk gedəcəyim yer qəbiristanlıq olacaq, doğmalarımın məzarlarını ziyarət edəcəm. Sonra evimə baş çəkəcəm, yəqin ki, indi xarabazara çevrilib. Yaşamaq üçün yer olmasa da, çadır qurub onun içində yaşayacam. Daha ömrümün qalan hissəsini Şuşasız qalmaq, yaşamaq istəmirəm...

 

Şuşa ilə bağlı arzularım çoxdur. Həyatımın qalan hissəsini Şuşama, şuşalılarıma həsr etmək, xalqıma, dövlətimə, Prezidentimə xidmət göstərmək istəyirəm. Şuşada quruculuq işləri çox olacaq, bilirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev Mehriban xanımla birlikdə Şuşanı yenidən qədimliklə müasirliyin çulğalaşdığı cənnət-məkana çevirəcək.

 

41 yaşında çıxdığı Şuşaya 70-i haqlamış ağsaqqal kimi qayıdır...

 

Bəli, ömrünün yarısı Şuşada, elə bir o qədəri də Şuşa həsrəti ilə keçdi. Qatarlanıb həyatın qürub üfüqünə doğru sürətlə irəliləyən bu zaman dilimində ürəyində nələr qövr etmədi, nələri qəlbindən keçirmədi ki?

 

"Şuşanı görmədən bu dünyadan köçəcəm”, - deyə çox amansız gümanlarla savaşdı. Əl açdı Allaha, "səndən ömür istəmirəm, mənə möhlət ver” dedi, "Şuşasız yaşamaq, Şuşasız ölmək istəmirəm” - söylədi...

 

Və dualarının qəbul olunduğu o müqəddəs günə isə 2020-ci ilin 8 noyabrında, Şuşasızlığın 28-ci ilində yetişdi. İndi Bayram müəllim 41 yaşında tərk etməyə məcbur qaldığı Şuşaya, vətən həsrətinin üzündə cığıra, alnında qırışa çevrildiyi Şuşasına 70-i haqlamış ağsaqqal kimi yenidən qayıdır...

 

Şuşa Azərbaycandır!..

 

"Azərbaycan” qəzeti

Tarix: 1 Dekabr 2020, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin