BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. 10 noyabr bəyanatına əsasən Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad etməsi mühüm əhəmiyyətə malikdir.

 

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

 

O bildirib ki, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir: “Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı. Artıq Laçının işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpa olunması deməkdir. Rayonun strateji əhəmiyyətini nəzərə alsaq, onun işğaldan azad edilməsi həqiqətən də tarixi hadisədir.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq, iradə nümayiş etdirərək xalqımızın maraqlarını qətiyyətlə müdafiə edib: “10 noyabr razılaşması cənab Prezident İlham Əliyevin böyük diplomatik məharəti, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq. Bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək. Orada yaşayan əhali üçün yeni perspektivlər açılacaq”.

 

S.Fətəliyeva deyib ki, müharibədə məğlub olan Ermənistan beynəlxalq münasibətlər sistemində sebyekt deyil, obyektdir: “Onun bu vəziyyətə düşməsi Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Əgər bu ölkə zamanında Azərbaycanın çağırışlarına əməl edib işğalçılıq siyasətinə son qoysaydı, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin iştirakçısı ola bilərdi. Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciəti zamanı bu məsələlərlə bağlı fikirlərini ətraflı şəkildə bildirdi”.

 

Millət vəkili vurğulayıb ki, noyabrın 10-da imzalanmış bəyanat ardıcıl şəkildə icra edilir: “Razılaşmalara əsasən atəşkəs təmin edilib. Üç rayon Azərbaycana qaytarılıb. Rusiya sülhməramlıları bölgədə yerləşdirilib. Atəşkəsə nəzarət üzrə sülhməramlı Türkiyə-Rusiya mərkəzi yaradılıb. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Eyni zamanda, BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaqlar. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq”.

 

Sədr müavinin fikrincə, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir: “Cənab Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”.

Tarix: 3 Dekabr 2020, 06:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin