BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov Adil İsmayılovdan yazdı: “Aramızda olan mübahisələrin kimlərinsə bilməsini istəmirdik”

Hüquqşünas Aslan İsmayılov koronavirusdan vəfat edən vəkil Adil İsmayılovla bağlı fikirlərini bölüşüb.

 

Pravda.az-ın xəbərinə görə, yazını təqdim edirik:

 

“Tam səmimi deyirəm ki, Adilin yoxluğunun mənə bu qədər pis təsir edəcəyini heç gözləmirdim. Adillə məni bir çoxları qohum, bir çoxları isə dost bilirdi və ona görə də çoxları bəzən yazılarında bizi dəyişik salırdılar (elə bu gün də bir çoxları mənim yaxınlarıma zəng edib rəhmətə getməyimlə bağlı baş sağlığı verib). Ancaq heç biri yox idi. Biz bir-birimizə çox hörmətlə yanaşan, peşəkarlığı ilə hesablaşan, öz bildiyimizdən heç vaxt əl çəkməyən və bu ölkədə bəlkə də ən çox mübahisə edən hüquqşünaslar idik. Çox mübahisələrimiz bəzən az qala davaya çevrilib, bir-birimizdən küsmüşük, bəzən uzun müddət danışmamışıq və bu münasibətin ictimailəşməsini istəməmişik. Ancaq heç vaxt bir-birimizə pislik arzulamamışıq və çətin məqamlarda çoxlarının gözləmədiyi halda bir-birimizi müdafiə etmişik. Hər ikimiz öz fikirlərimizin düz olduğuna əmin idik və daim fikirlərimizi müdafiə edirdik. Aramızda olan mübahisələrin kimlərinsə bilməsini istəmirdik. Elə Adilin son dövrlər məni debatlara çağırmasına fikir bildirməməyim də münasibətlərimizdən kimlərinsə istifadə etməməsi və münasibətlərimizi pozmamaq üçün idi. Bu ölkədə Adil bəlkə də məni ən çox qorumaq istəyən, gözlənilən təhlükələrdən xəbərdar edən şəxs idi. Bir çox mübahisələrimiz də Adilin fikrinə görə mənim hadisələrə həddindən artıq aqressiv münasibət bildirməyimlə bağlı idi.

 

Adili Azərbaycana gəldiyim ilk günlərdən tanımışam. Onun peşəkarlığını həm müstəntiq, həm də vəkil kimi həmişə qeyd etmişəm. Prezident Aparatından işdən qovulandan sonra birgə Adilin vəkil bürosunda işləmək fikrimiz də var idi. Ancaq dünya görüşlərimizdə bəzi ciddi fikir ayrılığı olduğundan birgə işimiz alınmadı. Tanıyanlar bilir ki, vəkillik peşəsində özümə sözün yaxşı mənasında rəqib kimi ancaq Adili görmüşəm. Bununla belə, həmişə qeyd etmişəm ki, müstəqillik illərinin ilk günlərindən Azərbaycanda müstəqil vəkillik məhz Adildən başlayıb. İlk müstəqil fəaliyyət göstərən, öz vəkil bürosunu açan da Adil olub. Bu gündən etibarən mənim üçün Adilsiz çox sevdiyim vəkillik peşəsi sanki öz əhəmiyyətini itirdi... Adilin 1990-cı illərin əvvəllərində müxalifət qəzetlərində çox mükəmməl yazıları çıxırdı və dəfələrlə həmin yazılarını kitab şəklində buraxmasını xahiş etmişdim. Adil bu ölkədə həmişə ən məlumatlı vəkil olub. Bununla bağlı da dəfələrlə xatirələr formasında kitab yazmasını xahiş etmişdim. Əminəm ki, Adil gördüklərini, bildiklərini xatirələr şəklində yazsa bu ölkədə ən çox oxunan kitab olardı. Bu gün ən vacibi Adilin arxivinin saxlanılması və gələcəkdə incələnib kitab halına gətirilməsidir. Özü də bu tək Adilə yox, həm də ölkəmiz üçün vacib işdir. Adilin çox maraqlı, çox nadir, ölkədəki real hadisələri əks etdirən çox zəngin arxivinin olmasına isə heç bir şübhəm yoxdur.

Allah rəhmət eləsin, doğmalarına səbr versin”.

Tarix: 3 Dekabr 2020, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin