BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili başa çatıb” – Adil Əliyev

Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradə nəticəsində rəşadətli Ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşməndən təmizləndi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsədlə bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsait nəzərdə tutulub.

 

Təəssüflə deyə bilərik ki, Ermənistan təkcə işğalçılıq siyasəti həyata keçirməyib, eyni zamanda, işğal altında olan ərazilərimizdə vandallıq və barbarlıq edərək bütün maddi və mənəvi obyektləri dağıdıb və sıradan çıxarıb.

 

Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

 

Adil Əliyev bildirib ki, işğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Şuşa şəhəri mübaliğəsiz Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi olub. Şuşadakı Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbül ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcək.

 

“Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir!”, - deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, multikulturalizm siyasətinin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilməsi, tolerantlıq və birgəyaşayış nümunələrinin mövcudluğu öz uğurlu nəticəsini verdi. Vətən müharibəsi dövründə Ermənistan hökumətinin bu münaqişəni dinlərarası müharibə kimi göstərmək cəhdinə baxmayaraq, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazinin öz doğma torpağı olduğunu bir daha nümayiş etdirdi.

 

Adil Əliyev diqqətə çatdırıb ki, Ermənistan işğal altında olan məscidləri dağıdarkən, dini ziyarətgahlarda talançılıq siyasəti apararkən, onlardan tövlə kimi istifadə edərkən, bunun tam əksi olaraq ölkəmizdəki kilsələr, digər dini məbədlər qorunub, bütün dinlərin bərabər inkişafı üçün lazımi şərait yaradılıb. Təəssüflə qeyd etmək lazımdır ki, heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmadı, düşmənin dini və mənəvi dəyərlərimizə qarşı apardığı barbar və vandal siyasəti qınamadı. İşğaldan azad edilmiş ərazilərimizdə bütün dini abidələrimizin, ziyarətgahlarımızın tezliklə bərpa olunması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilir.

 

“Artıq Qarabağımıza uzun illərdir gözlənilən yeni nəfəs gəlir. Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili başa çatıb. Xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa, Kəlbəcər, Laçın və işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinin aparılması dövlətimizin bu sahəyə böyük önəm verdiyinin bariz nümunəsidir.

 

Şuşamızda keçirilməsi planlaşdırılan mədəni tədbirlər artıq xəyal deyil. Xalqımızın ülvi arzularını reallaşdıran Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna eşq olsun!”, - deyə Milli Məclis sədrinin müavini fikirlərini tamamlayıb.Azərtac

Tarix: 7 Yanvar 2021, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin