BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dediklərimi təsdiqləyən materialları Sərdar Cəlaloğluya təqdim eləyə bilərəm” – "Agent" QALMAQALI

Rusiya sülhməramlıları Qarabağa gələndən sonra Azərbaycanın siyasi arenasında “agent”, “5-ci kolon” ittihamları daha da artıb. Son günlər isə ADP sədri Sərdar Cəlaloğlu ilə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov arasında “agent” qalmaqalı, qarşılıqlı ittihamlar yaşanır.

 

Tofiq Zülfüqarov “Space” telekanalında baş tutan müzakirələr zamanı Sərdar Cəlaloğlu ilə aralarında yaranan mübahisəni özünün “feysbuk” səhifəsində davam etdirib. Sabiq nazir paylaşdığı statusda partiya sədrini “agent” olmaqda günahlandırıb və hətta onun kod adını, onu “əməkdaşlığa” cəlb edənin kimliyini belə bildiyini qeyd edib: “Özüm baxmıram, amma dostlarım deyir ki, Sərdar Cəlaloğlu mənimlə bağlı isterikanı davam etdirir. O, bununla məşhurdur ki, ”əməkdaşlığa" (hələlik onun kod adını və onu “verbovka” edən əməkdaşın adını söyləmirəm) başlayandan sonra informatorluqdan başqa, həm də ona nə deyirlərsə, həmin şeyi “səsgücləndirici” ilə söyləməklə məşğuldur. Lakin bu, yeni xəbər deyil, bunu hamı, ya da demək olar ki, hamı bilir..."

 

T.Zülfüqarovun onun barəsində yazdıqlarına Azpolitika.info-ya açıqlamasında cavab verən S.Cəlaloğlu qeyd edib ki, sabiq nazirin dedikləri yalan və böhtandır: “Bu, böhtandan başqa bir şey deyil. Mən onun haqqında bəzi fikirlər demişəm. O da indi guya mənə cavab verir. Belə üstüörtülü danışmağa ehtiyac görmürəm. Məni kim, harada ”verbovka" edibsə, desin. Mən elə adamlardan deyiləm ki, məni “verbovka” etsinlər.

 

Hakimiyyətə münasibətim müsbət olanda açıq demişəm ki, bu hallara görə münasibətim yaxşıdır, pis olanda da, demişəm ki, pisdir. Həbsxanalarda yatmışam. Ancaq işgəncələrə məruz qalmağıma baxmayaraq, heç bir dostum və ya başqa partiya haqqında yanlış fikir deməmişəm. Əslində mənim həyat yolum göstərir ki, onun dedikləri böhtandan başqa bir şey deyil".

 

S.Cəlaloğlu T.Zülfüqarovu açıq danışmağa və bildiyi faktları açıqlamağa çağırıb: “Bir daha bildirirəm ki, qoy Tofiq Zülfüqarov fikirlərini açıq desin. Mənə şər atmağa nə ehtiyac var? Lazım gəlsə, məhkəməyə müraciət edərəm. Bu nə deməkdir, guya məni kimsə ”verbovka" edib?! Mən ona Rusiyanın maraqlarını müdafiə etdiyinə dair irad bildirmişəm. Çünki deyirdi ki, rusların bura gəlməsi düz oldu. Bu fikirləri yanlış və səhv saymışam. O da buna görə mənə qarşı belə formada hücum edir. Biz “Space” kanalında verilişdə idik. Mən bəzi məqamlara etirazımı bildirdim. Bundan sonra guya mənim onu agent adlandırdığımı dedi, hərçənd mən ona agent deməmişdim, sonra da dedi ki, siz agentsiniz. Hətta arqument kimi mənim kiminsə müavini olduğumu nümunə gətirdi. Mən onda başa düşdüm ki, Sülhəddin Əkbərlə məni qarışdırır. Çünki ikimizin də rəhbəri olduğumuz partiyaların adında “demokrat” sözü var. Sülhəddin bəy Elçibəy hakimiyyəti zamanı milli təhlükəsizlik nazirinin müavini işləyib. Belə anladım ki, mənimlə onu qarışdırır. Ancaq mən heç vaxt kiminsə müavini olmamışam. Üstəlik, dövlət vəzifəsində çalışmamışam. İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olduğu zaman baş katib vəzifəsini tutmuşam. Həyatım boyu heç kimin müavini olmamışam. Görünən odur ki, mənim haqqımda çox dayaz məlumata malikdir. Onun məntiqi belədir ki, “sən müavin olmusan və buna görə agentsən”".

 

ADP sədri deyib ki, onun fəaliyyəti hər zaman şəffaf olub və heç kim onu hansısa böhtan vasitəsilə şantaj edə bilməz: “Mənim tərcümeyi-halım təmiz, həyatım, yaşamım, işim şəffafdır. Məni hamı yaxşı tanıyır. Müxalifət də, iqtidar da. Bu cür şantajla məni dayandırmaq olmaz. Faktı varsa, çıxıb desin. Belə daş atmaq, ağıllarına gələni demək... Nə deyirlər-desinlər. Hansı ləqəblər istəyirlər, quraşdırsınlar. Mən Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olan bütün qüvvələrə qarşı mübarizəmi açıq və net şəkildə aparacağam”.

 

Partiya sədri xatırladıb ki, T. Zülfüqarov televiziyadakı çıxışı zamanı Dağlıq Qarabağda azərbaycanlılardan, ruslardan və ermənilərin qeyri-formal dəstələrindən ibarət hərbi qüvvələr yaratmağı təklif edib: “Mən də buna etiraz etdim. Nəyə görə burada türk qoşunları olmamalıdır, əvəzində ermənilər və ruslarla birgə Azərbaycanın suveren ərazilərinə nəzarət həyata keçirilməlidir? Bundan sonra qəfildən dedi ki, guya mən ona agent demişəm.

 

Bir daha qeyd edirəm ki, bəzi şəxslər Rusiyanın fəaliyyətinə haqq qazandırır, Dağlıq Qarabağı bizdən qoparmaq siyasəti ilə bağlı xalqımızı çaşdırmaq istəyirlər. Mən də buna qarşı mübarizə aparıram. Konstitusiyaya görə, Azərbaycan dövlətinin maraqlarının, Vətənin müdafiəsi hər bir vətəndaşın hüququdur. Mən də Vətənimi müdafiə edirəm. Nə deyirlər-desinlər, amma dedikləri sözlər fakta söykənsin. Belə ittihamlar, sadəcə, öz mövqeyini müdafiə edə bilməməkdən doğur. Adətən insanlar gücsüz olan kimi söyüşə üstünlük verirlər. Bu da həmin şeydir. Mən ona agent deməmişəm, əslində o, özü-özünü agent adlandırıb. Mən, sadəcə, onun fikirlərini yanlış saymışam".

 

Tofiq Zülfqarov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu onu məhkəməyə verirsə, buyursun versin: “Mənim heç bir narahatlığım yoxdur. İkincisi, ”Space" kanalında verilişdə o, mənə qarşı hansı ittihamları deyibsə, hamısı yadımdadır və verilişin videoyazısı var. Əvvəl Sərdar Cəlaloğlu orada mənə qarşı irəli sürdüyü böhtana görə cavab verər. Sonra baxarıq. Mən onun barəsində dediklərimi təsdiqləyən materialları onun özünə təqdim eləyə bilərəm. Adını çəkdiyim verilişə baxmamışam. Öz iradlarımı təşkilatçılara bildirim ki, nədən məni bu tərkibdə olan verilişə dəvət etmisiniz, mən daxili siyasətlə məşğul deyiləm axı. Mənə dedilər ki, Sərdar Cəlaloğlunu və digər partiya sədrlərini verilişə çıxarmağı Prezident Administrasiyasından məsləhət ediblər. Mən də təəccüb elədim. Verilişdə mən çıxışımı qurtarmamış Sərdar Cəlaloğlu iki dəfə sözümü kəsdi, sonra ittihamlar etdi, mənə qarşı cəfəng sözlər işlətdi. Mənim dilə gətirmədiyim sözləri, fikirləri mənim adımdan səsləndirdi, məni Rusiyanın maraqlarını güdməkdə ittiham etdi. Bütün bunlar faktiki olaraq mənə böhtanlardır. Yəni əslində o mənə böhtan atıb. Mən ona dedim ki, agent ifşa eləmək lazımdırsa, mən ifşa edərəm. Vəzyyət belə oldu. Yazdıqlarım əsaslıdır və böhtan deyil. Mən indi də dəqiq bilmirəm o, hansısa bir partiyanın rəhbəridir, ya müavinidir? Deyib ki, ola bilsin mən onu kiminləsə qarışıq salmışam. Mən heç kimi qarışıq salmıram. Dediyimi yaxşı bilirəm. Hansısa fikri başa düşməyən və başa düşmək imkanı olmayan adamların gəlib adamı heç nədə ittiham eləməsi siyasi etikadan, səviyyədən uzaq olmaqdır. Mənə qarşı ittiham irəli sürərsə, mən də imkan tapıb ittiham edəcəm. Mən hələ hər şeyi deməmişəm, amma lazım olanda deyəcəm. O adam verilişdə mənə qarşı böhtan irəli sürdüyünə görə məndən üzr istəməlidir. Mənim siyasi şoularla aram yoxdur, mən populizmlə məşğul deyiləm, daxili siyasətlə məşğul deyiləm".

Tarix: 8 Yanvar 2021, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin