BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Amerika demokratiyası heç də həqiqi demokratiya deyil”

"ABŞ-da baş verənlər, əslində, həqiqi demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər. Çünki bu vaxta qədər bütün dünyaya ideal demokratiya kimi təqdim edilən Amerika demokratiyası heç də həqiqi demokratiya deyil, tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək demokratiya idi. Bunun əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunan seçki sistemi təşkil edirdi". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

 

Hikmət Babaoğlu qeyd edib ki, Amerikada 200 illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz mövqeyini ortaya qoya bilməyib, onun səsi, sadəcə, təmsilçi seçməklə məhdudlaşdırılıb: "Ona görə də Amerika demokratiyasından danışanda onu təmsilçi demokratiya adlandırırlar. Bu isə, əslində, bir qrup siyasi elitanın hətta bir qədər də dəqiqləşdirsək, anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi. Bu demokratiya hətta o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur, hətta elitanın içərisində belə "demokratik lider"lər layihə formasında həyata keçirilirdi. Nəticə isə ölkədə respublikaçılar və demokratlar arasında hakimiyyət ötürülməsini təmin edən mexanizm yaratmaqla vətəndaş təşəbbüskarlığını, iştirakçılığını minimuma endirirdi. Bu, heç də həqiqi demokratiya adlandırıla bilməzdi. Donald Tramp məhz bu "layihələndirilmiş" demokratiyaya və onun seçki sistemindəki qüsurlarına etiraz edərək, bir növ, Amerika demokratiyasını təftişə məruz qoydu. Və dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü olan daxili struktura malik deyil".

 

Millət vəkili bildirib ki, hazırda ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən doğan amillərdir: "Bu gün bir sıravi Amerika vətəndaşı Senata daxil olub "bura mənim evimdir" şüarı səsləndirə bilirsə, bu, 200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir. Yəni əslində, xalqın nəhayət həqiqi demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir. Ona görə də 6 yanvar hadisələrindən sonra proseslər bu cür inkişaf etməkdə davam edərsə, ABŞ demokratiya tarixində yeni keyfiyyət mərhələsi başlaya bilər. Sonuncu prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin kimə və nə üçün səs verəcəkləri ilə bağlı suala təqribən 30 faiz iştirakçı öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müəyyən etdiklərini ifadə etmişdilər. Bu kateqoriyaya əsasən latındillilər daxildir. İrqi məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümumi respondentlərin 20 faizə qədərini təşkil edirdi. Bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17 faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyasi mövqelərini dəqiqləşdirəcəklərini demişdi və sair. Göründüyü kimi, təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, onlar rəsmi nəticələrdə təsdiqini tapmır. Əslində, narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə aparsaq, görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir".

Tarix: 9 Yanvar 2021, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin