BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziyafət Əsgərov: "ABŞ-da seçkilər saxtalaşdırılıb, ölülələrin adından səs verilib..."

"Şəxsən mən hesab edirəm ki, ABŞ-ın seçki sistemi çox qüsurludur. Bu ölkədə son baş verənlərin əsas səbəbi də məhz bununla bağlıdır".

 

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov bildirib.

 

Ziyafət Əsgərov deyib ki, hüquqi zəmin düz olmayanda, seçki prosesi düzgün aparılmayanda, ağır nəticələr ortaya çıxır:

 

"Ümumiyyətlə, ABŞ-ın seçki sistemi müasir dövrün tələblərinə cavab vermir. Bu da seçkinin şəffaf aparılmasında müəyyən problemlər yaradır. Hətta, Amerikalıların özləri də etiraf edirlər ki, seçkilər saxtalaşdırılıb, ölülələrin adından səs verilib və sairə. Baxmayaraq ki, bunu Amerikalılar özləri də etiraf edirlər, sadəcə olaraq, onlarda konservativ yanaşma olduğuna görə və Konstitusiyada təsbit edildiyi üçün Amerikalılar uzun illərdir ki, seçki sistemini dəyişə bilmirlər. Dəyişə bilmədiklərinə görə də bu cür biabırçılıqlar meydana gəlir".

 

Deputat qeyd edib ki, ABŞ-ın ümumi siyasi sistemində də proseslər düzgün aparılmır və demokratiya adına həddindən artıq ziyanlı işlər görülür:

 

"Düşünürəm ki, bu cür hadisələr hələ yenə davam edəcək. Son illər apardığım müşahidələrimə görə, ABŞ-da milli məsələlər düzgün həll edilmir, ölkədə qaradərili vətəndaşlara qarşı ayrı-seçkiliklər mövcuddur və sairə. ABŞ-da insanlarla polis münasibətlərində ciddi problemlər var. Gəlin ədalətlə danışaq. Azərbaycanda hər hansı mitinq keçiriləndə polis heç bir aksiya iştirakçısına zor tətbiq etmir, əksinə, insanlara yardım göstərir. Amma ABŞ və digər Qərb dövlətlərində polislər etiraz edən insanları döyürlər, onların üzərlərinə it buraxırlar. Axı bu necə demokratiyadır? Məgər insan hüquqları belə qorunur?

 

Ataların gözəl misalı var: özgəsinə quyu qazan özü düşər. Özünü "demokratiyanın beşiyi" hesab edən ölkələrdə bu gün belə hadisələrin baş verməsi çox utancvericidir. Başqa dövlətlərə dərs vermək istəyən ABŞ bu gün özü utancverici vəziyyətə düşüb. ABŞ kimi dövlətlər zamanında başqa ölkələrə ağıl öyrətmək əvəzinə, gedib öz seçki qanunvericiliklərini təkmilləşdirsəydilər, indi bu cür biabırçı vəziyyətlə üzləşməzdilər. Hesab edirəm ki, həmin dövlətlər başqa ölkələrə demokratiya dərsi keçməkdən öncə özlərində düzgün qanun-qayda yaratmalıdırlar. Mən ABŞ-da baş verən son hadisələri izlədim, doğrudan da çox biabırçı hadisədir. Ötən ilin iyulunda Azərbaycanın Milli Məclisinə də oxşar basqın edilmişdi. Ancaq Azərbaycan polisi çox sivil davrandı, zorakılığa qətiyyən imkan vermədi. ABŞ-dan fərqli olaraq, bizim ölkədə qanunu pozanlara güllə atılmadı, öldürülmədi. İndi baxın görün ki, əsl demokratiya nədir?".

 

Komitə sədri əlavə edib ki, ABŞ-da baş verən hadisələr "Milli Şura"nın dilini də lal edib:

 

"İyulun 14-də Milli Məclisə basqın ediləndə Azərbaycan polisi çox nümunəvi və sivil formada onların qarşısını aldı, bir nəfərin belə burnu qanamadı. Həmin vaxtı radikal müxalifət az qalırdı ki, Azərbaycan polisini "düşmən" çıxarsın. Bu gün ABŞ Konqresinə basqın edənlərə qarşı polisin rəftarına da baxın. Zor tətbiq edilir, güllə atılır, artıq ölənlər var. Bəs radikal müxalifətin niyə səsi çıxmır? Çünki ABŞ-da baş verənlər radikal müxalifətə sərf eləmir. Bu, Azərbaycanda baş versəydi, indi "Milli Şura" özünə yenə əl qatmışdı".Demokrat.az

Tarix: 10 Yanvar 2021, 00:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin