BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bizi bu faciədən nə sərt karantin, nə maska, nə əlcək, nə cərimə qurtara bilər” – MÜHÜM AÇIQLAMA

COVİD 19-un həkimlərimizə qarşı “Səlib Yürüşü” dayandırılmalıdır. Nəyin bahasına olursa olsun.

 

Biz artıq COVİD 19-un əsiriyik. Bu faciədən Bizi nə sərt karantin, nə mövcud məhdudiyyətlər, nə mütləq evə qapanmaq, nə maska, nə əlcək, nə cərimə, nə qorxu nə də və s. qurtara bilməz. Çünki, elmi məntiq sübut edir ki, bu tədbirlərlə  viral infeksiyaların yayılmasını yalnız ləngitmək olar, qarşısını almaq isə, olmaz, bu qeyri-mümkündür.

 

Bu həqiqəti öncədən duyan, hiss edən və görən Ölkə Başçısının birbaşa göstərişi ilə əvvəlcədən xalqımızı təmin edəcək miqdarda keyfiyyətli dərman preparatları, daha sonra isə test sınaqları dəsti alındı. Köməyinin davamlı olması və bu bəla ilə mübarizəyə dəstək olmaq üçün Ölkə başçısı ÜST-ün fonduna Azərbaycan adından 10 milyon dollar maddi yardım da etdi (bu yardımı ÜST pəhbərliyi bu gün də nümunə  kimi göstərir).

 

Yaxşı, COVUD 19-la bağlı dərman və test dəstləri cənab Prezidentimizin birbaşa göstərişilə ayrılan vəsait hesabına alınırsa, nəyə görə bu test sınaqları özəl müəssisələrdə ödənişlə aparılmalı və ya həkim nəzarəti altında ev şəraitində müalicə alan xəstələrin dərman dəstlərinə müasir antiviral və ya digər potensial aktiv preparatlar daxil edilməməlidir? Bu gün insanlar nəinki son çörək pulunu, hətta borc alaraq, kredit belə götürərək, aptekdə tapmadıqda “qara bazardan” əlçatmaz qiymətə satılan və son ümüd yeri bildikləri bu dərmanları, xəstə olmasalar belə, “ehtiyat üçün” alır, hətta kiminsə məsləhətilə profilaktik məqsədlə qəbul da edirlər.

 

Əslində hazırkı yüklənmə şəraitində Dövlət Səhiyyə sektoruna kömək məqsədilə test sınaqlarının aparılması, özəl tibb müəssisələrinə, satışı xüsusi nəzarət tələb edən antiviral preparatlar bütün fərdi açıq apteklər şəbəkəsinə verilə bilər və bu arzuolunan haldır. Lakin bu halda müvafiq dərman preparatları xüsusi resept nüsxələri əsasında xəstələrə yalnız və yalnız ödənişsiz verilməlidir. Bu preparatların təminatçisı Dövlətimiz olduğundan, pandemiyanın davam etdiyi müddətdə onların açıq satışı yolverilməzdir, cinayətdir və qəti qadağan olunmalıdır.

 

Digər tərəfdən, test sınaqlarının özəl müəssisələrdə ödənişli olması da heç bir halda başa düşülən deyildir (sosial şəbəkələrdə bu haqda, harada daha ucuz aparılması haqqında elanlar da verilir; bu yolverilməzdir).

 

Axı hazırda “xüsusi strateji əhəmiyyətli vasitə” hesab olunan antiviral preparatları, eləcə də test dəstlərini heç bir özəl tibb müəssisəsi və ya apteklər şəbəkəsi fərdi maliyyə vəsaiti hesabına ala bilməz. Siz də bilin ki, hazırkı pandemiya şəraitində bu cür maddi dayanıqlıq və imkana yalnız Pfizer (ABŞ), Novartis (İsveçrə), Merck (ABŞ), Sanofi (Fransa), Roche Holdinq (İsveçrə), GlaxoSmithKline (Böyük Britaniya), Abbot labaratoriyası (ABŞ) kimi illik gəlir fondu 40-60 milyard dollar arasında olan, fövqəlgücə malik bu yeddi İrı Dərman Konsernlərinin tərkibindəki özəl tibbi müalicə və aptek satış birlikləri edə bilər. Söylədiklərimə İnsanlarda fərqli yanaşma olsa da, mən farmakoloqam və bu incəlikləri hər bir kəsdən daha yaxşı bilirəm. Bunun əksi, Antraktida da daxil olmaqla, dünyanın altı qitəsinin heç bir ölkəsində ola bilməz. Odur ki, COVİD 19-un əbədi olaraq tarixə qovuşması yalnız aşağıdakı şərtlər daxilində mümkündür:   

 

İstər PZR, istərsə də seroloji testlər bütün tibb müəssisələrində kütləvi, keyfiyyətli və təmənnasız aparılmalı, antiviral preparatlarla təminat ölkə ərazisində olan bütün aptekləri əhatə etməklə, ciddi nəzarətə götürülməli, yalnız xüsusi resept əsasında müraciət edən şəxslərə təcili, ödənişsiz və növbəsiz olaraq buraxılmalıdır.

 

Polis postları əvəzinə, COVİD 19-un erkən diaqnostikası üçün ekspress tibbi postlar qurulmalıdır və ölkədaxili hərəkət məhdudiyyəti götürülməlidir.  Bu halda hər şeydən əvvəl covid-li xəstələr 14 günlük evdəqalma- karantin şərtinə qeyri-şərtsiz əməl edəcək və yolunma ehtimalı sıfırlanacaqdır.

 

Son olaraq bildirmək istəyirəm ki, yoluxmanın hazırda müşahidə olunan azalması yalnız nisbi haldır. Onun mütləq yox olmasının isə yuxarıdakı şərtlər daxil yalnız iki yolu vardır: bunlardan biri kütləvi vaksinasiyadır. Lakin vaksinasiyanın yaxın aylarda bütün ölkə əhalisini əhatə edəcəyini düşünmək qeyri-reallıqdır. İkincı və əsas yolu yalnız Ölkə Başçısı- Ali Baş Komandanımıza müraciətdir. Gəlin, Allah xatirinə, bu müraciətə Siz də qoşulun:

 

Cənab Ali Baş Komandan, COVİD 19 insanlıq tarixində ən ağır olan  müharibə- III Dünya Müharibəsidir. Siz xalqın yeganə ümüdüsüz. Bu mübarizədə bütün komandanlığı üzərinizə götürün və xalqımızı bu bəladan qurtarın. Bunun üçün yalnız Sizin dəmir iradə və polad yumruğunuz lazımdır. Biz əminik ki, Siz polad yumruğunuzu stola vursaz, yuxarıda  söylədiklərim qeyri-şərtsiz olaraq icra olunacaq və düz 44 gündən sonra, Biz birlikdə qələbə paradını-  III Dünya Müharibəsi olan COVİD 19 üzərində qələbə paradımızı- qeyd edəcəyik. Dünya Ölkələri içərisində birinci olaraq.

 

Cənab Prezident, on milyon əhalinin hazırda ümüdsüzləşən 20 milyonluq gözü yalnız Sizə dikilibdir, ölməz Müşviqin dediyi kimi: işığa həsrət qalan kor işıq sevən kimi.  Qurtarın milləti bu bəladan. Vaxtı ilə tək Azərbaycanı deyil, Bizim əzəli Vətənimizin bir parçası olan Dağıstanımızı da traxoma, malyariya və dizenteriya kimi qorxunc infeksiyalardan qurtarmış babanız-  Bütün Qafqaz xalqlarının sevimlisi, məşhur professor və vətənsevər alim, Əziz Əliyev kimi, ananız, Bizim böyük müəllimimiz, Akademik Zərifə xanım Əliyeva və genetik kodunu daşıdığınız digər doğmanız olan tibb alimlərimiz kimi.

 

Bu yalnız Sizin gücünüz daxilindədir və xalqın yeganə ümüd və nicat yolu yalnız sizsiniz. Başqa seçim yolu yoxdur.

 

Musa Qəniyev

 

Professor

Tarix: 10 Yanvar 2021, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin