BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əli Kərimli, Cəmil Həsənli və AXC-Müsavat hakimiyyətində vaxtilə təmsil olunanlar...”

Post-müharibə mərhələsi yeni milli çağırışlar mərhələsidir. Bu təkcə quruculuq, böyük qayıdış, Qarabağın dirçəldilməsi, diplomatik müharibədə ayıq-sayıqlığın qorunması ilə məhdudlaşan çağırışlar deyil, həm də ən yeni siyasi tariximizin yenidən öyrənilməsi və siyasi sistemimizin obyektiv əsaslarda yenidən təşkili ilə bağlıdır. Çünki cəmiyyətimizin bundan sonrakı inkişafı məhz siyasi sistemimizin keyfiyyəti və onun struktur elementlərinin davranışları ilə şərtlənəcək. Ona görə də Vətən müharibəsində əldə etdiyimiz böyük tarixi qələbə siyasi sistemimizdə də bu qələbənin yaratdığı keyfiyyət dəyişikliklərini əks etdirməyi bacarmalıdır.

 

Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

 

O qeyd edib ki, 2020-ci ilin yekunları ilə bağlı keçirilən videoformatda müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məsələlərdən biri də məhz bu mövzu ilə bağlı oldu:

 

“Şübhəsiz ki, bu da təsadüfi deyildi. Çünki 2020-ci ilin naliyyətləri sırasında önə çəkilən məsələlərdən biri də parlament seçkilərindən sonra siyasi sistemimizdə yaranan yeni konfiqurasiya, dialoqa və əməkdaşlığa əsaslanan yeni siyasi mədəniyyət və bunun Vətən müharibəsində milli gücümüzə və həmrəyliyimizə verdiyi töhfələr idi. Təcrübə bir daha göstərdi ki, yaşadığımız mürəkkəb regionda və çətin tarixi mərhələdə milli maraqları yalnız və yalnız ümummilli səyləri səfərbər etməklə qorumaq mümkündür. Bütövlükdə Azərbaycanın siyasi sistemi əslində belə bir gücü nümayiş etdirməyi bacarsa da, sistemin autsayderləri kimi xarakterizə edə biləcəyimiz marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər. Tam əksinə düşmən dəyirmanına su tökməklə məşğul oldular. Doğrudur, onların bir qismi necə deyərlər gündəlik “siyasi ruzi” qazanmaq üçün belə davransalar da, digər bir qismi məqsədyönlü, ardıcıl və sistemli şəkildə Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, yəni əslində elə Azərbaycan xalqının maraqlarının əleyhinə fəaliyyət göstərdilər. Belə sistemli anti-azərbaycan fəaliyyətilə anti-milli şura məşğul oldu. Bu şuranın özəyini isə öz fəaliyyətləri ilə hələ ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının işğal olunmasına səbəbiyyət verən, siyasi sistemimizdə radikalizimin, dağıdıcılığın təməlini qoyan Əli Kərimli, Cəmil Həsənli və AXC-Müsavat hakimiyyətində vaxtilə təmsil olunanlar təşkil edir”.

 

Hikmət Babaoğlu qeyd edib ki, milli maraqlarımıza başqa bir istiqamətdən edilən hücumlar isə sosial şəbəkələr və internet resurslarında formalaşdırılır: “Onlar əslində vətəndaş mövqeyi nümayiş etdirən fəallar kimi təqdim edilsələr də fəaliyyətlərinə baxan zaman eyni bir mərkəzdən eyni məqsəd üçün təşkilatlandırılaraq idarə edildikləri aydın görünür. Təəssüf ki, onları təşkilatlandıranlar da, “sosial şəbəkə fəalları” edənlər də yenə Azərbaycanı sevməyən mərkəzlərdir. Ona görə də bu gün qarşımızda duran ən əsas çağırışlardan və fəaliyyət istiqamətlərindən biri də bu cür anti-azərbaycançı təşkilatlanmalara qarşı mübarizə aparmaq olmalıdır”.

Tarix: 12 Yanvar 2021, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin