BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinlə bağlı mühüm açıqlama: “Bəzi həkim və ziyalılar belə, şübhə ilə yanaşırlar”

Törədicisindən asılı olmayaraq, hər bir yeni yaranan infeksiyaya qarşı effektiv vaksinin hazırlanmasına, elmin hazırkı inkişaf səviyyəsində belə, 10  ilə qədər vaxt lazım olması həqiqətdir (məsələn, tarix baxımından ən tez hazırlanan vaksinlərdən biri- Ebola qızdırmasına qarşı olmuşdur ki, buna da 5 il vaxt lazım gəlmişdir).

 

Lakin COVİD 19-a yoluxma reseptor mexanizmlərlə  baş verdiyi və virusun genom strukturu məlum olduğuna görə, bu müddət COVİD-19 əleyhinə vaksinlərin hazırlanmasına aid deyildir. Vaxtı ilə bunu elmi cəhətdən əsaslandırıb, bu infeksiyaya qarşı effektiv vaksinin alınmasına illərlə zaman müddətinin tələb olunmaması haqqında söylədiklərim, hətta bir il keçməmiş belə, öz təsdiqini tapdı. Hazırda vaksinasiya kampaniyasına əksər ölkələrdə start verilmişdir.

 

Unutmaq olmaz ki, ilk dəfə hələ, XII əsrdə (1100-ci il) Çində aparılsa da, Avropa təbabətində tarixi 1721-ci ildən başlayan vaksinasiya, təbabət elminin xəstəliklər qarşısında, bütün tarixi dövrlərdə qazandığı ən böyük uğuru və qələbəsidir. Günümüzdə vaksinasiya hər il yer kürəsində 2 milyondan 3 milyona qədər insan həyatını ölümün pəncəsindən xilas edir. Artıq bir ilə yaxındır ki, COVİD-19 bütün dünyada insanlara elə bir psixoloji dəhşət yaşadır ki, insanlar tamamilə ümidsizləşib, hətta reallığa belə ehtiyatla, inamsız və şübhə ilə yanaşırlar. Sosial şəbəkələrdə və müxtəlif YouTube TV kanallarda fərqli İnsanlar vaksinasiyanın zərərli, hətta faciəli nəticələrə səbəb ola biləcəyi haqqında çıxışlar, paylaşımlar edirlər. Onlar bunu  yaymaqla, onsuz da əsəbləri tükənmiş insanlar arasında əlavə qorxu, gərginlik və ruhi sarsıntı yaradırlar. Hətta həyat amalı və peşəsi insanlara sağlamlıq bəxş edib, onları qorumaq olan bəzi həkim və ziyalılar belə, COVİD-19 əleyhinə vaksinə  şübhə ilə yanaşırlar.

 

İstəyirəm biləsiz və tam rahat olasız ki, hazırda  tövsiyə olunan COVİD-19 əleyhinə vaksinlərdən heç biri, alınma mənbəyi, alınma yolu və istehsalçısından asılı olmayaraq, fəsad və xüsusi müdaxilə tələb edən ciddi arzuolunmaz əlavə effektlərə səbəb ola bilməz (enzim patologiyası olan çox az sayda insanlar nəzərə alınmazsa; bu cür şəxslərdə, istənilən vaksin və ya dərman preparatlarına qarşı atipik reaksiyalar, hətta daha ağır nəticələr belə ola bilər). Vaksinasiya zamanı xüsusi diqqət tələb edən əlavə effektlərin minimal olmasının əsas şərti, şübhəsiz ki, vaksinin sterillik və təmizlik dərəcəsidir. Müasir texnologiya ilə hazırlanan COVİD 19 əleyhinə vaksinlərdə bunun nəzərə alınmaması, praktik olaraq qeyri-mümkündür. Odur ki, vaksinasiyadan qorxmaq və əks təbliğatın aparılması yolverilməzdir.

 

Sadəcə, hazırda yeganə məqsəd kimi, yalnız vaksinasiyanın kütləviliyi və ödənişsiz olunmasına çalışmaq lazımdır. Vaksinasiyanın guya zərərli ola bilməsi haqqında, bəzi əcnəbi mütəxəssis “alimlərin” apardığı təbliğat, ilk növbədə onun kütləviliyinə yol verməmək, yəni kapitalizm cəmiyyətinə xas olan spesifik xüsusiyyətlə-birbaşa maddiyyatla bağlı bir haldır. Zaman keçəcək və bütün dünyada vaksinlər özəl şirkətlərə həvalə olunmaqda, əsasən ödənişli aparılacaqdır. Bu halda sosial faciə və ümidsizlik yenə də tibbi sığotası oturuşmayan ölkələrdə yaşayan insanların payına düşəcəkdir. Bax onda, artıq əks təbliğat mexanizmi işə düşəcək və digər vaksinlər kimi  COVİD-19 əleyhinə vaksin də  “Panaseya” statusu alacaqdır. Yəni bu tarixlər boyu mövcud olmuş təbliğat mexanizmidir. Bundan baş çıxarmaq üçün, heç dərin düşünmək belə lazım deyildir. Sadəcə, hər birinizin evinizdə olan körpə uşaqlara aylar üzrə Dövlət Uşaq  poliklinikalarında ödənişsiz vurulan peyvəndlərin ümümi siyahısına və müxtəlif özəl müəssisə və apteklər şəbəkəsində bu peyvəndlərin qiymət fərqinə və fantastik satış qiymətlərinə baxın. Sinifli cəmiyyətdə bunu kimlərin və nə məqsəslə etdiyini axı Sizin hər biriniz çox yaxşı bilirsiz. 

 

Məlum səbəbdən istər təbliğat, istərsə də təşviqatla şüuraltı inandırılan insanların bu reallıqları bilməsi lazımdır və  bilməlidirlər...

 

Odur ki, mütləq vaksinasiya olunun və onun bütün vətəndaşlarımıza əlçatan olmasına çalışın. Çalışın və birlikdə çalışaq ki, bu bəlanı birdəfəlik tarixə qovuşduraq. Tarixə qovuşduraq ki, gələcəkdə yalnız tarix kimi xatırlansın, davam edən faciə kimi yox.

 

Musa Qəniyev

 

Professor

 

Tarix: 16 Yanvar 2021, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin