Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü

18 yanvar 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın iştirak etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq, ölkəmizə edilən növbəti səfəri, xüsusilə də bu çərçivədə işğaldan azad olunmuş ərazilərə səfərin edilməsini yüksək qiymətləndirib. On illiklərlə işğal altında saxlanılan ərazilərimizdə düşmən tərəfindən törədilən barbarlıq əməlləri ilə əyani şəkildə tanış olmaq, buradakı mövcud vəziyyətin, o cümlədən tarixi mədəniyyət abidələrinin durumunun dəyərləndirilməsi baxımından bu səfərin əhəmiyyəti vurğulanıb. Türk əməkdaşlıq təşkilatlarının Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi birmənalı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT TŞ qətnamələrinin icrasının təmin olunduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə bölgədə yeni reallığın meydana gəldiyi, eləcə də Azərbaycanın imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistan tərəfinin isə 10 noyabr birgə bəyanatına zidd olan əməllərinə diqqət yönəldilərək, bu xüsusda Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi qeyd olunub. Saxlanılan diversiya qrupunun 62 üzvünün atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyi və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.

Baş katib Bağdad Amreyev Azərbaycana edilən səfər çərçivəsində işğalda azad edilmiş torpaqlara baş çəkdiklərini və oradakı vəziyyətlə tanış olduqlarını qeyd edərək, bu ərazilərin bərpasına türk əməkdaşlıq təşkilatlarının cəlb olunması marağını ifadə etdi. Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini bildirən Baş katib Azərbaycanın qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu qeyd etdi.

Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparıldı.

Görüş zamanı, həmçinin Tük Şurası çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr edildi.

Tarix: 18 Yanvar 2021, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin