“Söhbət Rusiya sevgisindən deyil, reallıq və maraqlarımızdan gedir”

Mən daim deyirəm ki, Rusiya-Türkiyə tandeminin müharibə və müharibədən sonra Azərbaycan üçün faydası var. Əgər belə olmasaydı, ermənilər bu tandemi hədəf kimi seçməzdilər. Üstəlik buna qarşı Qərbdə də çıxış edənlər kifayət qədərdir.

 

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son zamanlar Türkiyə və Rusiya mediasında qarşılıqlı ittihamların müşahidə edilməsi, o cümlədən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiyanı “yumşaq tənqidi” haqqında danışarkən deyib.

 

Diplomat xatırladır ki, Türkiyə-Rusiya tandemi qardaşlıq və siyasi dostluq əsasında qurulan əməkdaşlıq formatı deyil:

 

“Əksinə, bu, balanslaşdırılan, hər tərəfin maraqların dinləyib qərar vermək imkanında olan əməkdaşlıq platformasıdır. Rusiya və Türkiyə arasında rəqabət davam edir. Sadəcə tandemin xüsusiyyəti budur ki, onların əlaqələrində ziddiyyətlər olmasına rəğmən, hansısa formada dil tapıb birgə qərar qəbul edə bilirlər. Bu, həm Suriya, həm Liviya, həm də Cənubi Qafqaza aiddir. Biz görürük ki, tərəflərin mövqeyi fərqlənir, amma bir qayda olaraq bu, açıq qarşıdurma və toqquşmaya gətirib çıxarmır. Sadəcə onlar hansısa mərhələdə ölçüb-biçib ortaq yol tapa bilirlər. Əslində Türkiyə-Rusiya tandeminin xüsusiyyəti budur. Əlbəttə, bu, diplomatik bacarıq, siyasi iradə tələb edən məsələdir. Üstəlik hər iki liderin - Rəcəb Təyyib Ərdoğan və Vladimir Putinin bir-birinə hörmət etməsi bu tandemin fəaliyyətində əhəmiyyətli rol oynayır. Amma aydındır ki, ziddiyyətlər, tənqidlər, maraq fərqliliyi olub və bundan sonra da olacaq. Həm də belə ziddiyyət yalnız Ermənistan-Azərbaycan münaqişəsində yoxdur. Diqqətlə baxsaq görərik ki, bu ölkələrin belə fərqli mövqeləri Suriya və Liviyada da özünü göstərib. Amma nəticə olaraq sonda hansısa ümumi razılaşma əldə edilib. Yəni bu tandem sonda hansısa qərarlar qəbul etmək imkanına malikdir”.

 

Tofiq Zülfüqarov xatırladır ki, kimisə bu tandemdən çıxarırsınızsa, tərəflər tək qalır:

 

“Başqa sözlə, bu formada əməkdaşlıq olmasa Türkiyə tək qalacaq. Bu halda Rusiya nə edəcək? Rusiya məcbur olub ermənilərin tərəfinə keçəcək. Əslində belə formatı saxlamaqda bizim məqsədimiz odur ki, özümüzə ziyan gətirəcək kanfiqurasiyalar yaratmayaq. Yəni söhbət Rusiya sevgisindən getmir, reallıqdan və maraqlarımızdan gedir. Əksinə, Rusiyanın Türkiyə ilə tandemdə olmasına nail olmaqla bir növ imkan vermirik ki, Rusiya siyasətində Ermənistana əsaslansın. Əslində ermənilər bunda maraqlıdır”.

 

Teleqraf

Tarix: 19 Yanvar 2021, 00:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin