BURADA REKLAMINIZ OLA
BİLƏR

Könül Nurullayev: "Azərbaycanın tam yeni, daha inkişaf etmiş siması yaranacaq"

"Son 17 il ərzində Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib".

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

 

Onun sözlərinə görə, yanvarın 18-də dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu zavodların işə düşməsi ilə sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qaldırılacaq: "Bu müəssisələrin yaradılması həm bu günün, həm də gələcək məsələlərin həllini təmin etməyə hesablanıb. Dövlət başçısının da qarşıya qoyduğu əsas vəzifələrdən biri bundan ibarətdir ki, Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmalıdır. Bunun üçün isə mütləq yerli və xarici investorların ölkəmizin gələcəyinə davamlı inamı olmalı, əlverişli investisiya mühiti qorunub saxlanmalıdır. Prezident İlham Əliyevin ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz halların məhz nəzarətsizlik ucbatından baş verdiyini xatırlatması bu sahədəki boşluqların aradan qaldırılmasını zəruri edir. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanda təmizləmə prosesi gedir və proses davam edəcək. Heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur. Bəzi yerlərdə torpaqların, su resurslarının zəbt edilməsi, insanların əlindən alınması, ədalətsiz şəkildə bölünməsi birmənalı şəkildə qəbulolunmazdır".

 

"Dövlət başçısının postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəflərə gəlincə, təbii ki, azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur. Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Burada mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulacaq, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilələcək. Bu gün - postmüharibə dövründə də Azərbaycana sərmayələr üçün yeni imkanlar açılır. Ümumiyyətlə, Azərbaycanda hər zaman əlverişli investisiya mühiti mövcud olub. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu imkanlar daha da genişlənir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Regionda məhz Azərbaycanın iradəsi sayəsində formalaşan sabitlik və təhlükəsizlik bölgədə imkanların genişlənməsinə əlavə töhfə verəcək. Ümumiyyətlə, münaqişə vəziyyətində də Azərbaycan investorlar üçün cəlbedici məkan idi. Lakin münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək. Beləliklə, işğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq və Azərbaycanın tam yeni, daha inkişaf etmiş simasını yaranacaq. Qələbə ilə başlayan 2021-ci il elə bütün sahələrdə inkişaf və qələbələrlə davam edəcək",- deputat bildirib.

Tarix: 21 Yanvar 2021, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin