Silahlı Qüvvələrdə törədilən cinayətlərin 99,5 faizi açılıb

Yanvarın 21-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

 

Hərbi Prokurorluqdan verilən məlumata görə, əvvəlcə kollegiya iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

 

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl və zamanı qabaqlayan siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik düşüncəsi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini cənginə alan koronavirus (COVID-19) pandemiyasına baxmayaraq 2020-ci ildə də dövlətimizin hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilmiş, eyni zamanda müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadəti nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub, bununla da ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 2020-ci ildə qeyri-neft sənayesi 11 faizdən çox, kənd təsərrüfatı 2 faiz artıb, eləcə də orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi də təmin edilib. Şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Təsadüfi deyil ki, planetimizin ən nüfuzlu aparıcı beynəlxalq qurumlarından biri olan Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutub. Bundan əlavə, Respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilib. Eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən dövlətimiz dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə beşinci yerdə, uzunmüddətli strategiyasına görə isə 10-cu yerdə qərarlaşmaqla bir çox ölkələri geridə qoyub. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycanın intibah dövrüdür.

 

Dövlətimizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində yüksək erudisiyası, iti zəkası, mükəmməl idarəçilik qabiliyyəti, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri, eləcə də saysız-hesabsız xeyirxah əməlləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev, bu nəcib insanın Respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətlərindən, eləcə də UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən danışıb.

 

Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edən Xanlar Vəliyev, bütün dünyanı bürüyən Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə aparılan effektiv mübarizəni xüsusi qeyd edərək, dünyanın bir sıra qüdrətli dövlətlərinin xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, Azərbaycanın pandemiyadan az zərər və minimal itki ilə çıxmasının müdrik rəhbərin mükəmməl siyasətinin, onun rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlərin, o cümlədən çoxsaylı yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsinin, tibb işçilərinin sayının və onların təminatının artırılmasının, eləcə də tibb xidməti səviyyəsinin yüksəldilməsinin və xalq-hakimiyyət vəhdətinin nəticəsi olduğunu bildirib. Vurğulanıb ki, ümumbəşəri bəla ilə mübarizədə prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları da istər vətəndaş, istərsə də prokurorluq əməkdaşı kimi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər.

 

Ölkədə gedən demokratik proseslərin prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən Hərbi prokuror bildirib ki, möhtərəm Prezidentin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun yeni, mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü başlanıb. Qısa müddət ərzində prokurorluqda, eləcə də hərbi prokurorluqda struktur və kadr islahatları həyata keçirilərək, prokurorluq orqanlarının müasir dövlət təsisatı kimi yenidən formalaşdırılması, o cümlədən dövrün tələblərinə adekvat uyğunlaşdırılması, fəaliyyətində şəffaflığın artırılması, işin çevikliyinin və səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb.

 

Dövlətimizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, son illər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla daha da zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi, “GlobalFirepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlanıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 27 sentyabrdan başlayan növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri öz gücünü və qüdrətini əyani şəkildə sübut edərək zəfərlərimizi və Vətən savaşındakı tarixi qələbəmizi təmin edib.

 

Millətinə xidməti həyat amalına çevirmiş dövlət başçısının xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Azərbaycanın son bir neçə əsrlik tarixinə ən uğurlu il kimi düşən ötən il müdrik rəhbər, peşəkar siyasətçi, mahir diplomat və yenilməz sərkərdə İlham Əliyev hərbi və diplomatik-siyasi yolla Azərbaycanın tarixi ərazilərini düşmən tapdağından azad etməklə, bu vədini də yerinə yetirib. Əldə etdiyimiz möhtəşəm qələbə ölkə başçının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

 

Hərbi prokuror Xanlar Vəliyev həmçinin bildirib ki, Vətən müharibəsi ərəfəsində ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror Kamran Əliyevlə birlikdə cəbhə bölgəsinə səfər ediblər. Qeyd olunub ki, ötən il Hərbi prokuror həm də əvvəlki illərdə olduğu kimi, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin müavini Kərim Vəliyevlə birlikdə isə Müdafiə Nazirliyinin tabeliyində olan cəbhə xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçirib.

 

Vurğulanıb ki, hər il olduğu kimi, ötən ildə də, o cümlədən məlum döyüşlər zamanı Hərbi Prokurorluğun rəhbər işçiləri, o cümlədən Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfərlər ediblər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hislərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılıb, verilən suallar ətraflı cavablandırılıb, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilib, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılıb.

 

2020-ci ilin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları üçün də uğurlu il olduğunu vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, əvvəlki illərdə olduğu kimi, Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub.

 

Hərbi prokuror qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

 

Qürur dolu 44 gün ərzində də hərbi prokurorluq orqanları əməkdaşlarının istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə xidməti vəzifələrinin icrası ilə bağlı üzərlərinə düşənləri layiqincə yerinə yetirdiklərini vurğulayan Hərbi prokuror bildirib ki, Vətən müharibəsi başladığı tarixdən işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılıb, ayrı-ayrı vaxtlarda Hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq gündəlik ortaya çıxan məsələlərin, bəzi hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həll olunması istiqamətində müvafiq zəruri tədbirlərin həyata keçirilməsini təmin ediblər. Belə ki, əməkdaşlar döyüş bölgələrində xidməti vəzifələrinin icrası ilə bərabər, müşahidələr aparmaqla, hərbi qulluqçuların qayğıları ilə maraqlanaraq, hər hansı nöqsan, çatışmazlıq və çətinlik aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində tədbirlər görüb, o cümlədən zəruri hallarda aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunmasını təmin ediblər.

 

Eyni zamanda hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilib, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunub. Qeyd olunanlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılıb, diqqət və qayğı göstərilib.

 

Sadalananlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib. Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

 

Ötən il xidməti vəzifələrini nümunəvi icra edən əməkdaşlar Baş Prokurorluq və Hərbi Prokurorluq üzrə verilmiş əmrlərlə müvafiq qaydada həvəsləndiriliblər. Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində də yüksək qiymətləndirildiyini və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 əməkdaşın, o cümlədən Hərbi Prokurorluğun 9 işçisinin Prezidentin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə müvafiq olaraq orden və medallarla təltif edilməsinin hər bir prokurorluq əməkdaşının böyük sevincinə səbəb olduğunu xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev hərbi prokurorluğun əməkdaşları adından dövlət başçısına dərin minnətdarlığını ifadə edərək, bunun həm də kollektivin üzərinə böyük məsuliyyət qoyduğunu və bundan sonra fəaliyyətin səmərəliliyinin daha da artırılacağını bildirib.

 

Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülmüşdür. Bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb.

 

Eyni zamanda 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

 

Bildirilib ki, ötən illərdə olduğu kimi, 2020-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmiş, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu qəbildən olan cinayətlərin aşkarlanması və qarşısının alınması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

 

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmişdir. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı cənab İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.

 

Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, ibtidai araşdırma və prosessual rəhbərliyin həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin effektivliyinin daim artırılması tələb olunub.

 

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmış, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

 

Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri və digər işçilər çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

 

Xalqın öz liderinə olan misilsiz məhəbbətindən bəhs etməklə kollegiyanı yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Tarix: 21 Yanvar 2021, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin