Aslan İsmayılov: “Murovda qulluq çəkənlərin tüpürcəyi yerə düşəndə çaqqıldayır”

“Bu ay Kəlbəcərdə, Şuşada, Laçında, Murovda ən ağır şəraitdə hərbi qulluq keçənlərin maaşı iki dəfə azalıb. Əvvəllər 1362 manat alan hərbiçilərimiz indi 753 manat maaş alacaqlar. Yəni bu gün Tovuz, Qazax sərhəddində olan hərbiçilərlə Murovda şaxtada donan, həyatları hər dəqiqə risk altında olanlar eyni məvacib alacaqlar, hərçənd ki, elə Qazax, Tovuzda olan hərbiçilərin də maaşları çox azdır. Bu addımı atanlar bilmirlər ki, bu dəqiqələrdə Murovda qulluq çəkənlərin tüpürcəyi yerə düşəndə çaqqıldayır. Bu barədə sosial şəbəkələrdə iki gündür yazılır və hələ də heç bir ağıllı cavab oxumamışam. Bu barədə qanun, yaxud heç olmasa Nazirlər Kabinetinin qərarını axtarsam da, heç nə tapa bilmədim. Qanundan başqa məntiq də yoxdur. Oxuduğum odur ki, indi pula qənaətə görə yenidən yoxlamalar gedir. Yəni bunlar lətifədə olan kimi dovşanın qulaqlarını üzüb sonra sayırlar ki, 3 olmasın. Qanundan başqa, məntiqlə də bu Şanlı Qələbədən sonra hərbiçilərin maaşları azalmalı yox, qaldırılmalı idi. Bu addım isə Vətən Müharibəsindən sonra ancaq hakimiyyətin əleyhinə atılmış növbəti addımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

Hüquqşünas bildirib ki, əgər səlahiyyətli şəxslər bu addımı pul çatışmazlığına görə ediblərsə onda ünvanı tam səhv salıblar: “Bir neçə ünvanı mən deyim. Əli Həsənov və bandasını oğurladıqlarını, Fatma Abdullazadə, Zakir Qaralov və digər məmurların dövlətdən götürdükləri bank kreditlərini büdcəyə qaytarın. Yaxud qənaət üçün indiki Baş Nazirin yaxınlarının vaxtilə Bakıda təmir tikintilərə xərclədiklərini, AZAL-ın sahibi Cahangir Əsgərovun dövlətə olan borclarını və xaricə yatırdıqları investisiyaların mənbəyini yoxlayın. Əminəm ki, sadaladıqlarımı və onun kimi yüzlərlə faktları ötəri yoxlasanız hərbçi maaşlarından yüz dəfə artıq pulları büdcəyə qaytararsınız. Mən hələ yüzlərlə Maliyyə və İqtisadiyyat nazirləri Samir Şərifov və Mikayıl Cabbarovun bildikləri mənbələri demirəm”.

Tarix: 23 Yanvar 2021, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin