“Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti daha da artıracaq” – Adil Əliyev

Nəhayət ki, uzun illərdən bəri ölkəmizlə Türkmənistan arasında mübahisə predmetinə çevrilən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə istismarına dair Anlaşma Memorandumu imzalandı və bu tarixi hadisə münasibətilə Azərbaycan ilə Türkmənistanın dövlət başçıları arasında videokonfrans formatında görüş keçirildi. İmzalanan sənəd bir daha göstərdi ki, Azərbaycan nəinki Cənubi Qafqaz bölgəsində, ümumiyyətlə dünyada sülhün və sabitliyin, ölkələr arasında dostluq və əməkdaşlığın ən böyük dəstəkçisidir. Ölkəmizin maraqlarına zidd olmadığı təqdirdə əməkdaşlıq və dostluq siyasətimizin əsas xəttidir.

 

Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

 

Sədr müavini qeyd edib ki, “Kəpəz” yatağının adı mübahisə doğurduğundan, imzalanan sənəddə tərəflər onu iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırmağı qərara alıblar. Hazırda “Dostluq” adlandırılan bu iri karbohidrogen yatağı ölkələrimiz arasında gündən-günə möhkəmlənən dostluğun, qardaşlığın və qarşılıqlı əlaqələrin bariz nümunəsi kimi çox dəyərlidir.

 

“Qeyd edək ki, Azərbaycan və Türkmənistan dövlət müstəqilliklərini qazandıqları vaxtdan etibarən iki dost ölkə arasında bu yataqla bağlı mübahisələr daim olub. Bu günlərdə imzalanmış müqavilə ilə həmin mübahisəyə birdəfəlik son qoyuldu. Müstəqillik dövründə Türkmənistan və Azərbaycan dövlət başçılarının 5 dəfə qarşılıqlı səfərləri olub. Həmin səfərlər zamanı 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində isə ümumiyyətlə 100-dən çox sənəd imzalanıb ki, onların yarısı son 3 ilin payına düşür. Hazırkı Anlaşma Memorandumu dostluq və əməkdaşlığa dair imzalanmış sənədlərin məntiqi yekunu oldu. Çünki həmin sənədlər və münasibətlər memorandumun bazisini təşkil etdi.

 

Bu anlaşma ölkəmizin geosiyasi mövqeyini də ön plana çıxarır. Belə ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 faizini təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada dördüncü yeri tutur. Lakin indiyədək bazara birbaşa çıxışlarının olmaması və qiymətlərin alıcı tərəfindən tənzimlənməsi Türkmənistanın resurslarından səmərəli istifadəyə imkan verməmişdi. Baxmayaraq ki, bu asılılığa son qoymaq məqsədilə Türkmənistan Çin və İran bazarlarına yol tapmışdı. İndi isə Türkmənistan Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanı əldə edəcəkdir”, - deyə Adil Əliyev vurğulayıb.

 

Sədr müavini qeyd edib ki, Türkmənistan resurslarının dünyaya ölkəmiz vasitəsilə çıxarılması bizim üçün də olduqca əhəmiyyətlidir. Belə ki, bütün dünyada neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti daha da artıracaq. Ölkəmizdə təbii qaz resursları TAP xətti vasitəsilə Avropaya birbaşa nəql edilir. Həmçinin Asiya qazının Avropaya ölkəmiz vasitəsilə çatdırılması ölkəmizi həm Avropada, həm də Asiyada çox böyük söz sahibinə çevirəcək: “Belə ki, bu günə qədər yalnız öz karbohidrogen ehtiyatlarımızı Avropaya çatdırsaq da, indi tranzit xətlər hesabına əlavə gəlirlər əldə edəcəyik. Bu isə geosiyasi mövqeyimizi möhkəmləndirməklə yanaşı, iqtisadi sahədə də əlavə gəlirlərin əldə edilməsinə zəmin yaradacaq.

 

Onu da qeyd edək ki, Azərbaycanla Türkmənistan beynəlxalq strukturlarda da daim bir-birini fəal surətdə dəstəkləyir. Ölkəmiz BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olmaqla yanaşı, Türkmənistan da, öz növbəsində, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib və öz dəstəyini ifadə edibdir. Habelə beynəlxalq təşkilatlarda ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənir.

 

Xəzər hövzəsində yaranmış bu dostluq mühiti bütün ölkələrə təsir edəcək və dövlətimizin daha sürətli inkişafına dəstək verəcək.

Tarix: 26 Yanvar 2021, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin