BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əvvəllər bizim də Rusiyaya münasibətdə sərt baxışlarımız var idi, amma...” – Fazil Mustafa

"Azərbaycanda “5-ci kolon” deyilən anlayış doğru deyil. “5-ci kolon” konkret olaraq hansısa bir ölkənin sifarişini yerinə yetirməlidir. Burada agentura şəbəkəsindən söhbət gedir. Bu şəbəkə ifşa olunub ortaya çıxarılmalıdır".

 

Pravda.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.

 

Deputat bildirib ki, bütövlükdə Azərbaycanın gələcəyi ilə bağlı əhval-ruhiyyələr bir qədər fərqlidir. Deputatın fikrincə, kimisi Rusiya ilə gələcəyin tənzimlənməsinə üstünlük verir, kimisi də Qərb və Türkiyəyə inteqrasiya yolu ilə, amma heç kimin modeli sınaqdan çıxmış model kimi görünmür: «Çünki hansı dövlət birinə yaxınlaşdıqca, digər dövlətlərlə düşmən olma ehtimalı yaranır. Ona görə də ağıllı yol hər biri ilə balansın düzgün qurulmasıdır. Biz bu müharibədə gördük ki, doğru balans quranda uğur qazanmaq olur. Bu baxımdan da mən bu ittihamları da artıq yorucu hesab edirəm. Kimsə kimisə bəyənmirsə, “sən satqınsan, sən xəyanətkarsan” deyir. Nə bilim Azərbaycanda bir sürü axmaq var ki, durub deyəndə ki, Elçibəyi satdınız, başa düşmək olmir ki, vəfat edəndən sonra niyə onu satmalıyıq. Tutaq ki, Əbülfəz Elçibəy vəfat edənə qədər bütün dəstəyimizi əsirgəmədik, həmişə bir yerdə olduq".

 

F.Mustafanın sözlərinə görə, siyasət ideyalar, fikirlər, görüşlərlə yürüyur: "Hansı yolu faydalı hesab edirsənsə, onu davam etdirirsən. Şəxslərə bağlılıq “ipi” yoxdur. Siyasətdə xalqın marağı və ona uyğun siyasət istehsal prinsipi etmək var. Bu havanı çox görmüşük. Azərbaycanda Rusiyanın, İranın, Qərbin gizli agenturası var. Onlar da Azərbaycanın əleyhinə istənilən tezisi qabarda bilirlər. Amma kimlər ki, konkret tarixi dövrdə çıxış yolunu hansısa dövlətlə münasibətlərdə görürlərsə, o başqa məsələdir. Əvvəllər bizim də Rusiyaya münasibətdə sərt baxışlarımız var idi. Amma Qarabağın azadlığı Rusiya ilə hansısa anlaşmadan keçirsə, mənim antirusiya mövqeyi tutmağım siyasətdə səfehlikdən başqa bir şey deyil. Məsələn, mən Türkiyə ilə münasibətlərin həmişə yaxın olmasını müdafiə edən bir mövqedəyəm. Elə məsələlər var ki, bizim istəyimizdən, iradəmizdən asılı olmayaraq baş verir. Vaxtilə Türkiyədə kimsə Rusiya ilə yaxınlaşırdısa, deyirdilər bu kommunistdir. İndi yaxınlaşana deyirlər ki, realistdir. Ona görə də siyasəti dinc müstəviyə gətirmək daha doğrudur".

Tarix: 27 Yanvar 2021, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin