BURADA REKLAMINIZ OLA
BİLƏR

“ADSL adlanan texnologiyadan istifadə edilmir” – Osman Gündüz

Azərbaycanda internetin sürət və keyfiyyəti ilə bağlı müəyyən problemlər hələ də var. Bu hal xüsusilə bölgələrdə daha çox müşahidə edilir. Bəs reallaşdırılması nəzərdə tutulan bir sıra yeni layihələrin mövcud internet üzərində qurulması mümkündür?

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Pravda.az-a açıqlamasında vurğulayıb ki, əgər Azərbaycanda internet problemi aradan qaldırılmazsa, bizim mövcud internet üzərində rəqəmsal tranformasiya, “ağıllı şəhər”, “ağıllı kənd” qurmağımız olduqca çətindir, qura bilməyəcəyik.

 

O bildirib ki, ölkəni əhatə edən böyük rəqəmsal transformasiyanı reallaşdırmaq üçün mütləq infrastruktur olmalıdır.

 

O.Gündüzün sözlərinə görə, ümumiyyətlə, telekommunikasiya və internet infrastrukturu elektron hökümət, “ağıllı şəhər”, “ağıllı kənd” quruculuğu üçün bünövrədir: “Doğrudur ki, Azərbaycanda internetin sürəti ilə bağlı problemlər var. Baxmayaraq ki, Azərbaycanda internetin yayılma dərəcəsi genişdir, yəni əhalinin 80%-dən çoxu internet istifadəçisidir, amma sual yaranır ki, internet nə dərəcədə böyük sürətlər əldə edir və böyük sürətlər əldə etməyə imkanı var? Əgər Bakı şəhərinin mərkəzində tamamilə problem yoxdursa və rayon mərkəzlərində müəyyən dərəcədə təmin olunubsa, Bakıətrafı kəndlər və rayon kəndləri barədə bunu deyə bilmərik. Rəsmi statistikaya görə, əhalinin təxminən 50%-i kəndlərdə yaşayır ki, bu da olduqca böyük radiusdur. Təəssüf ki, kəndlərdə və bəzən rayonlarda genişzolaqlı, keyfiyyətli internetə çıxış imkanı yoxdur. Nəzərinizə çatdırmaq istərdim ki, rayonlarda internet köhnə texnologiyanın üzərində qurulub. ADSL adlanan bu texnologiya telefon xəttinin üzərində olan internetdir və dünyada, artıq demək olar ki, bu texnologiyadan istifadə edilmir”,- deyə müsahib vurğulayıb.

 

O.Gündüz bildirib ki, vaxtilə cənab Prezident də internetin keyfiyyəti ilə bağlı məsələyə toxunub: “Bu baxımdan, hesab edirəm ki, keyfiyyətli internet problemini həll etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi səylər göstərməlidir. Özəl və dövlət provayderləri bir araya gələrək uyğun proqram təqdim etməli və müvafiq nazirlik də addım-addım bu proqramın icrasına başlamalıdır. Amma nəzərə almaq lazımdır, bu, bir-iki provayderin öhdəsindən gələ biləcəyi məsələ deyil, bütün özəl və dövlət provayderlərinin komplesləşdirilmiş layihəsi olmalıdır. Yəni yalnız “Aztelekom” regional provayderinin və ya “Bakutelekom”un resursları hesabına bu iş həyata keçirilsə, proqramın icrasının başa çatmasına onilliklər lazımdır.

Qeyd edim ki, belə bir proqram illər öncə təqdim olunmuşdu, sadəcə, maliyyə vəsaitinin çatışmazlığı ucbatından icrası mümkün olmadı. Hesab edirəm ki, yeni rəhbərlik bu məsələnin həlli üçün proqram tərtib etməli və icrası üçün maliyyə vəsaiti ayırmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 18 Fevral 2021, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin