BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Milli Uyğunlaşma Planı hazırlanır

Azərbaycanda iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Milli Uyğunlaşma Planı hazırlanır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyindən Pravda.az-a verilən məlumata görə, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və BMTİP-in Rezident nümayəndəsi Alessandro Frakassettinin Azərbaycanın iqlim dəyişmələrinə qarşı dayanıqlılığını artıracaq "Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək” layihəsinin başlanmasına həsr olunan tədbirdə bildirilib.

Üçillik layihə Azərbaycan hökumətinə üç prioritet sektor - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinə uyğunlaşması tədbirlərində dəstək olacaq.

Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi layihə hökumətin mövcud institusional, texniki və maliyyə potensialını gücləndirəcək, bu isə öz növbəsində orta və uzun müddətli iqlim adaptasiyası ehtiyaclarının Azərbaycanın milli inkişaf planlarına daxil edilməsini təmin edəcək.

Muxtar Babayev qeyd edib ki,  su sektoru ölkəmizin iqlim dəyişmələrinin təsirlərinə həssas olan sahələrdən biridir. Bu baxımdan  "Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək” layihəsi su ehtiyatlarının davamlı idarə edilməsinə və  kənd təsərrüfatında çevik həllərin tətbiqinə şərait yaradaraq iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmağa yardım edəcək.

BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti layihənin iqlim dəyişmələrinə dayanıqlılığı formalaşdırmaqda və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında oynadığı rolu xüsusilə qeyd edib: “Bu strateji layihə ölkənin ən həssas icmalarına iqlim dəyişmələrinin təsirləri ilə ayaqlaşmağa, eləcə də öhdəsindən gəlməyə dəstək olacaq. Layihə insanlara iqlim dəyişmələrinə qarşı dayanıqlı təsərrüfatlar qurmağa və ölkənin Paris Razılaşması və Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərinə nail olmasına kömək edəcək”.

Son illər ərzində nazirlik və BMTİP iqlim dəyişmələri,  torpaqların  və meşələrin idarə olunması, biomüxtəliflik və digər sahələr üzrə bir sıra birgə layihələr həyata keçirib.

Hazırda ETSN və BMTİP yerli əhali üçün içməli su ehtiyatlarının qorunması məqsədilə Xocəsən gölü ətrafında salınmış yaşıllıqların suvarılması üçün damcılı sistemin quraşdırma işlərini yekunlaşdırır. 

Tarix: 26 Fevral 2021, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin