BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətiyyətli, prinsipial, özünə əmin Prezident – 4 saatlıq dərs

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyaya səs saldı. Konfransı dünyanın tanınmış media qurumları geniş işıqlandırdı. Mətbuat konfransı üçün zaman dəqiq seçilmişdi. Həmin gün Xocalı faciəsindən 29 il ötürdü. Dövlət başçısı diplomatik gediş edərək dünyanın diqqətini bu məsələyə yönləndirə bildi. Cənab prezident “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrini əbəs yerə səsləndirməyib, əməli ilə bunu sübut etdi.

 

Təsəvvür edin, dövlət başçısı 4 saatdan artıq müddətdə 35 media qurumunun 50-dək sualını cavablandırıb, özü də ətraflı, su belə, içmədən... Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal dedi ki, “Mən 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.

Xəbərlər: Jurnalist İlham Əliyevə: “Mətbuat konfransının uzunluğuna görə  siz artıq dünya rekorduna imza atmısınız” – - Kanal 8

Bu, həm də Prezidentin Qarabağ məsələsinə necə ciddi yanaşmasını göstərir.

 

Prezident İlham Əliyev təxribat xarakterli suala da tutarlı cavab verdi. Bildirdi ki, sual varsa, cavab verməyə hazırdır. Bu, özünə əminliyin göstəricisidir.

 

İranlı jurnalist “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını ünvanlayıb. Prezident əvvəlcə “sualı” aydınlaşdırmaq istəyib: "Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?" Jurnalist deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”. Dövlət başçısı bildirib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə. Təəssüf edirəm ki, dost ölkədən olan bir jurnalist belə bir sual verir. Torpaqların azad olunması əməliyyatında heç bir terrorçu adlandırdığınız insanlar iştirak etməyib. Bunu bizim ordumuz edib. Bu, sadəcə Azərbaycanı ittiham etməkdir. Xahiş edirəm sualınızda daha məsuliyyətli olun”.

Təbii ki, jurnalist o sualı özbaşına verməyib, mümkündür ki, təşkil edilsin. Prezident isə sərrast cavabı ilə məsələyə nöqtə qoydu.

 

Ali Baş Komandan tarix yazmaqda davam edir.

 

Ölkə rəhbəri azərbaycanlı əhalinin Qarabağa qayıtmasından, o cümlədən mühüm əhəmiyyət kəsb edən Xankəndi məsələsinə də toxunub. Prezident qayıdışın mərhələli şəkildə həll ediləcəyini bildirdi. Bəzi hallada sosial mediada Xankəndi, Xocalı, Xocavənd məsələsi qabardılır, Prezident bir daha bu məsələyə münasibət bildirdi: “Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi perspektivi də anlamaq lazımdır. Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”. Bu qədər sadə...

Bəzən kənardan asan görünə bilər, amma elə deyil, addım atılanda ölçülüb-biçilir. Beynəlxalq təzyiqlər buna nümunədir, təbii ki, ikili standartlar, qərəzli yanaşmalar var. Amma Ali Baş Komandan bunların hamısını yüksək peşəkarlıqla dəf etdi. 44 günlük Vətən Müharibəsində Ermənistan kapitulyasiyasına aktına imza atıb. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun şücaəti ilə 30 illik həsrətə son qoyulub, əzəli torpaqlarımız işğaldan azad edilib. Xalq danışıqlardan bezmişdi, torpaqların işğaldan azad edilməsinə ümid etmirdi. Dövlət başçısı da hər dəfə bildirirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, sülh variantı alınmazsa, hərb variantı işə düşə bilər. Belə də oldu, müharibə başladı, “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləşdik, torpaqlarımızı azad etdik. Dövət başçısının dediyi kimi, münaqişə, artıq yoxdur. Regionda yeni reallıq yaranıb, Ermənistan bunu qəbul etməlidir, inkişaf etmək istəyirsə, ərazi iddialarından, revanşizmdən əl çəkməlidir. Ermənistanda ölkədaxili məsələ göz özünündədir, sabitlik pozulub, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Belə olan halda, hansı baş qaldırmaqdan söhbət gedə bilər. Baş qaldıracaqlarsa, “dəmir yumruq” başlarını əzəcək.

İndi bizim üçün əsas məsələ milli birliyimizi qoruyub saxlamaqdır. Prezident xalqa arxalanır. Mətbuat konfransında qalib, özünə əmin, qətiyyətli dövlət başçısını gördük. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlarımız davamlı olacaq. Konfrans həm də 4 saatlıq dərs idi... Qətiyyətli, prinsipial, özünə əmin Prezidentin müdriklik dərsi... Bu konfrans hələ uzun müddət müzakirə olunacaq.

 

İlkin Pirəli

 

“Pravda.az” xəbər portalının baş redaktoru

Tarix: 1 Mart 2021, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin