BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar: Prezident mesaj verdi ki, ağlınızı başınıza yığın, “dəmir yumruq” hələ qüvvədədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Prezident jurnalistlərin sualları cavablayarkən bir sıra vacib məsələlərə toxunub və dünya ictimaiyyətinə önəmli mesajlar verib.

 

Milli Məclisin deputatları mətbuat konfransı ilə bağlı fikirlərini bölüşüblər.

 

Deputat Elman Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev sual verən tərəflərə, onların təmsil etdiyi ölkələrə və ümumiyyətlə, beynəlxalq ictimaiyyətə mətbuat konfransında sanki siyasət, hüquq, tarix, dövlətə rəhbərlik qaydaları və beynəlxalq münasibətlərdən dərs keçdi: “Bu, vətəndaş kimi məni də sevindirən, qürurlandıran haldır. Xüsusilə dövlətlərarası münasibətlər olmaqla, Prezidentə bütün sahələr üzrə suallar ünvanlandı. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı, vəziyyəti ilə bağlı da münasibət bildirildi. Ermənistan tərəfə və bu gün onlara dəstək verən, fəlakətə sürükləyən müəyyən qüvvələrə mesajlar verildi ki, ağlınızı başınıza yığın, “dəmir yumruq” hələ qüvvədədir və daha güclüdür, elə etməyin ki, bu yumruq bir daha işə salınsın. O cümlədən, Ermənistana xüsusi mesaj verildi ki, əgər ayıq başla düşünə bilsəz, uzun illər sürən murdar düşmənçilik, işğalçılıq niyyətlərindən əl çəksəz, siz də bir dövlət kimi normal inkişaf edib yaşaya bilərsiz. Əks təqdirdə, sizin gələcəyiniz yoxdur. Bütün suallara cənab Prezident tərəfindən geniş şəkildə izah cavab verildi, hətta İranlı jurnalistə irad da tutuldu, təxribatçı qrupla bağlı verilən suallara aydınlıq gətirildi və s. Beləliklə, hesab edirəm ki, Prezidentin 4 saatlıq mətbuat konfransı beynəlxalq səviyyəli tədbir idi”.

 

Parlamentin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Prezident İlham Əliyevin mətbuat konfransı dünyaya bir növ siqnal idi ki, ehtiyatlı olun, erməni xəstəliyi sizə də yoluxar və sizi də fəlakətə aparar: “Mətbuat konfransı zamanı ölkədə, regionda və ümumən bütün dünyada baş verən bir sıra hadisələr dünyanın siyasi iqtisadi mədəni mənzərəsi fonunda qiymətləndirildi. Hesab edirəm ki, bu konfransın təşkili son dərəcə əhəmiyyətli hadisə idi. II Qarabağ savaşı zamanı da dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin sualları Prezident İlham Əliyev tərəfindən cavablandırılırdı. Həmin müsahibələr həm də söz müharibəsi, diplomatiya müharibəsi idi. Azərbaycan Ermənistanla bağlı məsələləri dünyaya çatdırmaq üçün belə tədbirləri ardıcıl təşkil etməlidir. Bu konfransın Xocalı soyqırımının ildönümündə keçirilməsi həm də simvolik bir məna daşıyırdı və erməni vandalizmi konfransda da bir daha vurğulandı. Bütün bunlarla yanaşı, Prezident hazırda regionda gedən bütün prosesləri, Ermənistanın öz cinayətkar əməllərini davam etmək cəhdlərini, yenidən bölgədəki vəziyyəti gərginləşdirmək istəyini, Azərbaycanın bu məsələdə necə haqlı və səbrli mövqe tutduğunu yenidən sübut etdi. Bildirildi ki, bizim əslində dinc ermənilərlə heç bir problemimiz yoxdur. Həmçini Prezident onu da vurğuladı ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə normal, sabit qonşuluq münasibətlərindən keçir. Əgər başqa cür olarsa, Ermənistan yenidən zərbə alar və onun dövlət kimi mövcudluğu sual altına düşər”.

 

Partiya sədri qeyd edib ki, Azərbaycan Prezidenti bu dialoq ilə özünün yüksək intellektini və siyasətçi bacarığını, dünyada baş verən prosesləri necə dəqiqliklə izlədiyini bir daha nümayiş etdirdi: “Mətbuatda xüsusi vurğulanır ki, konfrans 4 saatdan çox və 4 dildə davam etdirilib. Həqiqətən də bu, çox böyük göstəricidir. Prezident bütün suallara olduqca təmkinlə cavab verirdi və aydın sezilirdi ki, tamamilə işin içindədir, işin bütün məntiqini və ardıcıllığını bilir. Bu, son dərəcə müdrik siyasət adamının dialoqu idi. Rusiya mətbuatını tez-tez oxuyuram, qeyd olunur ki, İlham Əliyev dünyanın 10 ən yaxşı siyasətçilərindən biridir. Hesab edirəm ki, bu və bunun kimi deyilən bütün tərifli sözlərdə haqlıdırlar, çünki bu konfransdakı çıxış da deyilən bütün xoş sözləri təsdiqləyir. Təəssüflər olsun ki, bu gün erməni xəstəliyi sanki Avropanın, Qərbin xəstəliyinə çevrilir. Doğrudan da, bioloji cəhətdən belə bir erməni xəstələyi mövcuddur. Bunu daha çox Aralıq Dənizi xəstəliyi adlandırırlar ki, bu, erməni xislətidir. Koronavirus dünyaya yayılan kimi erməni xəstəliyi də növbəti pandemiyaya çevrilir. Bu dünya üçün növbəti təhlükədir. Bu baxımdan Prezident İlham Əliyevin mətbuat konfransı dünyaya bir növ siqnal idi ki, ehtiyatlı olun, bu xəstəlik sizə də yoluxar və sizi də fəlakətə aparar. Çünki dünya yalan və böhtanla, fitnəkarlıq, soyqırım istəyi, qonşulara düşmənçiliklə yaşaya bilməz”.

 

Deputat Nizami Cəfərov qeyd edib ki, 4 saatdan çox davam edən konfrans zamanı bu gün Azərbaycanı narahat edən elə bir problem olmadı ki, dövlət başçısı cavablamasın: “Azərbaycanın ərazi bütövlüyünün qorunması məsələsindən başlamış, ölkəmizin bugünkü dünyada, beynəlxalq münasibətlərdəki yerinə qədər bütün əhəmiyyətli mövzulara toxunuldu. Ümumiyyətlə, konfransda əhəmiyyətli məqamlar, faktlar çoxdur. Fikrimcə, bəlkə zaman-zaman azacıq belə olsa mühabisəli və müəmmalı qalan bütün məsələlərə dünya miqyasında cavab verildi. Bu göstərdi ki, Azərbaycan dünyaya açıqdır və bütün məsələləri müzakirələr yolu ilə həll edə bilir. Ermənistandan fərqli olaraq, Azərbaycan ortaya çıxan problemləri illuziyalardan uzaqda, tam gerçək və realist baxışlarla həll edir. Bu, Azərbaycanın milli siyasətinin müasirliyini, bizim dünya görüşümüzü bir daha dünyaya çatdırdı. Həmçinin dünya şahidi oldu ki, baş verən hadisələrin gedişatı bütün miqyası ilə Azərbaycan Prezidentinin nəzarətində, hətta bilavasitə ixtiyarındadır”.

 

Nəzrin Cavid

Tarix: 1 Mart 2021, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin