BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın Ermənistana dəstək vermək marağı yoxdur” – Tofiq Zülfüqarov

Ermənistanda siyasi natarazlıqdan boğaza yığılan ermənilər baş nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar keçirir, dövlətidarəetməsində olan rəhbərlər bir-birlərini istefaya çağırır, mitinqlər təşkil edilir və s. Yəni qısaca Ermənistanda vəziyyət “ruscadır”. “Demokrat lider” Paşinyan siyasətdə Qərb modeli yaratmaq istəsə də, xunta rejimi rəhbərləri (“Sarkisyanlar və Köçəryanlar”) buna mane olurlar.

 

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistanın hazırki siyasi durumunun əsas məzmununu şərh edib və fikirlərini Pravda.az ilə bölüşüb: “Hesab edirəm ki, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişi onu göstərir ki, Ermənistan cəmiyyətində elə bir sifariş var ki, ölkədə qərbyönlü siyasət daha güclü olmalıdır və köhnədən qalma Rusiyanın təsirindən çıxıb özünə Qərb düşərgəsində yer tapmalıdır. Bu baxımdan, Ermənistandakı toqquşmalar iki konsepsiya, iki idealogiya əsasında baş verir və artıq bəllidir ki, qərbmeylli siyasət daha güclüdür. Əslində, Ermənistanın başqa yolu yoxdur, çünki onlar başa düşürlər ki, indiki dövrdə Rusiya onlara nə investisiya yatırar, nə də texnologiya verə bilər. Bu addımların hər biri onların öz dövlətçiliklərini qorumaq üçün atılan addımlardır. Çünki son onilliklərdə onların əhalisi, demək olar ki, 2 dəfə azalıb və bu baxımdan mövcud demoqrafika problemini həll etmək, böhrandan çıxmaq, dövləti saxlamaq üçün onlara Qərbin köməyi çox vacibdir”.

 

Sabiq nazirin sözlərinə görə, ermənilər indi reallığa yaxın siyasət yürütməyə məcburdurlar.

 

“Onlar uzun müddət öz potensiala deyil, məhz Rusiyanın dəstəyinə əsasən siyasət yürüdüblər. Rusiyanın regionda Ermənistana dəstək vermək marağı isə, artıq yoxdur . Rusiya istəmir ki, real iqtisadi partnyor olan Azərbaycanla düşmənçilik etsin. Bu dəyişikliklər qeyd olunan səbəblər ucbatından baş verib və qaçınılmazdır. Ermənilər də bunu hiss etdikləri üçün yeni siyasi istiqamətə meyl ediblər. Əlbəttə ki, qonşuluğumuzda iqtisadi-siyasi və sosial cəhətdən normal dövlətin mövcudluğu, heç bir ərazi iddiaları olmayan, təxribatlar həyata keçirməyən qonşuluq siyasətini yürüdə bilən bir dövlətin olması bizə sərf edir. Bəlkə də, bu, təkcə Azərbaycanın deyil, həmçinin erməni xalqının da marağıdır ki, onlar siyasi aventüralardan uzaqlaşsınlar və real problemlərlə məşğul olsunlar”, Tofiq Zülfüqarov deyir.


Nəzrin Cavid

Tarix: 2 Mart 2021, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin