BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli İnsanov “səssiz rejim”ə keçib

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov son zamanlar “səssiz rejim”ə keçib. Azadlığa çıxdıqdan sonra alovlu açıqlamalar verən, aktiv siyasətlə məşğul olan sabiq nazir ötən ilin yayından etibarən çox nadir hallarda görünür.

 

Onun partiyasının da nə işlə məşğul olduğundan çoxları xəbərsizdir. İnsanovun aktivliyinin “yox olması”nın səbəbləri barədə müxtəlif versiyalar önə çəkilir, ehtimallar səsləndirilir.

 

HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli isə deyilənlərlə razılaşmır: “Bu cür yanaşmaları subyektiv hesab edirəm. HƏP yeni yaranmış bir partiyadır və hazırda təşkilatlanma ilə məşğuldur. Artıq 60 rayonda yerli təşkilatlarımızı qurmuşuq. Hədəfimiz bütün rayonlarda bunu həyata keçirməkdir. Toplantılarımız keçirilir və baş verən proseslərə operativ reaksiyalarımız olur. Digər partiyalarla əlaqəli şəkildə fəaliyyət göstəririk. Gündə bir neçə internet telekanalında çıxış etmək fəallığın əlaməti deyil. HƏP funksioneri olaraq, verilişlərə dəvət alıram və orada partiyanın mövqeyini ifadə edirəm. Cəmiyyətə barış və sülh platforması təklif etmişik. Bir sıra ideyalar irəli sürmüşük və bu mətbuatda səslənib. Partiya kifayət qədər aktiv şəkildə fəaliyyət göstərir. Bəlkə də digər siyasi qurumlardan fərqli olaraq ən üst səviyyədə təşkilatlanma işi ilə məşğul olan partiyayıq. Martın sonlarına doğru Ali Məclisin sessiyası keçiriləcək. Hər halda, proseslərin düz içərisindəyik və hər bir prosesi diqqətlə izləyirik. Azərbaycanın gələcəyinə iddialı olan partiyalardan biri HƏP-dir. Bunu hər kəsin, dostlarımızın bilməsində bir fayda var”.

 

Z.Məmmədli heç bir siyasi qurumla aralarında məsafə saxlamadıqlarını da söylədi: “Biz çağırılmayan yeri dar etmirik, çağırılan yerdə də öz ədəb-ərkanımızı qoruyuruq. Açığı deyim ki, sizin müşahidənizdə bir qərəz hiss edirəm. Əli İnsanova yönəlik münasibətdə onun əleyhinə olan münasibət hiss edirəm. Pandemiyanın yaratdığı şərtlər var və kütləvi toplantıların keçirilməsi mümkün deyil. 10 nəfərdən artıq toplanma qadağandır. Bir dəfə cərimə ödədim. Siyasi məsələlər olsa da, bunu ictimailəşdirmədik. Məsələlərə Əli müəllimin özünün doğru yanaşması var. Ola bilsin ki, bu yaxınlarda nüfuzlu kanallardan birində partiyanın mövqeyini ifadə edəcək. Amma hər gün kanallarda görünmək ola bilər ki, siyasi fəallığın bir detalı olsun, amma əlaməti deyil”.

 

HƏP Ali Məclisinin sədri partiyanın qarşıdakı hədəflərini də açıqladı: “Hakimiyyətin indiki siyasəti qaneedici deyil. Milli maraqlarımız təhdid olunur. Eyni zamanda idarəetmədə çox ciddi qüsurlar var. Faktiki olaraq, hakimiyyətin çevrəsi milli maraqlarımızı tapdalamaqla məşğuldur. İndiki zamanda, təklifimiz milli etimad hökumət ideyası ilə bağlı olub. Birlikdə müzakirələr aparıb, durumu izah edib, bunu həyata keçirmək mümkündür. Milli maraqlarımızı təhdid edən amillərə qarşı cəmiyyətin bütövlüyünü təmin edə bilərik. İqtidardan müxalifətin mövqeyinə sağlam yanaşmasını gözləyirik”.

 

Sonda müsahibimiz Ə.İnsanovun son aylarda mətbuatda görünməməsi ilə bağlı deyilənlərə belə cavab verdi: “Əli müəllimin müsahibəsi üçün darıxanlar varsa, narahat olmasınlar. Çox güman ki, bu həftə müsahibə olacaq”.Musavat.com

Tarix: 2 Mart 2021, 11:17   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin