BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın Tarix İnstitutu etiraz etdi: Azərbaycan dövlətini hədəf alan başlıqlar verilir

Sosial şəbəkələrdə mart ayının 3-4-də erməni dağlığı və bitişik ərazilərin xalqlarının xristian tarixi-mədəni irsinə dair beynəlxalq veb-simpozium keçirilməsi haqqında məlumat yayılıb. Simpoziumun adı ilə tanışlıq məqsədyönlü şəkildə tarixi həqiqətin təhrif edilməsi haqqında ilk təəssürat yaradır. Nə tarixi, nə də coğrafi baxımdan belə bir ad və ərazi yoxdur.

 

Bu barədə Pravda.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutundan məlumat verilib.

 

Qeyd olunub ki, bu tədbirin təşkilatçıları, mövzuları və iştirakçılarının siyahısı isə bu təəssüratı daha da dərinləşdirir: “Məlumatda təşkilatçılar kimi Avropanın erməni ittifaqı forumu (İsveçrə), Eçmiədzin monastırı, Vyana klubu-Panavropa Siyasi-iqtisadi analiz və proqnozlar mərkəzi-Sülhün müdafiəsi alyansı (Slovakiya) təqdim edilir. Simpoziumun keçirilməsinə dair xülasə və məqsəd onun elmilikdən daha çox siyasi və ideoloji platforma olduğunu təsdiq edir. Bu informasiyanın erməni dililə yanaşı, rus və ingilis dillərində yayılması isə iştirakçılar ilə birgə, kənardan da daha çox diqqəti cəlb etməyə hesablanıb. Veb-simpoziumun sədrləri, məsul katibləri, təşkilat komitəsinin üzvləri nəinki erməni, o cümlədən dünyanın bir sıra ölkələrindən olub, ermənipərəst mövqeyi ilə tanınan bir çoxlarını eyni foruma toplayaraq, vahid mövqedə birləşdirmək və daha təsirli görünmək istəyini ifadə edir. Veb-simpoziumun mövzuları ilə tanışlıq onun müəyyən edilmiş adının əsil məqsədini ortaya çıxarır və mahiyyət etibarı ilə anti-Azərbaycan ideyasını göstərir. Bu simpozium elmi etika bir tərəfə, hətta siyasi-ideoloji əxlaqın da elementar tələblərini pozaraq, orada nəzərdə tutulan çıxışlara məqsədyönlü şəkildə istiqamət verir. Birinci mövzu kimi Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması və Azərbaycan ilə əlaqə təqdim olunur. Burada xalqların (talışlar, udinlər, ləzgilər və b.) tarixi, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan tarixinin saxtalaşdırılması adı ilə əvvəlcədən müəyyən edilmiş fikirlər təlqin olunur. İkinci mövzuda isə xristian abidələrinin mühafizəsi adı ilə yenə də Azərbaycan tarixini, bu pərdə altında Azərbaycan dövlətini  hədəf alan başlıqlar verilir. Bu simpozium erməni və ermənipərəst qüvvələrin revanşist dairələrinin anti-Azərbaycan mübarizəsində yeni bir cəbhə açmaq niyyətini ortaya qoyur. Bu həm də onunla təsdiq olunur ki, simpoziumda Azərbaycan tarixi, onun bir sıra fundamental problemləri mövzuya çevrildiyi halda, Ermənistan Tarix institutu orada geniş təmsil olunur, AMEA-nın Tarix institutundan isə mütəxəssislər dəvət edilmir. Bu, əslində məhz veb-simpoziumun təşkilatçılarının birtərəfli qaydada müzakirələr açmaq yolu ilə  saxtalaşdırıcının kimlər olduğunu göstərir.  AMEA Tarix institutu bütün bunları nəzərə alaraq, veb-simpoziumun təşkilatçılarına öz etirazını bildirəcək, Azərbaycan tarixinin təhrif edilməsinə qarşı  beynəlxalq alyans formalaşdırılması əleyhinə prinsipial mövqeyini ortaya qoyacaq, onun baslıca müddəalarını  həqiqi elmi platformalarda daima ifadə edəcəkdir. Ən qısa zamanda bu simpoziumun anti-elmi məqsədlərinin əksinə olaraq, Azərbaycan həqiqətlərini əks etdirəcək müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan dövlətinin multikultural siyasəti, Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sədaqəti, burada yaşayan bütün xalqların həm tarixən, həm də müasir dövrdə Azərbaycan dövlətçiliyi naminə sarsılmaz birliyi bu həqiqətlərin əsas qayəsini təşkil edir.

Tarix: 2 Mart 2021, 23:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin