BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan minalanmış ərazilərin xəritəsini niyə vermir? – Deputatdan AÇIQLAMA

“Azərbaycan tərəfi bu məsələ ilə bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət etməlidir ki, onlar xəritəni təqdim etməsi üçün Ermənistanı məcbur etsinlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, ümumiyyətlə, Ermənistan tərəfi onlarda minalanmış ərazilərin xəritəsinin olub-olmadığını heç vaxt elan etməyib: “Rusiyanın hərbi dairələri hərbi cəhətdən onlardan asılı olan Ermənistana qəti şəkildə bildirir ki, belə bir xəritənin olmaması mümkün deyil. Çünki Ermənistandakı hərbi sistem NATO sistemi deyil ki, birbaşa Rusiya hərbi sisteminin tərkib hissəsidir. Rusiyanın hərbi sisteminə əsasən isə, bütün minalanmış sahələrin hətta alay səviyyəsində belə xəritələri tərtib olunur. Ola bilər ki, kimsə özbaşına mina basdırar, yəni belə hallar istisna olunmur. Biz bu sahələrin əksəriyyətinin bilərəkdən minalanmış sahələr olduğunu çox yaxşı bilirik, erməni tərəfi əraziləri guya müəyyən müdafiə məqsədilə minalayıb. Deməli, xəritə ekspertlərinin də bildirdiyi kimi, minalanmış ərazilərin xəritəsi mövcuddur.

Hesab edirəm ki, biz bu məsələ ilə bağlı Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT-nin müvafiq qurumlarına, eyni zamanda Ermənistanın üzvi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməliyik ki, Ermənistanı xəritəni təqdim etməsi üçün məcbur etsinlər. Çünki bu, həm hərbi, həm də humanizm məsələsidir”.

 

T.Kərimli həmçinin qeyd edib ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalanmış sahələrin xəritəsi, çox ehtimal ki, vaxtında təsdiq edilmiş xəritələrdir: “Xəritələrin orjinallığını yoxlamaq üçün həmin xəritələrin də ekspertizası keçirilə bilər. Müəyyən edilə bilər ki, xəritələr sonradan tərtib olunub, yoxsa həqiqidir. Həmin xəritələrdə qeyd olunan əraziləri uçuş aparatları vasitəsilə də yoxlamaq olar ki, bu ərazilərdə mina basdırılıb yoxsa yox, bunu müəyyən edə bilən xüsusi dronlar var”.

 

Nəzrin Cavid

Tarix: 3 Mart 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin