BURADA REKLAMINIZ OLA
BİLƏR

"Peyvəndlə bağlı qəbul edilən sənəd Azərbaycanın növbəti uğurudur" - Deputat

“Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul etməsi Azərbaycanın uğurudur. Bu, həm də beynəlxalq ədalətin təmin edilməsidir”.

 

Bunu Pravda.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

 

V.İskəndərov qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatında təmsilçiliyi bu təşkilatın nüfuzunu artırıb: “Əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ən yadda qalan tarix olacaq. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirdi ki, “Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq. Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm". Martın 5-də də Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib. Bu, Azərbaycanın uğurudur, həm də beynəlxalq ədalətin təmin edilməsi üçün birgə mübarizədir. Pandemiya qlobal problemdir, bütün dünyanı ağuşuna alıb. Belə vəziyyətdə ən çox ziyan çəkən yoxsul və inkişaf etməkdə olan ölkələrdir. Şahidi oluruq ki, inkişaf etmiş ölkələr peyvəndlə bağlı məsələdə imkanı zəif olan ölkələri unudurlar. Sanki, dünya iki cəbhəyə bölünüb, mübarizə gedir. Bəzi ölkələrin vaksini əldə etmələri üçün imkanları var, yoxsul, inkişaf etməkdə olan ölkələrdə isə bu imkan yoxdur. Azərbaycan da buna etiraz edən ilk ölkələrdən biri oldu, ədalətin bərpa edilməsi üçün əlindən gələni etdi. Qoşulmama Hərəkatının qərarı digər ölkələrə təsir edəcək, onlar, yəqin ki, müəyyən dəyişikliklərə gedəcəklər. Burada təbii ki, əsas ölkəmizin, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycan bütün məsələlərə ədalətli yanaşmanın tərəfdarıdır. Pandemiya kimi qlobal bəladan xilas üçün birgə mübarizə aparmaq lazımdır”.

 

Qeyd: Qəbul edilən kommünikedə Qoşulmama Hərəkatı (QH) üzv ölkələri beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin olunması məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında mövcud olan qeyri-bərabərliyə diqqət yönəldilib. QH üzvləri COVID-19 virusunun sürətli yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsi, yoxsulluğun artımı ilə əlaqədar ciddi narahatlıq ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində QH-nin oynadığı önəmli rolu vurğulayıblar. COVID-19-a cavab olaraq QH Kontakt Qrupunun yaradılması və 4 may 2020-ci ildə zirvə görüşünün keçirilməsi, habelə zirvə görüşünün qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və QH-nin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablamdırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd olunub.

 

Büro üzvləri COVİD-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90% əksəriyyəti yüksək və orta gəlirli ölkələrdə cəmləşmiş, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıblar.

 

QH Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.

 

Əlaqələndirici Büronun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın QH sədrliyinin önəmli töhfəsidir.

 

Kənan

Tarix: 7 Mart 2021, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin