BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Avtobusa SMS göndərəndən sonra minsən də, yoluxa bilərsən, göndərmədən minsən də…”

Son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında ciddi artım müşahidə edilir. Vəziyyətlə əlaqədar olaraq aprelin 5-dən etibarən ölkəmizin orta ümumtəhsil məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılır. Növbəti günlərdə isə SMS icazə sisteminin tətbiq ediləcəyi, bir sıra qapanmaların reallaşacağı ilə bağlı ehtimallar sosial mediada müzakirə obyektinə çevrilib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda virusun yayılma mənbələri ilə bağlı ciddi araşdırmaya ehtiyac var.

 

Onun sözlərinə görə, dünya trendinə də nəzər salanda görürük ki, virusun yayılma alqoritmi, müəyyən aktivləşmə dövrü var: “Ümumdünya Səhiyyə Təşkilatının yaydığı rəsmi məlumatlara əsasən, 2 həftə bundan öncə dünyada ümumi yoluxma sayı sutka ərzində 400 mindən aşağı idisə, ötən gün bu rəqəm 658 minə yüksəlib. Yəni dünyada da təxminən 2 dəfə artım müşahidə edilir. Birmənalı olaraq bilməliyik ki, SMS icazə sistemi virusdan qorumur. Bizi virusdan qoruyan yalnız müxtəlif tədbirlərdir. Dəfələrlə elan olduğu kimi, sosial məsafənin qorunması, qapalı məkanlarda tibbi maskalardan istifadə etmək, dezinfeksiya olunmaq və s. Avtobusa SMS göndərəndən sonra minsən də, yoluxa bilərsən, göndərmədən minsən də. Yeri gəlmişkən, deyirdilər ki, yoluxmalara daha çox ictimai nəqliyyatdakı sıxlıq səbəb olur. Lakin bildiyiniz kimi, bayram günlərində tam 9 gün ictimai nəqliyyat işləməsə də, həmin günlər də kəskin artım müşahidə edilirdi. Bu, onu deməyə əsas verir ki, virusun yayılma mənbələri ilə bağlı ciddi araşdırmaya ehtiyac var”.

Ekspertin sözlərinə görə, məktəblərdə əyani dərslərin dayandırılmasının məntiqini bir sıra səbəblərdən anlamaq mümkündür: “Məktəblər, yəqin ki, 2-3 həftəlik qısa müddət üçün bağlanılıb. Uşaqlar adətən simptomsuz xəstələr olurlar. Amma istənilən halda onlar yoluxduqları zaman evdəkiləri də yoluxdura bilirlər. Bu baxımdan, əyani dərslərin dayandırılması məntiqlidir. Ümumiyyətlə, keçən ilin mart-aprel aylarında sərt qapanmanın dünyada da, Azərbaycanda da bir məntiqi var idi. Çünki virusu öyrənmək lazım idi, xəstəxanalarda çarpayı sayı artırılmalı, yeni xəstəxanalar inşa edilməli idi. İndi sərt karantin tətbiq edilməsinin heç bir mənası yoxdur”.

 

Natiq Cəfərli vurğulayıb ki, SMS icazə sisteminin müddəti artırılaraq tətbiq ediləcəyi halda məhdudiyyətin heç bir mənası qalmayacaq: “Onsuz da rəsmi iş icazəsi olanlar portaldan qeydiyyatdan keçəcəklər, digərləri isə SMS icazə ilə çölə çıxacaqlar. Yaz aylarında immunitetin artması üçün şərait var. Bu səbəbdən insanları evə qapamaq lazım deyil”.

 

Ekspert həmçinin qeyd edib ki, qapanmalara gedildiyi halda Azərbaycan hökuməti 190 manatla bağlı qərarlar verməli olacaq.

 

“Azərbaycanda ciddi sosial, iqtisadi və işsizlik problemləri var və sərt karantinin tətbiqi bu problemlərin dərinləşməsinə səbəb ola bilər. Belə olan halda sosial məsələlər yenidən gündəmə gələcək və Azərbaycan hökuməti işsizliklə bağlı vətəndaşlara ödəniş etməli olacaq. Sual yaranır, dövlət büdcəsi buna hazırdırmı?! - N.Cəfərli əlavə edib.

 

Nəzrin Cavid

Tarix: 2 Aprel 2021, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin