BURADA REKLAMINIZ OLA
BİLƏR

"Digər sahələr fəaliyyət göstərdiyindən valideynlər işdə, uşaqlar evdə olurlar, bu da çətinlik yaradır"

“Tədris müəssisələrindən başqa digər bütün fəaliyyət sahələri işlədiyi üçün, nəticədə valideynlər işdə, uşaqlar evdə olurlar. Belə olan halda təhsilalanlar əlavə çətinlik çəkirlər. Hesab edirəm ki, ənənəvi dərslər dayandırılarkən bu məsələ xüsusilə nəzərə alınmalı idi. Bu, birmənalı şəkildə tədrisin keyfiyyətinə mənfi təsir göstərəcək”.


Bunu Pravda.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.


Ekspert bildirib ki, həmçinin dərslərin onlayn qaydada keçirilməsi o qədər də effektli deyil: “Cari ilin fevralın 1-də ənənəvi tədris qismən və mərhələləri şəkildə bərpa ediləndə onsuz da yenidən bağlanma riski var idi. Çünki təhsil müəssisələri kütləvi hərəkətin olduğu yerdir və eyni zamanda, ölkənin, demək olar ki, ən çox insan olduğu sahəsi təhsil sahəsidir. Ölkədə koronavirusa yoluxma statistikası artdıqca tədris prosesinin məhz təhlükənin qarşısını alınması üçün formatının qismən dəyişməsi gözlənilən idi. Amma etiraf edək ki, bu, heç də doğru mübarizə üsulu deyil. Hər dəfə yoluxma azalanda məktəblər açılır, yoluxma artan kimi isə qapanmanın olması, təbii ki, təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərən amil hesab edilə bilər. Beləliklə, aprelin 5-dən etibarən ölkənin beş bölgəsində tədris prosesinin yenidən distant formaya keçirilməsi şagirdlər üçün çətinliklər yaradacaq. Bu, qaçılmaz və danılmazdır. Çünki ölkədə şagirdlərin hamısının dərslərdə iştirak etmək üçün texniki cihazları yoxdur. Əvvəllər sərt karantin rejimi olduğundan ölkədə, demək olar ki, digər fəaliyyət sahələrinin işçiləri də işləmirdi. Bu səbəbdən, əksər valideynlər evdə olurdular və uşaq onların telefonlarından, kompüterinlərindən istifadə edirdi. İndi isə vəziyyət fərqlidir. Digər fəaliyyət sahələri işləyir, nəticədə valideynlər işdə, uşaqlar evdədirlər. Belə olan halda uşaqlar əlavə çətinlik çəkirlər. Hesab edirəm ki, ənənəvi dərslər dayandırılarkən bu məsələ xüsusilə nəzərə alınmalı idi. Bu, birmənalı şəkildə tədirisin keyfiyyətinə mənfi təsir göstərəcək”.


Kamran Əsədov hesab edir ki, Azərbaycanda hələ də distant təhsil haqqında qanunun qəbul edilməməsi, məsafədən təhsilin hüquqi bazasının olmaması çox çətinliklər yaradır: “Fikrimcə, artıq yeni formatda tədris siyasətinə keçməliyik. Təhsilalmanın hüquqi statusu dəyişməlidir. Gələcəyin təhsilalma forması kimi məsafədən təhsilin yeni mexanizmi birmənalı şəkildə hazırlanmalıdır. Postpandemiya dövründən etibarən tamamilə yeni təhsilalma formasını görəcəyik. Yəni Azərbaycan da daxil olmaqla, bütün dünyanın təhsil sistemində yeni mərhələ - yeni qiymətləndirmə və yeni tədris üsulları yaranacaq”
Təhsil eksperti həmçinin vurğulayıb ki, budəfəki qapanma uzunmüddətli olmayacaq: “Nəzərə alsaq ki, ölkədə artıq böyük qisim təhsil işçisi vaksinasiya olunub, biz ümid edə bilərik ki, qısa müddətdə ənənəvi tədrisi bərpa edə bilərik. Eyni zamanda, artıq təhsil sahəsində çalışan bütün şəxslər yaşından asılı olmayaraq vaksinasiya olunacaqlar. Bunların hər biri qısa müddətdən sonra bizim normal tədris prosesinə qayıtmağımıza imkan verəcək”.
Qeyd: Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Nəzrin Cavid

Tarix: 6 Aprel 2021, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin