BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə İrəvana qayıtmayaq?”

“Türkiyə və qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı, hesab edirəm ki, düzgün ifadə tapmısınız – ağılsızlıq. Yəni, XXI əsrdə olduqca məhdud imkanlara malik, əhalisinin normal yaşayış standartlarını güclə təmin edən bir ölkə özündən ərazi baxımından 10 dəfə böyük və özündən 100 dəfə qüdrətli ölkəyə qarşı ərazi iddiası irəli sürür. Ancaq bu, yenə də onların psixologiyası ilə bağlıdır. Onlar hesab edirlər ki, bütün dünya onlara hər şeyi borcludur. Həmin psixologiya isə onları hazırkı alçaldıcı vəziyyətə salmışdır. Lakin yenə də hesab edirlər ki, hər kəs onlara kömək etməlidir. Bəlkə də məlumatınız var, rəsmi Ermənistan hakimiyyəti bağlı qapılar arxasında müzakirələr zamanı Avropa İttifaqını onlara lazımi dəstəyi verməməkdə ittiham edib. KTMT-yə, NATO-ya qarşı yaradılmış təşkilata üzv olan Ermənistan NATO-nu onlara kömək etməməkdə ittiham edir. Onlar Rusiyanı da günahlandırırlar ki, onlara yardım etməyib. Onlar özlərindən başqa hər kəsi ittiham edirlər. Onlar problemin məhz onlarda olduğunu dərk edə bilmirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda sualı cavablandırarkən deyib.

 

Dövlət başçısı bildirib ki, Ermənistana olan ən böyük təhlükə özlərinin psixologiyasıdır: “Bu, dəyişməlidir və bəlkə o zaman bizim onlara verdiyimiz çox ağrılı dərs reallığı dərk etmək üçün dönüş nöqtəsi olacaq. Onlar anlamalıdırlar ki, əgər sən özünü müstəqil ölkə adlandırırsansa, o zaman xalqının qüruru sənin əlindədir və sən xalqını müdafiə etməlisən. Bu gün Rusiya və Belarus arasında ittifaq dövlətləri münasibətləri var. Bildiyim qədər bu gün Ermənistanda bəziləri bu haqda danışırlar. O zaman bayraqlarını endirsinlər, başqa ölkənin quberniyasına çevrilsinlər və həmin ölkə onları qorusun. Bu, sizin dediklərinizə əlavədir. Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Biz köhnə torpaqlar uğrunda yeni müharibənin necə olduğunu onlara göstərdik. Tonoyan isə işdən qovuldu. Bu, bizimlə bu tərzdə danışa biləcəyini hesab edən hər kəsə dərsdir. Biz müharibə zamanı lazım olanı etdik. Biz düzgün hesab etdiyimiz həddə qədər getdik və lazım olandan artığını etmədik. Anlayıram ki, bəzi azərbaycanlıların Ermənistan ərazisinin bir hissəsinin qədim Azərbaycan torpağı olması fikrini səsləndirdiklərini çox diplomatik şəkildə təqdim etdiniz. Yəqin ki, siz burada məni nəzərdə tutursunuz. Mən bunu başa düşürəm və olduqca nəzakətli davranışınıza görə təşəkkür edirəm. Bu sualı verdiyinizə görə də sizə təşəkkür edirəm. Çünki bu mövzu da Ermənistanda siyasi manipulyasiya məqsədlərində istifadə edilir. Yəni, mənim ərazi iddialarım var. Xeyr, bu, belə deyil və mən bunu ictimai şəkildə bəyan edirəm. Lakin, eyni zamanda, biz tarixi bilməliyik. Mən gənc nəsillə bağlı dediklərinizlə də razılaşıram ki, bəzən gənc nəsil tarixi bilmir. Hətta bizim nəslə belə saxta tarix öyrədilib. Mən məktəbdə təhsil alarkən bizə qəhrəman kimi təqdim edilənlər, əslində, cinayətkarlar idi. Məsələn, Azərbaycan xalqını qətlə yetirən 26 Bakı komissarı. Bizi öyrədirdilər ki, onlar qəhrəman idilər və vətənimizi xilas etmişdilər. Əslində isə Şaumyan və digərləri cinayətkar idilər. Onlar burada qırğınlar törədib, azərbaycanlıları qətlə yetiriblər. Belə nümunələr çoxdur. Beləliklə, biz bu nəslin reallıqlardan bixəbər olmasını istəmirik. Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Bir daha bu suala görə təşəkkür edirəm. Bu sual məsələyə aydınlıq gətirməyə və öz mövqeyimi ortaya qoymağa imkan yaratdı. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.

Tarix: 14 Aprel 2021, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin