BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Xalq artisti Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

 

Pravda.az xəbər verir ki, nekroloqda deyilir:

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.

 

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

 

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

 

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

 

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

 

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

 

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

 

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

İlham Əliyev

 

Mehriban Əliyeva

 

Əli Əsədov

 

Sahibə Qafarova

 

Samir Nuriyev

 

Eldar Əzizov

 

Fərəh Əliyeva

 

Anar Kərimov

 

Emin Əmrullayev

 

Şəfiqə Məmmədova

 

Anar Rzayev

 

Fərhad Xəlilov

 

Azər Paşa Nemətov

 

Oqtay Mirqasımov

 

Rasim Balayev

Tarix: 16 Aprel 2021, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin