BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayə mənzillərin satışının təxirə salınmasının səbəbi açıqlandı - YENİLƏNDİ

İpoteka və Kredit Zəmanət Fondu aidiyyətı təşkilatlarla birlikdə “Elektron ipoteka və kredit zəmanət sistemi”nin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası üçün zəruri tədbirlər həyata keçirir.

 

Pravd.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

 

Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

 

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

 

Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.

 

***

 

11:56

 

Kirayə mənzil mexanizminə müraciətlərin qəbulu texniki təkmilləşdirmələrlə bağlı müvəqqəti təxirə salınıb.

 

Pravda.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılıb.

 

Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

 

Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin aylıq minimal ödənişləri Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq.

 

Ümumilikdə ilkin mərhələdə 331 mənzil təklif olunur. Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla  http://mcgf.az/menu/202 linkinə keçid vasitəsilə tanış ola bilərlər.

 

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Tarix: 22 Yanvar 2020, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin