Reklam

“Sanki milyarder Bill Qeytsin Fatma xalanın və yaxud Mamedin çiplənməsinə ehtiyacı var” - Aslan İsmayılov

“Son günlər qonşu Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçdi, Rusiyada vəziyyət ordan da bərbaddı. Hər iki ölkədə Hindistan ştammı sürətlə yayılır. Nəzərə alsaq ki, hər iki ölkə ilə sərhədlərimizin açılması gözlənilir vəziyyətin bizdə də pisləşəcəyi qaçılmazdır. Bura iyulun 1-dən toylara və digər kütləvi tədbirlərə icazə verildiyini də hesablasaq artıq hamı narahat olmalıdır. İsrail dünyada ilk dəfə koronavirusa tam qalib gəldiyini elan etsə də son günlər yoluxanların sayı kəskin artmağa başladı və hakimiyyət yeni qadağalar tətbiq edəcəyi anonsunu verdi. Əsla insanları qorxutmaq, panika yaymaq fikrim yoxdur. Ancaq hamı anlamalıdır ki, bu virus qısa zamanda bitən deyil və biz bununla hələ bir müddət yaşamağa öyrənməliyik. Bunun üçün isə dedi-qodulara yox, elmi əsaslanmaları, dünyada baş verənləri öyrənməli və maariflənməliyik. Əks təqdirdə, yeni kütləvi yoluxmaya və bunun nəticəsi olaraq xəstəxanalarda yer çatışmazlığı və yeni-yeni karantin qadağaları ilə üzləşməli olacayıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov xatırladıb ki, bir neçə gün bundan əvvəl peyvəndlənmə zamanı baş verən biabırçılıqla bağlı sosial şəbəkədəki yazısına gələn şərhlər hamını ciddi narahat etməlidir: “Bəziləri bilərəkdən, yaxud bilməyərəkdən peyvəndlənmənin lazım olmadığını tirajlayırlar və bu zaman elə dəlillər gətirirlər ki, insan təəccüb edir. Bu gün hər məlumatın qısa zamanda əldə edilməsi imkanı olmasına baxmayaraq bəziləri bu gün də cahil, qaraguruh insanların fikrinə güvənir və peyvəndlənmənin "hanısısa qrupun oyunu" olduğuna inanırlar. Bütün dünyanın varlı, tanınmış, vəzifəli insanlarının peyvəndləndiyi, Almaniyadan bəzilərinin ucuz başa gəldiyinə görə təyyarə ilə Rusiyaya uçub peyvənd qəbul edib geri döndüyü bir zamanda bizimkilərin bəziləri peyvəndin insan həyatı üçün təhlükəli olduğu, sonsuzluq yaratdığı və ağlasığmayan digər bəhanələriylə peyvəndlənməkdən imtina edirlər. Sanki milyarder Bill Qeytsin bizim Fatma xalanın, yaxud da Mamedin çiplənməsinə ehtiyacı var. Nəhayət ki, hamı anlamalı və ətrafına təbliğ etməlidir ki, bütün dünya bu bəladan qurtulmaq üçün peyvəndlənməkdən başqa yolun olmadığını qəbul edir və artıq İsraildə 16-yaşından yuxarı olanlara da peyvənd olunmaq təklif edilir...”

Tarix: 24 İyun 2021, 07:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin