BURADA REKLAMINIZ OLA
BİLƏR

“Borcumu yerinə yetirdim, onun qisasını aldım” - Xoyskinin nəticəsi

44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin lideri və qurucularından biri, AXC-nin ilk Baş naziri Fətəli xan Xoyskinin həyatda olan yeganə varisi, nəticəsi Murad Hüseynovdur.

Müharibədə iştirak etmək Murad Hüseynov üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki o, müharibəyə həm də ulu babasının qisasını almaq məqsədilə gedib. Tarixdən də bildiyimiz kimi, Fətəli xan Xoyski erməni milliyətçisi Aram Yerkanyanın Tiflisdə arxadan açdığı güllə ilə qətlə yetirilib.

Sentyabrın 28-dən Səfərbərlik Xidmətinin çağırışıyla döyüşlərə qatılan və dekabrın 12-də ordudan tərxis edilən M. Hüseynov döyüşlərdə babasının qisasını ala bilib.

Döyüş xatirələrini bölüşən qəhrəmanımız müharibə haqqında müxtəlif zamanlarda düşündüyünü, ancaq buna tam olaraq hazır olmadığını vurğulayıb: “Döyüşlərdə iştirakı özümə borc bilirdim, ancaq buna tam olaraq hazır deyildim. Ən azından ulu babam Fətəli Xan Xoyskinin qanını yerdə qoya bilməzdim. Bu, mənim borcum idi. Mən də borcumu yerinə yetirdim və qisasımı aldım.

Cəbrayıl, Füzuli, Şuşa və Laçın əməliyyatlarında iştirak etmişəm. Bu günlərdə Prezident tərəfindən “Laçının azad olunması” medalı ilə təltif edilmişəm. Medalla təltif edilməyimdən heç xəbərim də yox idi, işdəydim, mənə bu barədə iş yoldaşım məlumat verdi.

Müharibə zamanı ilk növbədə, ailəm haqqında düşünürdüm. Ona görə də hər bir hərəkətimi, addımımı qabaqcadan fikirləşirdim. Düşmən gülləsinə məruz qalmaq istəmirdim. Artilleriyada qumbaraatanın köməkçisi işini icra edirdim.

Əsgər yoldaşlarımızdan biri şəhid oldu, 6 nəfər isə yaralandı. Bəlkə o anlar yadımızdan çıxmaz. Ancaq onların dediklərini, yaxud sözlərini affekt vəziyyətində olduğundan xatırlaya bilmərəm. Qalan məqamlarda çalışırdıq ki, özümüzü toparlayaq və başladığımız işi sona kimi çatdıraq.

Mənim iki qız övladım var. İstəyirdim ki, sağ-salamat evimə qayıdım, onların gülən üzünü görüm. Həm də valideynlərim də yaşlıdır, evin tək övladıyam. Ən azından bu sınaqdan sağ-salamat qayıtmağı arzulayırdım.

Mənəvi və psixoloji cəhətdən isə şəhid olmağa hazır idim. Müharibə loteraya kimi bir şeydir. Sən deyə bilməzsən ki, bir saniyədən sonra başına nə iş gələcək. Çünki düşmən tərəfindən minamyot hücumlarının atəşinə  davamlı məruz qalırdıq.

Hələ ki, mənə müharibə veteranı statusu verilməyib. Amma deyiblər ki, verilməlidir”.

Ailəli və iki qız atası olan M. Hüseynov ulu babası F. X. Xoyski ilə qohumluq əlaqələrindən də danışıb. O bildirib ki, nənəsi Xoyskya Nina Timofeevnanın həyat yoldaşı Murad Xoyski Fətəli Xan Xoyskinin oğludur: “Xoyskinin nəslindən Türkiyədə, Gəncədə  yaşayan şəxslər də var. Onların hamısı yaşlıdırlar. Anam Tamara Hüseynova Muradovna müəllim işləyib, atam Fərhad Hüseynov isə rəssamdır. Hər ikisi də hazırda təqaüddədir.

Mən ulu babam barəsində çox oxumuşam. Oxuduğum kitablardan və kimlərinsə sözündən özüm üçün babamın portretini hazırlamışam. Deyə bilərəm ki, bu günə kimi onun kimi insan görməmişəm. Onun siyasi düşüncələri, yaşayış tərzi indiki zamanda adama çox qəribə gəlir. Bu insan hər şeydən əl çəkərək Vətəni və milləti haqda düşünüb.

İndiki dövrdə isə adam çalışır ki, özü üçün şərait qursun. Ancaq Fətəli Xan Xoyski xalqını, millətini düşünən insan olub.

Mən hörməti və savadı özüm qazanmışam. Valideynlərim məni oxudublar, bu yaşa çatdırıblar, tərbiyə veriblər. Ulu babamın Xoyski olduğunu biləndə isə bu, mənim üçün əlavə üstünlükdür. Deyirlər ki, Xoyskinin nəticəsidir. Çox məclislərdə məni nümunə kimi gətirirlər, bildirirlər ki, onun davamçısıyam, əlbəttə ki, bu, mənim üçün bir şərəfdir.

Babamın yaşadığı dövrlə bizim dövr arasında çox fərqlər var. Onun qarşısına qoyduğu məqsədlərlə mənim məqsədlərim fərqlidir. Ancaq yenə də çalışıram ki, ən azından bu dövlət və millət üçün xeyirli, yadda qalan insan olum. Desinlər ki, həyatda belə bir insan da var idi”.

Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 3 İyul 2021, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin